№ 12 Bakı şəhəri, 28 yanvar 2016-cı il
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” üzrə:
1.1. 33.7-ci bəndin ikinci cümləsində “Şikayətin” sözü “Bu Qaydaların 33.8-ci bəndinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 33.8-ci bənd əlavə edilsin:
“33.8. Şikayətin verildiyi hallarda, şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.
2. Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə:
2.1. 9.4-cü bəndin ikinci cümləsində “Şikayətin” sözü “Bu Qaydaların 9.4-1-ci bəndinə əsasən zərərin ödənilməsi haqqında çıxarılmış qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 9.4-1-ci bənd əlavə edilsin:
“9.4-1. zərərin ödənilməsi haqqında çıxarılmış qərardan şikayətin verildiyi hallarda, ödənilmənin dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri