Qarabağ uğrunda gedən döyüşlərdə siyəzənlilər də iştirak ediblər. Vətənin ağır günlərində döyüşlərə atılan onlarca gənc torpaqlarımızın bütövlüyü yolunda şəhid olub.
Rayonun Sədan kəndinin 3 şəhidi var: Elman Rəhimov, Ərirza Səfərov və Eldar Eldarov. Onların xatirəsi sədanlılar üçün çox əzizdir. Şəhidlərin ailələri həmişə diqqət mərkəzindədir. Belə ailələrə vaxtaşırı baş çəkilir, qarşılaşdıqları problemlər araşdırılır və həll edilir.
Şəhidlərin ad günlərinin də anılması ənənə halını alıb. Bu günlərdə şəhid Eldar Eldarovun anadan olmasının 43 illiyini kənd ziyalıları qeyd etdilər. Eldar Eldarov yeddi bacının bir qardaşı idi. Hərbiçi olmaq istəyirdi. 1990-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərindəki Hərbi İnşaatçı Komandirlər Məktəbinə qəbul olunmuşdu. O, 1992-ci ilin mayında Azərbaycana qayıdıb təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirir. Məktəbi bitirərək leytenant rütbəsi alır, təkərli və tırtıllı texnika üzrə mühəndis peşəsinə yiyələnir. Bir müddət “N” saylı hərbi hissədə bölük komandiri kimi fəaliyyət göstərir. 1994-cü ilin yanvarında cəbhənin qaynar nöqtələrindən birində bölük komandiri kimi xidmətini davam etdirir. Döyüş yolu Füzulidən Kəlbəcərin Murov dağına kimi uzanır.
Ailəsi ilə görüşə gələndə Sədan kənd orta məktəbində cəbhə bölgələrində vuruşan əsgərlərlə keçirilən tədbirdə də iştirak edib. Bu onun son gəlişi oldu. Mayın 12-də Murovda, Ömərdağ uğrunda gedən döyüşlərdə ağır yaralandı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı. Ənənəyə uyğun olaraq, şəhidlərin hər birinin ad günündə, anım mərasimlərində üçünün də məzarı ziyarət edilir, hər üçü xatırlanır, yad edilir. Hər birinin həyat yolu örnək göstərilir. Onlar gənclərin yoluna şölə saçan çıraqdır.
İsmayıl MURADZADƏ,
Siyəzən rayonu, Sədan kəndi