Alternative content

13:41 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:04 08.04.2012

 

Elektrik enerjisindən müqavilə əsasında istifadə edir və elektrik enerjisi haqqını vaxtlı-vaxtında ödəyirəm. Elektrik idarəsinin əməkdaşları yaşadığım evə gələrək mənim barəmdə akt tərtib etmiş və orada tərəfimdən elektrik enerjisindən istifadə qaydalarının pozulduğunu göstərmişlər. Məhkəmədə həmin aktın etibarsızlığı ilə bağlı iddia qaldırmaq istəyirəm. İddiama hansı məhkəmədə baxılmalıdır?

 

D.Məmmədzadə

 

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 1-ci bəndi ilə enerji təchizatı müəssisəsi - xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir; məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

Qaydaların 4.1-ci bəndinə görə enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1 - 5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Sizinlə bağlanmış müqavilə qaydalara əlavə edilmiş 4 nömrəli birtipli müqavilədir (enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi). Müqavilənin 7-ci bəndində göstərilir ki, tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Qaydaların 8.35-ci bəndinə əsasən enerji təchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsində göstərildiyi kimi, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

Beləliklə, qeyd edilənlər aşağıdakı nəticələrə gəlməyə əsas verir:

1. İstehlakçılara elektrik enerjisinin verilməsi qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında həyata keçirilir.

2. Müqavilənin tərəfləri enerji təchizatı müəssisəsi və məişət abonenti olan Sizsiniz. Müqavilə tərəfləri bərabərdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi).

3. Mübahisə bərabər mülki hüquq subyektləri arasında bağlanmış mülki-hüquqi müqavilədən irəli gəlir, yəni, mülki-hüquqi xarakterlidir.

4. İddia ərizəsi ilə enerji təchizatı müəssisəsinin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət edə bilərsiniz. Çünki yuxarıda adı çəkilən məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi