10 Yanvar 2016 03:01
596
Tədbirlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

 

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı iclası giriş nitqi ilə açıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

 

- Bu gün biz 2015-ci ilin yekunlarını müzakirə edəcəyik. Eyni zamanda, 2016-cı ildə görüləcək işlər haqqında danışacağıq.
2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əfsuslar ki, mövcud olan münaqişələr 2015-ci ildə öz həllini tapmadı. Əksinə, dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranmışdır. Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada münaqişələr, qanlı toqquşmalar, müharibələr davam edir.
Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki biz də bu regionda yaşayırıq və regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir. Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən artıq qaçqın, köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir. Yüz minlərlə insan həlak olmuşdur. Milyonlarla insan qaçqın, köçkün vəziyyətində yaşayır.
Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik.
Ancaq bu gün Avropada buna miqrant böhranı deyirlər. Mən dəfələrlə demişəm ki, bu, ilk növbədə, vətənini, əmlakını, doğmalarını itirmiş insanlar üçün böhrandır. Onlar indi Avropaya sığınacaq tapmaq, canlarını qurtarmaq üçün pənah gətirirlər. Orada da onları nələr gözləyir, hamımız yaxşı görürük. Bununla bərabər, yaranmış bu vəziyyət istər-istəməz Avropada radikal qüvvələrin, islamafobiya meyillərinin güclənməsinə gətirib çıxarır. Bu da çox təhlükəli meyildir.
Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə dərin əlaqələr bağlayır. Biz siyasi, iqtisadi, enerji sahələrində, başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və öz nümunəmizi ortaya qoymuşuq. Ona görə bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini göstərsin.
Keçən il Türkiyə-Rusiya münasibətləri gərginləşdi. Təbiidir ki, bu, bizi çox narahat edir. Çünki hər iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət deyil.
Bununla bərabər, bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı münasibətləri həddindən artıq gərginləşdi və diplomatik əlaqələr kəsildi. İran və Səudiyyə Ərəbistanı bizim üçün yaxın və dost ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət birləşdirir, bir çox layihələr birgə icra edilir. Səudiyyə Ərəbistanı bizim üçün çox önəmli tərəfdaşdır. Yaxşı bilirsiniz ki, keçən il mənim Səudiyyə Ərəbistanına rəsmi səfərim yüksək səviyyədə keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox böyük qonaqpərvərlik göstərilmişdir. Müqəddəs Kəbənin qapıları üzümüzə açılmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, nəinki dəstəkləyir, hətta bu münaqişəyə və işğala görə Ermənistan ilə heç bir əlaqə saxlamır, diplomatik əlaqələr saxlamır. Yəni, İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik əlbəttə ki, bizi narahat edir. Çünki hər iki ölkə ilə bizim yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir.
Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin. Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın.
Yəni, budur keçən il müşahidə olunan mənzərə. Mən hələ MDB məkanında baş verən iqtisadi və siyasi hadisələri demirəm. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşmüşdür. Bu, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Yəni, 2015-ci ildə geosiyasi və geoiqtisadi mənzərə çox narahatedici və ağırdır. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq. Əlbəttə ki, bu reallığı nəzərə alaraq öz siyasətimizi bu il və bundan sonrakı illərdə davam etdirəcəyik.
O ki qaldı ölkəmizin inkişafına, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mən keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etmişəm. Xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökumət başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır.
Bu gün burada regionda gedən proseslərlə bağlı öz fikirlərimi bildirərkən, eyni zamanda, ictimaiyyətə çatdırmaq istəyirəm ki, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq. Çalışacaq ki, risklər azalsın, əməkdaşlıq daha da dərinləşsin.
Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir.
Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq.
Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq. Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq.
Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər.
Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır.
2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək. Bu barədə mən bir qədər sonra öz fikirlərimi bildirəcəyəm.
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir.
Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.
Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir.
Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Bu gün biz bu barədə də danışacağıq.
Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Ötən il əhalinin sayı 114 min nəfər artıb. Bu, çox müsbət haldır, ümumi iqtisadi inkişafın təzahürüdür. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki bir il ərzində əhalinin sayının 114 min nəfər artması gələcəkdə yeni iş yerləri, bir neçə ildən sonra yeni uşaq bağçaları, yeni məktəblər deməkdir. Biz bunları etməliyik. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, əhali artır. Eyni zamanda, bu, bizim iqtisadiyyatımıza əlavə yükdür. Biz elə işləməliyik ki, iqtisadi inkişaf, açılan iş yerləri, yaradılan sosial infrastruktur demoqrafik inkişafı üstələsin. Bax, hökumət qarşısında bu vəzifə qoyulur və biz bu vəzifəni icra etməliyik.
Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər. Bu layihənin təşəbbüskarı Azərbaycandır. Əsas iqtisadi yük bizim üzərimizə düşür və biz bu layihəni icra etməyə tərəfdaş ölkələrlə başlamışıq. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub və işlər uğurla davam etdirilir. Bu il artıq kəmərin inşası başlayır.
2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi 2 il yarım vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirdik. Bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini, gözəl Bakı şəhərimizi göstərdik. Azərbaycan reallıqlarını 6 min idmançı, minlərlə qonaq öz gözləri ilə görə bilmişlər. Bu reallıqlar bizim nüfuzumuzu daha da artırır və gələcəkdə Azərbaycana qoyulacaq investisiyaların həcmini, Azərbaycana gələcək turistlərin sayını artıracaq. Yəni, Avropa Oyunları sadəcə olaraq, dünyaya bizim təqdimatımız deyildi. Onun çox böyük praktiki nəticələri olacaqdır. Biz müasir idman, xidmət və nəqliyyat infrastrukturu yaratmışıq. Yəni, bütün bunlar Azərbaycan xalqının sərvətidir və bu Oyunlar əlbəttə ki, müstəqil ölkəmizin qüdrətini göstərmişdir. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik. Əlbəttə ki, idmançılarımız da bizi sevindirdilər. Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik. Əslində idman hər bir ölkənin ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman meydanlarında daha çox qələbə qazanırlar. Azərbaycan idman dövlətidir, inkişafda olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə yerinə yetiririk.
2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir. Bütün beynəlxalq rəy sorğuları da rəsmi nəticələri təsdiqləyir. Yəni, bu, çox önəmli hadisədir. Çünki biz demokratiya yolu ilə gedirik, demokratik cəmiyyət qururuq. İnsan haqları, demokratik inkişaf daim bizim prioritet istiqamətlərimizdir. Seçkilər, istənilən seçkilər bu istiqamətdə bir sınaqdır. Biz bu sınaqdan şərəflə çıxdıq. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə ifadə olunmuşdur. Eyni zamanda, aparılan siyasətə xalq tərəfindən yüksək qiymət verilmişdir. Çünki mən seçkilərin nəticələrini belə qəbul edirəm. Bir tərəfdən Azərbaycan dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmişdir, digər tərəfdən, parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir.
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Yola saldığımız 2015-ci il qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına rəğmən dünya iqtisadiyyatının inkişaf templərinin artımı ilə deyil, gözlənilməz azalması ilə səciyyələnib.
Belə ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 2015-ci ilin qlobal iqtisadi artım tempi üzrə 3,8 faiz artım proqnozunu azaldaraq hazırda 2,4 faiz təşkil edəcəyini bəyan ediblər ki, bu da 2014-cü illə müqayisədə 1 faiz azalma deməkdir. 2008-ci ildə başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıtmış qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq, tam aradan qaldırılmasına nail olunmayıb.
İnkişaf etmiş ölkələr son 6 il ərzində olduqca yumşaq monetar və ucuz pul siyasətinin yürüdülməsi hesabına iqtisadiyyatlarının böhrandan çıxmasına yenicə nail olur.
İnkişaf etməkdə olan ölkələr isə böhranın residivləri və 2016-cı ilin ilk həftəsində dünya fond birjalarında yaşanan təlatümlərə nəzər salsaq, hətta böhranın yeni dalğası ilə üz-üzə gəlirlər. Qlobal böhranın yeni fazasının əsas cəhəti dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsinin ərsəyə gəlməsidir. 2015-ci ildə enerji, metal və bitki əmtəələrinin qiymətlərində son 5 ilin ən yüksək səviyyəsi ilə müqayisədə orta hesabla 45 faiz geriləmə müşahidə olunub.
Ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta daxilolmalarının mənbəyi olan xam neftin qiyməti 3 dəfədən artıq azalıb, 2000-ci illərin əvvəllərindəki səviyyələrədək enib.
Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə - fiskal dayanıqlılığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər.
Möhtərəm Prezident, hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib.
Hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub.
Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətləri ilə təmin edilən daxilolmalar 100,1 faiz səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5 və 9,3 faizini, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib.
Qeyd edilməlidir ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 200,0 milyon manat, 2014-cü illə müqayisədə isə 694,0 milyon manat və ya 9,5 faiz çox təşkil edib.
Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çoxdur.
Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib.
Bununla belə, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1 faizi və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5,0 faiz çoxdur.
2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3 faiz çoxdur.
Ayrılmış vəsaitin 190,0 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına yönəldilib.
Azərbaycan Prezidentinin müvafiq fərmanının icrası olaraq ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının artırılması və onların maddi rifahının yaxşılaşdırılması məqsədilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmasına Bakı şəhərində hesabat ilində başlanılıb, cari ildən isə digər 12 şəhər və rayon bu sistemlə əhatə olunacaq. Bu artımlar ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər müəllimə şamil olunub.
2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708,0 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4 faiz çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161,0 milyon manat sərf edilib.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilib.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə icmal və dövlət büdcələrindən bütövlükdə 378,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 228,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150,0 milyon manat vəsait sərf olunub.
Şəffaflığın təmin edilməsi məqsədilə aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı zamanı ilk dəfə olaraq elektron qaydalar qəbul edilib və yeni qaydalarla 415 min nəfər şəxsdən ibarət olan ailələrə dövlət büdcəsinin vəsaiti hesabına 206,0 milyon manat ünvanlı sosial yardım verilib.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib, 18 yaşa çatmış və valideyn himayəsindən məhrum olmuş uşaqların mənzil problemlərinin aradan qaldırılması üçün “Məzun Evi” Sosial Müəssisəsi yaradılıb.
Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ildə dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində və yaxud 2014-cü illə müqayisədə 2,7 faiz-bənd çox vəsait ayrılıb.
Ölkə Prezidentinin müvafiq fərmanının icrası olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə 744 mənzil verilib.
Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 331,0 milyon manat vəsait ayrılıb ki, bunun da 33,0 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib.
Hesabat ilində 3 milyard 659 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması layihələrinin icrası davam etdirilib.
Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına ölkənin 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar, sinif otaqları, 1 incəsənət məktəbi tikilib istifadəyə verilib, 27 məktəb, 24 uşaq bağçası və 1 kollecin binalarının yenidən qurulması həyata keçirilib.
Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gözdən əlillər üçün 132 mənzilli ev, respublikanın digər şəhər və rayonlarında əlillər və şəhid ailələri üçün 82 fərdi ev və 199 mənzil inşa edilərək onların istifadəsinə verilib.
Ötən il səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması işləri davam etdirilib, Ağsu Mərkəzi Rayon Xəstəxanasının tikintisi, Gəncə, Mingəçevir və Göyçay şəhər və rayon xəstəxanalarının əsaslı təmiri başa çatdırılıb.
2015-ci ildə hökumət tərəfindən cəlb olunmuş kredit xətləri hesabına 1,7 milyard manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 994,0 milyon manat məbləğində vəsait iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün istifadə edilib.
Regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhalinin ticarət-iqtisadi münasibətlərində mühüm yer tutan və həmçinin əhalinin rahat hərəkətini təmin edən yol infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin bir qisminin icrası ötən il başa çatdırılıb, ölkənin müxtəlif regionlarını, kənd və qəsəbələrini birləşdirən ümumi uzunluğu 348 kilometr olan avtomobil yolları əhalinin xidmətinə verilib.
Bakı şəhərində və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən Bakı-Sumqayıt-Bakı dəmir yolu xəttinin yenidən qurulması, metro “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının inşası, Bakı şəhərində avtomobillərin hərəkətinin asanlaşdırılması tədbirləri çərçivəsində Ziya Bünyadov prospektinin tikintisi və genişləndirilməsi, yeni bulvar yolunun və Qala-Pirallahı yollarının tikintisi kimi iri layihələr 2015-ci ildə başa çatdırılaraq istismara verilib.
Yuxarıda qeyd edilənlərlə yanaşı, “Cənub” qaz dəhlizi layihəsinin icra qrafikinə uyğun maliyyələşdirilməsi davam etdirilib, habelə qeyri-neft gəlirlərində əsas mənbələrdən ola biləcək “Yeni İpək Yolu” dəhlizinin fəaliyyətə başlanılması tədbirləri çərçivəsində Ələt qəsəbəsində yerləşən beynəlxalq dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Bakı-Böyük Kəsik dəhlizinin tamamilə yenidən qurulması və dəhlizin enerji təchizatının və işarəvermə sisteminin yenilənməsi, habelə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun birinci kateqoriyaya uyğun genişləndirilməsi istiqamətində işlərin icrası sürətləndirilib.
Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 228,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb.
Sahibkarlığın inkişafı diqqət mərkəzində qalmaqdadır. Sahibkarlığın inkişafına mənfi təsir edən süni maneə və əngəllərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası sürətlə davam etdirilib, 2 il müddətinə sahibkarlıq sahəsində əsassız yoxlamaların aparılması dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə, həmçinin “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.
Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə ticarət, ictimai iaşə, mülki tikinti sahələrində sahibkarların fəaliyyəti üçün sadələşdirilmiş vergi rejiminin tətbiqinə 2016-cı il yanvarın 1-dən başlanılıb.
2015-ci ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 milyard 15 milyon manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu üzrə 945,0 milyon manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70,0 milyon manat təşkil edib.
Ötən il həmin mənbələrdən və dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 249,0 milyon manat məbləğində güzəştli kredit verilib.
Verilən kreditlərin 40,0 faizi və yaxud 100,0 milyon manatı dövlət büdcəsindən, 60,0 faizi və yaxud 149,0 milyon manatı isə kredit portfelinin vəsaiti hesabına, yəni, qaytarılmış kreditlər hesabına olub.
Bütövlükdə ayrılan güzəştli kreditlərin 85,6 faizi aqrar sektorun, 14,4 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.
Bununla yanaşı, 2015-ci ildə 5160 sahibkara 56,0 milyon manat məbləğində kiçikhəcmli güzəştli kredit verilib.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilib, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün dövlət büdcəsindən 186,0 milyon manat vəsait ayrılıb. Onu da qeyd etmək istərdim ki, proqramın əhatə etdiyi dövr ərzində isə bütövlükdə 914,0 milyon manat vəsait ayrılıb. “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə 71,0 milyon manat, o cümlədən iribuynuzlu damazlıq heyvanların idxalının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15,0 milyon manat və kənd təsərrüfatı texnikasının alınması üçün 16,0 milyon manat, yüksək keyfiyyətli sortluq toxum və tinglərin yetişdirilməsi məqsədilə toxumçuluq və tinglik təsərrüfatlarına dövlət büdcəsindən subsidiya qismində 5,3 milyon manat vəsait ayrılıb.
2015-ci ildə meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi diqqətdə saxlanılıb, bu məqsədə dövlət büdcəsinin cari xərclərindən 275,0 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 116,0 milyon manat, xaricdən və daxildən cəlb edilmiş kreditlər üzrə isə 100,0 milyon manat, cəmi 491,0 milyon manat vəsait sərf olunub.
Son illərin ənənəsinə uyğun olaraq 2015-ci ildə ölkəmiz bir çox mötəbər beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə evsahibliyi edib və xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil olunub.
Təkcə yola saldığımız ilin yox, müasir tariximizin ən əlamətdar idman hadisələrindən biri ölkəmizin ilk Avropa Oyunlarına evsahibliyi etməsi olub. Ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, respublikamızın mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi, qlobal siyasi, iqtisadi, humanitar problemlərin müzakirə olunduğu məkan kimi rolunu və əhəmiyyətini təsdiqləməkdədir.
Ölkəmizdə və xaricdə keçirilən digər beynəlxalq tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsindən 21,5 milyon manat, o cümlədən Bakı şəhərində beynəlxalq əhəmiyyət kəsb edən Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının, 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının, şahmat üzrə Dünya Kubokunun keçirilməsinə, “Milan EXPO-2015” Beynəlxalq Sərgisində ölkəmizin iştirakına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO) ilə əməkdaşlıq çərçivəsində fəaliyyətin həyata keçirilməsinə və bu kimi digər tədbirlərin maliyyələşdirilməsinə vəsait ayrılıb.
Möhtərəm cənab Prezident, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması ölkənin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib.
Qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadi inkişafına mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən dövlətlərin timsalında da görə bilərik.
Qlobal kredit reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi prosesləri yaxından izləyir. Sevindirici haldır ki, agentliklərin üçü də - “Standard & Poor's.”, “Moody's” və “Fitch” kredit reytinq agentlikləri ölkəmizin uzunmüddətli yerli və xarici valyutada reytinqlərini investisiya səviyyəsində saxlayıblar.
Neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.
Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.
Bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar gündəlik tələbat malları qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin Sizin tapşırığınıza əsasən həyata keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, möhtərəm cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı il və sonrakı üç il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəetməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.
Cənab Prezident, icazə verin çıxışımın sonunda Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, qlobal iqtisadi çağırışların ölkə iqtisadiyyatına mənfi fəsadlarının yumşaldılması, 2016-cı ilin dövlət və icmal büdcələrinin prioritetləri üzrə müəyyən etdiyiniz hədəflərə nail olunması, çətinliklərə baxmayaraq, müəyyən etdiyiniz iqtisadi inkişaf hədəflərinin təmin olunması üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli HƏSƏNOV çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident!
Dünyanı silkələyən maliyyə böhranı, idarə olunmaz həddə çatan miqrasiya prosesləri ilə yadda qalan 2015-ci ildə Sizin balanslaşdırılmış xarici və daxili siyasətiniz, qətiyyətiniz, Heydər Əliyev Fondunun çoxşaxəli səmərəli fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi, siyasi-iqtisadi potensialı daha da artdı.
Azərbaycanda siyasi, iqtisadi sabitlik qorunub saxlanıldı, ölkəmizdə heç bir sosial sahə maliyyə çətinlikləri ilə üzləşmədi. Bunun əsas səbəbi həyata keçirdiyiniz düzgün iqtisadi perspektiv proqnozlaşma və 2009-cu ildə neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək barədə göstərişiniz və onun icrası oldu.
Azərbaycan bütün istiqamətlərdə akademik təhlillərə əsaslanan stabillik meyarları ilə idarə olunan, davamlı inkişaf edən, müstəqil siyasət yürüdən, parlament seçkilərini tam şəffaf, demokratik şəraitdə keçirən ölkə kimi bir daha tanındı. İstər Avropa siyasi qurumlarının, istərsə də bəzi dövlətlərin ölkəmizə qərəzli hücumlarının qarşısı məharətlə alındı.
Ölkədə və beynəlxalq aləmdə apardığınız uğurlu işlər qısqanclıq yaradıb. Bunun nəticəsi olaraq bəzi dövlətlər, beynəlxalq təşkilatlar ölkəmizin əleyhinə qərəzli işlər aparırlar. Yaranmış şəraitdən istifadə edən dünya erməni diasporları ermənipərəst konqresmenləri bu çirkin işə cəlb edirlər.
Möhtərəm cənab Prezident, 2015-ci ildə ölkəmizdə həyata keçirilən çoxsaylı sosial layihələrdən məcburi köçkünlər də bəhrələniblər. Bütün çətinliklərə baxmayaraq, son illərdə məcburi köçkünlərin sosial müdafiəsinə diqqət artırılıb. Büdcədən 2016-cı ildə sosial sahəyə yönəldilmiş vəsaitin həcmində hətta 2014-cü ilə nisbətən artım var.
Ölkənin ən həssas qrupu olan məcburi köçkünlərə Sizin yüksək diqqətiniz sayəsində 2015-ci ildə Mingəçevir, Şirvan şəhərlərində, Hacıqabul, Saatlı, Abşeron, Bərdə, Sabirabad, Qazax, Zaqatala, Bakının Qaradağ, Sabunçu rayonlarında məskunlaşan 15 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti işləri aparılıb, 5 yeni qəsəbə salınaraq yaşayış massivlərinin sayı 94-ə çatdırılıb.
2015-ci il fevralın 24-də Mingəçevir şəhərində, martın 12-də isə Bərdə rayonu ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış komplekslərinin açılışında şəxsən iştirak etdiniz.
Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün inşa edilmiş binanın 2015-ci il mayın 10-da keçirilmiş açılışında fondun prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə iştirak etdi.
Zati-aliləri, Sizin dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığınıza uyğun olaraq bildirmək istəyirəm ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin ödənişində canlı təmas amili tam aradan qaldırılıb.
Bu sahədə işlərin təkmilləşdirilməsi həm müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində sayğaclaşma işləri tam başa çatdırılıb.
Möhtərəm cənab Prezident, dünyada baş verən haqsızlıq və ədalətsizliklər yüz minlərlə insanın həyatını itirməsinə, il ərzində miqrantların sayının 10 milyondan çox artmasına səbəb olub. Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər. Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi? 550 milyon əhalisi olan Avropa bu gün bir neçə yüz min miqrantın əlində əsir-yesir, çaşbaş qalıb, vəziyyəti idarə edə bilmirlər. Bəs kiçik əraziyə və azsaylı əhaliyə malik Azərbaycan dövləti və onun Prezidenti bir milyon iki yüz min qaçqın, məcburi köçkün problemini necə idarə edir?
Cənab Prezident, məcburi köçkünlərlə bağlı bir problemi diqqətinizə çatdırmağı özümə borc bilirəm: 150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşayır. Vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanıldı. Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi və tikilməsidir.
Tapşırığınız əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda Zati-alinizin diqqətinə təqdim ediləcək.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.
Cənab Prezident, bu gün ölkəmizdə əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İnanırıq ki, apardığınız çoxşaxəli və qətiyyətli işlər öz nəticəsini verəcək. Buna görə də öz qüvvəmizə güvənmək, iqtisadiyyatımızı, hərbi qüvvəmizi daha da artırmaq siyasətiniz ən doğru yoldur.
Zati-aliləri, dövlətin gücü xalqla Prezidentin birliyindədir. Bu gün ölkədə xalqla Prezident arasında monolit birlik var.
Dünyada gedən siyasi oyunlar nəticəsində, yəqin ki, 2016-cı il də çətin il olacaq. Ancaq, cənab Prezident, Sizin çox təkmil dünyəvi idarəçilik sisteminiz, təcrübəniz sayəsində bu çətinliklər dövlətimiz və xalqımızdan yan keçəcək.
Diqqətinizə görə minnətdaram.
* * *
Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları!
BMT tərəfindən 2015-ci ilin “Beynəlxalq torpaq ili” bəyan edilməsi və bu qlobal çağırışlara qoşularaq həmin ilin Zati-aliləriniz tərəfindən Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, aqrar sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün təməl yaradıb. Uzaqgörənliklə verdiyiniz tarixi qərarları və onun nəticəsi olaraq hesabat ilini aşağıdakı kimi xarakterizə etmək olar.
Birincisi, hesabat ili qlobal miqyasda büdcə xərclərinə qənaət rejiminin tətbiq olunması fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Bu məqsədlə “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub ki, nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə “ASAN xidmət” prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların həmin sahəyə investisiya imkanlarını xeyli artırıb. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də ASC-nin yarandığı tarixdən gətirilən texnikaların 62 faizini təşkil edir. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılmaqla, inkişaf etmiş dövlətlərdəki səviyyəyə uyğunlaşmaq üçün ciddi addım atılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib ki, bununla da həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artırılıb.
Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni, il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. Məhsul istehsalçılarını keyfiyyətli, potensial məhsuldarlığı yüksək toxumlarla təmin etmək üçün Dövlət Taxıl Fondu yaradılıb ki, bu da ölkədə toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə, bitkiçilik sahəsində məhsuldarlığın yüksəldilməsinə hədəflənib.
Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib. Bu dövlət dəstəyinin tətbiqi yüksək məhsuldar, genetik potensialı olan heyvanların baş sayının artırılmasına və sözügedən sahəyə marağın gücləndirilməsinə, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına çox mühüm töhfə verəcək.
Möhtərəm cənab Prezident, son iki il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyiniz dövlət qayğısına və onun həcmini əhəmiyyətli dərəcədə genişləndirdiyinizə görə bölgələrdə olarkən minlərlə fermer Sizə ən səmimi minnətdarlığını çatdırmağı xahiş edib.
Qeyd etmək lazımdır ki, dövlət dəstəyi gücləndirilməklə yanaşı, onun tətbiqi mexanizminin təkmilləşdirilməsi üçün aqrar sektor üzrə 100-ə yaxın normativ sənəd qəbul olunub, subsidiyanın verilməsi sahəsində şəffaflığın artırılması üçün ciddi tədbirlər görülüb. Bununla yanaşı, ictimai məlumatlılığı artırmaq məqsədilə yardım alan bütün fermerlərin adı, torpaq sahəsi, yardımın məbləği və sair məlumatlar hər bir rayon, kənd üzrə nazirliyin rəsmi internet saytında yerləşdirilib. Nəticədə yerlərdən məlumatlar alınaraq bu sahədə ciddi intizamın yaradılmasına nail olunub.
İkincisi, hesabat ili kənd təsərrüfatında institusional potensialın gücləndirilməsi, struktur dəyişikliyinin aparılması ilə də xarakterizə olunur. Belə ki, 52 rayon və şəhər idarəsi üçün inzibati laboratoriya binalarının tikintisi artıq başa çatmaq üzrədir. Burada inzibati heyətlə yanaşı, əsasən aqrokimya və toxum laboratoriyalarının, diaqnostik kabinetlərin, toxum müfəttişlərinin, texniki nəzarətçilərin və digər struktur vahidlərinin vahid məkanda yerləşdirilməsi, eləcə də zəruri informasiya texnologiya və infrastrukturunun yaradılması aqrar sektor qarşısında qoyulmuş vəzifələrin icrasına xüsusi təkan verəcək. Bu dəyişikliklər çərçivəsində İSO tələblərinə cavab verən Baytarlıq Şəhərciyi yaradılıb, eyni tələblərə uyğun Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasının yenidən qurulması isə başa çatmaq üzrədir.
Üçüncüsü, elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması ilin prioritetlərindən olub. Bu məqsədlə tapşırığınıza əsasən, Avropa İttifaqının təcrübəsinə uyğun inteqrasiya olunmuş nəzarət sisteminin prinsipləri əsasında torpaq sahələrinin indentifikasiya sistemi, fermer təsərrüfatlarının reyestri və digər modullar üzrə yaradılan proqram təminatının test sınağı aparılıb və Xaçmaz rayonu üzrə sistemin pilot tətbiqinə başlanılıb.
Kənd təsərrüfatı ərazilərinin mövcud vəziyyətinə uyğun aero və peyk təsvirlərinə əsaslanan məkan məlumatlarının, habelə bitki örtüyünün müəyyən edilməsinə xidmət edən orto-foto xəritələrinin tərtibi üçün Aerogeodeziya müəssisəsi ilə birlikdə praktiki fəaliyyətə və Azərsky peyki ilə çəkilişlərə başlanılıb. Həmçinin “Aqrolizinq” ASC tərəfindən aparılan bütün əməliyyatların elektron uçot sisteminə keçilməsi başa çatdırılıb, texniki nəzarət müfəttişliyində avtomatlaşdırılmış informasiya sistemi istismara verilərək, bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, çıxarılması, ipoteka yüklülüyü, sürücülük vəsiqəsinin verilməsi və sair əməliyyatlar elektron qaydada təşkil edilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bitkiçilik məhsullarının idxalına, ixracına, təkrar idxalına sertifikatların verilməsi, habelə nazirlik tərəfindən göstərilən 19 xidmət elektron hökumət portalına inteqrasiya edilib.
Dördüncüsü, 2015-ci il kənd təsərrüfatı üzrə yeni bazar infrastrukturunun yaradılması və inkişafı ili olub. Topdansatış bazalarının genişləndirilməsi, yeni “yaşıl market”lər şəbəkəsinin və fermer mağazalarının yaradılması, müasir standartlara uyğun ət kəsimi məntəqələrinin tikilməsi, logistik mərkəzlərin qurulması bazar infrastrukturunun effektivliyini daha da artırmaqla əlverişli bazar mühiti formalaşdırıb.
Beşincisi, kənd təsərrüfatı inkişafı müasir metodlar müstəvisinə keçirilib. Ölkəmizin bütün sahələrinin modernləşməsi ilə bağlı həyata keçirdiyiniz siyasətə uyğun olaraq, aqrar sahədə müasir biznes texnologiyası olan aqroparkların yaradılması ilə bağlı praktiki addımlar atılaraq Şəmkir və Yalama aqroparklarının tikintisinə, habelə Xızı aqroparkında müxtəlif təyinatlı təsərrüfatların yaradılmasına başlanılıb. Ölkədə intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində son iki ildə 9500 başdan çox iribuynuzlu damazlıq heyvan gətirilərək güzəştli lizinq şərtləri ilə fermerlərə satılıb ki, bu da əvvəlki illərdə bu məqsədlə gətirilmiş heyvanların 110 faizinə bərabərdir.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində zəruri institusional bazanın formalaşdırılması məqsədilə ən modern süni mayalanma mərkəzinin tikintisi yaxın 3-4 ay ərzində başa çatdırılacaq ki, bunun hesabına məhsuldarlığın yüksəldilməsi sahəsində olduqca sürətli dəyişikliyə nail olunacaq. İntensiv ailə fermer modeli layihəsi çərçivəsində pilot olaraq seçilmiş Ağcabədi, Bərdə və İmişli rayonlarında müvafiq pay torpaqlarına malik layihə tərəfdaşı kimi seçilmiş 69 ailəyə güzəştli kredit hesabına 516 baş “Simmental” cinsli qara malın lizinq yolu ilə verilməsinə başlanılıb.
Nazirliyin tabeliyində olan elm və təhsil müəssisəsinin laboratoriyası köklü surətdə yenilənib. Məhsul istehsalçılarının problemlərinin həllinə yardım məqsədilə fermer evlərinin yaradılmasına başlanaraq, regionlarda əsas diqqət informasiya məsləhət xidmətinin təşkilinə yönəlib. Müasir tələblərə cavab verən, hər biri 514 yerlik iki yataqxana kompleksindən birinin tikintisinin başa çatdırılması, xüsusi ehtiyac duyulan ixtisaslara qəbul zamanı yüksək nəticələr göstərən tələbələrə daxili imkanlar hesabına 100 manat əlavə təqaüdlərin verilməsi tədbirləri əksər ixtisaslar üzrə əvvəlki illərdə böyük kəsirlə yerinə yetirilən qəbul planının hesabat ilində demək olar ki, tam həyata keçirilməsinə imkan verib.
Möhtərəm cənab Prezident, məlum olduğu kimi, aqrar sahədə aparılan islahatların köklü nəticələri adətən bir neçə ildən sonra özünü büruzə verir. Bununla belə, birbaşa dəstəyiniz hesabına görülən işlər qısa müddətdə artıq öz bəhrəsini verməyə başlayıb, texnika və gübrə təminatında olan çətinliklər, demək olar ki, tamamilə aradan qaldırılıb. Eləcə də hesabat ilində bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıma nail olunub. Bu artım pambıq, yumurta, günəbaxan istisna olunmaqla, bütün növ kənd təsərrüfatı məhsullarını əhatə edib.
Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində verdiyiniz tapşırığın icrası olaraq, hesabat ilində 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib. Onu da qeyd etmək lazımdır ki, hesabat ilində aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib, hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, hesabat ilində belə təsərrüfatların sayı onlarla olub.
Tapşırığınıza əsasən, kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və bu işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdırmaqla bərabər, qiymətlərin süni artımının qarşısının alınmasında da müstəsna rol oynayıb. Devalvasiyanın bayrama təsadüf etməsi və bununla əlaqədar bazarlarda məcmu tələbin yüksəlməsi hesabına qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də, hazırda bu sahədə vəziyyət keçən ilin eyni dövrü ilə müqayisədə tənzimlənmək üzrədir.
Möhtərəm cənab Prezident, Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, dünya iqtisadiyyatında baş verən hadisələr bizi də bu qlobal çağırışlara adekvat reaksiya verməyə, çevik və cəld qərarlar qəbul etməyə vadar edir. Bu tapşırığın icrası olaraq, istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə tərəfimizdən dünya təcrübəsi öyrənilərək hazırlanmış qanun layihələrinin qəbulu torpaqlardan istifadənin səmərəliliyinin yüksəldilməsində və əkin dövriyyəsinə qaytarılmasında müstəsna rol oynaya bilər. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da gəlirlərin artması, urbanizasiya prosesləri və insanların qida rasionunu genişləndirməsi ərzağa tələbi artıran əsas amillərdəndir. FAO-nun hesablamalarına görə, 2030-cu ilə qədər bu tələbatın ödənilməsi üçün məhsuldarlığın həmin dövrdə 67 faiz artırılması nəzərdə tutulur. Bununla yanaşı, itkilərin azaldılması da tələbatın ödənilməsinin mühüm şərti kimi çıxış edir. Məhz bu baxımdan FAO-nun hesablamalarına əsasən, ölkəmizdə meyvə-tərəvəz, ərzaq, xüsusilə də çörək məhsulları üzrə itkilərin 25 faizdən çox təşkil etməsi narahatedici məqamlardan birinə çevrilir. Ona görə də bu itkilərin müxtəlif mərhələlərdə, xüsusən istehlak zamanı azaldılması üçün çörəkdən istifadəyə milli-mənəvi adət-ənənələrimizlə yanaşılması məqsədilə geniş maarifləndirmə işlərinə də ehtiyac duyulur.
Möhtərəm cənab Prezident, dəfələrlə vurğuladığınız kimi, iqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir. Apardığınız uzaqgörən siyasət nəticəsində bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərindən (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir. Eləcə də bir sıra qonşu dövlətlərin sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq etməsi daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər. Sizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə münasibətdə tutduğunuz olduqca müdrik mövqe bizə bu tədbirləri asanlıqla icra etməyə imkan verir.
Möhtərəm cənab Prezident, “Kənd təsərrüfatı ili” başa çatsa da, il ərzində bu sahədə qoyulmuş təməl üzərində bundan sonra da Sizin rəhbərliyinizlə aqrar sektorun ölkə iqtisadiyyatının aparıcı həlqələrindən birinə çevrilməsi üçün bütün gücümüzlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

 

- Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik.
Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq.
Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik.
Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır. Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır.
Eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir. Çünki dövlət investisiyaları təbii ki, dövlət tərəfindən qoyulur. Burada yerli və mərkəzi icra orqanlarının fəaliyyəti o qədər də önəmli deyil. Ancaq əlbəttə ki, mərkəzi və yerli dövlət qurumları özəl xarici və yerli investisiyaları cəlb etməyə çalışmalıdırlar.
Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunurdu. Bunun da təbii səbəbləri var idi. Biz çalışırdıq ki, əsas infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və buna nail ola bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri icra edilibdir. Elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət qədər böyükdür, qazlaşdırma uğurla aparılır, içməli su layihələri, yolların tikintisi. Yəni, Dövlət Neft Fondunun transfertlərinin məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki illərdə apardığımız siyasət davam etdirilə bilməz. Neft Fondundan dövlət büdcəsinə transfertlər bu il azalır və biz gələcəkdə də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir.
Vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır.
Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax, biz bu üç istiqamət üzrə fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır.
2016-cı ilin Dövlət İnvestisiya Proqramı yaxın günlərdə mənə təqdim edilməlidir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapacaqdır. Həmçinin dövlət sərmayəsi ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulmalıdır.
Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar.
Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.
Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq, insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır.
Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.
Deyə bilərəm ki, bütövlükdə son illər ərzində apardığımız islahatlar öz nəticəsini verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da, böyük nailiyyətdir. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bu, doğrudan da, çox böyük nailiyyətdir. Ancaq biz daha da səmərəli işləməliyik və hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır.
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Ötən il çox ciddi addımlar atılmışdır. Burada bu, səsləndi. Lisenziyaların sayı azaldılıb. İcazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Bu il də bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır. Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq.
Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilmişdir. 5 min 240 sahibkara güzəştli kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik. Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazım olan sahələri inkişaf etdirməliyik ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli məhsulları yetişdirək.
Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burada büdcə yükü o qədər də böyük olmayacaq. Olsa da yenə də bu, çox önəmli və öz səmərəsini verən sahədir.
Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək.
İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə, mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun.
Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır.
Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi artıq bildirdim. Bu, bizdən asılı olan məsələ deyildi. Bir daha demək istəyirəm ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, qonşu ölkələrdə milli valyutaların devalvasiyası bu addımı qaçılmaz etmişdir. Bizim vəzifəmiz bu vəziyyətdən minimum itkilərlə çıxmaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini tapmalıdır.
Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub.
Keçən il “Kənd təsərrüfatı ili” idi. Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax, bu vəziyyəti şərtləndirir. Bu islahatlar daha da dərinləşməlidir. Belə olan halda biz özümüzü ərzaq məhsulları ilə tam, yəni, 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir.
İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir.
Nəzərə alsaq ki, keçən il meliorasiya işləri ilə bağlı çox ciddi addımlar atılmışdır, biz yararsız torpaqları dövriyyəyə buraxmalıyıq və minlərlə, on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq. Artıq o torpaqlarda suvarma işləri təmin edilir və məhsuldarlığı, əkin sahələrini artırmalıyıq. Beləliklə, əminəm ki, biz bu il də kənd təsərrüfatında böyük artıma nail ola biləcəyik.
Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri öz əksini tapacaq. Onların içində içməli su layihələrini xüsusilə qeyd etmək istərdim. Çünki indi Azərbaycanda qazlaşdırma təxminən 90 faizə çatmışdır. Çox gözəl göstəricidir. “Azərişıq” indi bölgələrdə fəal iş aparır. Mən də bölgələrdə olarkən, vəziyyətlə maraqlanarkən yerli nümayəndələr, vətəndaşlar bildirirlər ki, son vaxtlar bölgələrdə elektrik enerjisi ilə təchizat daha da yaxşılaşdı. Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək.
Keçən il 300 subartezian quyusu qazılmışdır. Bu da çox önəmli infrastruktur layihəsidir. Eyni zamanda, keçən il 60-a yaxın kənddə, bugünə qədər isə 384 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Çaylar boyu yerləşən bu kəndlərdə insanlar təmiz içməli sudan qıtlıq çəkirdilər. Ümumiyyətlə, son illər ərzində 625 min nəfər bu yolla təmiz içməli su ilə təmin edilib.
Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki müşavirələrdə də öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək. Çünki artıq neçə vaxtdır ki, biz bu barədə danışırıq, işlər gedir, amma hələ nəticələr yoxdur. Burada mərkəzi icra orqanları, bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə, yerli icra orqanları da fəal işləməlidirlər. Onlar bunu təşkil etməlidirlər, yerlər ayırmalıdırlar, şərait yaratmalıdırlar. Onların işi bundan ibarətdir. Ona görə hesab edirəm ki, bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?
Bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur, turizm infrastrukturu yaradılır. Kim bunu yaradır? Dövlət və özəl şirkətlər. Amma yerlərdə onlar daha fəal işləməlidirlər. Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər. Yəni, onlar da nəticə çıxarsınlar. Dövlət onsuz da öz siyasətini aparacaq və lazımi sərmayəni qoyacaq. Ancaq mən əminəm ki, bizim bütün rayonlarımız daha səmərəli işləyə bilərlər və daha da yaxşı nəticələr olacaqdır.
Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə, işdən kənarlaşdırılacaq.
Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.
Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır.
İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır. Bu sektorun çox böyük potensialı var. Bu sahədə inkişaf müşahidə olunur. Ancaq bu sektorda da tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir. Çünki bugünə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək. Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq.
İnformasiya-kommunikasiya texnologiyaları sektoru inkişaf etməlidir, xarici şirkətlər də buna maraq göstərirlər. İndi Azərbaycanda kompüter istehsalı başlanır. Bu da çox müsbət haldır və bizim intellektual potensialımızı göstərir. Eyni zamanda, onu göstərir ki, xarici firmalar buna maraq göstərirlər. Burada tam şəffaflıq yaradılmalıdır.
Biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Dövlət artıq kifayət qədər böyük işlər görübdür. Biz dövlət hesabına “Şahdağ” kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada hotellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci hotel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, o bölgəni - şimal bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. Budur məqsəd. Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə turizm üçün bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim belə zonalarımız var. “Şahdağ” mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib. İndi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq, yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin.
Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Keçən ilin sonunda ciddi addımlar atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılmışdır. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir. Vahid taarif siyasəti aparılır və aparılmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edildi. Azərbaycan təklif etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid taarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun. Çünki əgər biz sadəcə olaraq, burada taarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılmışdır. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilmişdir. Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən keçən yoldur. İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib. Eyni zamanda, ictimaiyyət yaxşı bilir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Türkiyənin böyük tır maşınlarının Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşdi. Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu, güzəştlər edildi və bu gün bu istiqamətdə də dəhliz işləyir. Biz buna daha da hazır olmalıyıq və Xəzər sahilinin şərqində yerləşən infrastruktur da əlbəttə ki, buna daha hazır olmalıdır. Ancaq bu, bizim üçün yeni imkanlar yaradır. Çünki bu gün biz tranzit potensialımızdan istənilən səviyyədə istifadə etmirik. Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir yolu, liman, - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır. Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq. Yəni, bir daha demək istəyirəm ki, son vaxtlar sürətli inkişafımız bəzi hallarda bu məsələlərə diqqətimizi azaltmışdır. Çünki biz neftdən gələn gəlirləri çalışırdıq ki, tezliklə lazım olan sahələrə yönəldək. Dövlət bütün yükü öz üzərinə götürmüşdür. Ona görə bəzi dövlət qurumları, şirkətlər passiv fəaliyyət aparırdılar, təşəbbüs göstərmirdilər. Hər ilin sonunda daha çox sifariş edirdilər ki, mənə filan qədər vəsait ayırın, mən burada yol tikəcəyəm, bunu tikəcəyəm, onu tikəcəyəm. Birincisi, tikinti ilə bağlı. Burada da yeni qaydalar tətbiq edilməlidir. Açıq tenderlər elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər bu və ya digər layihəni icra etməlidir. Çünki bizdə adət olub, dəmir yolu çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin. Nəyə görə? Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə, onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin.
Bizdə su xətlərini “Azərsu” çəkir. Birincisi, o qədər böyük layihələri icra etmək üçün onlarda texniki imkan yoxdur. Burada da müxtəlif şirkətlər cəlb edilməlidir. Belə olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra edəcəyik. Həmçinin yolların tikintisi. Bizim bir qurumumuz var ki, yollar tikir. Açıq olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin olunmalıdır. Xahiş edirəm, hökumət buna çox ciddi nəzarət etsin.
Nəqliyyat dəhlizlərinə gəldikdə, bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir. Orada qalan hissə 8 kilometrdir. Bu il bu, tikilməlidir. İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək. Ona görə bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır.
Keçən il şəhər nəqliyyatının tənzimlənməsi üçün lazımi tədbirlər görülüb. Ölkəmizə yeni müasir avtobuslar gətirilib. Yeni marşrutlar açılıb. Yeni idarəetmə qaydaları tətbiq edilir. Şəhər nəqliyyatı vahid bir sistem olmalıdır, inteqrasiya edilmiş sistem. Burada da biz sadəcə olaraq, inkişaf etmiş şəhərlərin təcrübəsini tətbiq etməliyik. Metro, avtobus, digər vasitələr vahid sistem şəbəkəsinə qoşulmalıdır. Müvafiq göstərişlər verilmişdir. Yeni qurum yaradılmışdır. Tezliklə bu qurumun işi təşkil edilməlidir ki, şəhər nəqliyyatı Bakıda ən yüksək standartlara cavab versin. İndi bizim texniki vasitələrimiz var, müasir avtobuslar alınıb, yenə də almaq lazımdır. Sistem elə olmalıdır ki, yollar, dayanacaqlar, işıqforlar, metro, avtobus vahid sistem kimi işləməlidir. Bakıdan çəkilən yeni yollar bax bu ümumi siyasətin tərkib hissəsi olmalıdır.
Biz Bakıda son vaxtlar şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün çox böyük işlər görmüşük. Körpülər salınıb, yollar genişləndirilib, yolötürücüləri tikilib. Çox böyük işlər görülmüşdür. Əgər biz bu işləri görməsəydik, indi şəhər tıxac içində boğulardı. Ancaq bundan sonra daha da məqsədyönlü və düşünülmüş işlər aparılmalıdır. Proqram şəklində, yəni pərakəndə qaydada yox. Hansı yollar harada açılmalıdır, harada köçürmələr olmalıdır. Bu il bax bu sahəyə çox ciddi diqqət verilməlidir.
Ekoloji tədbirlər daim aparılır. Keçən il 4 milyondan çox ağac əkilmişdir. Bu siyasət davam etdirilməlidir. Ağacəkmə. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. Çirklənmiş yerlər təmizlənməlidir. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi keçən il həyata keçirilmişdir. Çirklənmiş və üfunət iyi verən bu ərazi indi artıq adamın gözünü oxşayır. Təmizlənmiş gölə köçəri quşlar qonur. Burada böyük bulvar salınıb. Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsi də bu il icra edilməlidir. Zığ gölünün təmizlənməsi layihəsi də icra edilməlidir. Dövlət büdcəsində bu məqsədlər üçün vəsait tapmaq lazımdır.
Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır. “ASAN xidmət” Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələr də bu təcrübədən istifadə edirlər. Düzdür, bəzi hallarda “ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar. İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində, doğrudan da, inqilabdır. Eyni zamanda, könüllülər sinfi yaradılıb. Fəal vətənpərvər gənclər könüllülər kimi fəaliyyət göstərirlər. Yəni, bu təşəbbüsün çox böyük müsbət mənası var. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Ona görə hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri “ASAN xidmət”ə əlavə edə bilərik.
Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi, doğrudan da, həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir.
Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir. Əfsuslar olsun ki, getdikcə bu iş daha da çətinləşir. Mən giriş sözümdə bu məsələyə toxundum, bir daha demək istəmirəm. Biz nə qədər çalışsaq da əfsuslar olsun ki, sivilizasiyalararası dialoqu daha az görürük. Biz daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq, toqquşmalar görürük.
Ancaq biz bu yoldan dönməyəcəyik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, - necə ki, bu, bu gün belədir, - regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin.
Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq mən bu ili Azərbaycanda “Multikulturalizm ili” elan edirəm. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur.
2016-cı ildə biz fəal işləməliyik. Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq. Sağ olun.

AZƏRTAC

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video