Bəhrəmi Salyanda hamı tanıyır. Keçən əsrin 90-cı illərində onun işlədiyi müəssisə də fəaliyyətini dayandırmışdı. Keçmiş mühasib iş tapa bilmədiyindən gənclik illərində, xüsusilə tələbəlik dövründə yoldaşlarının saçına əl gəzdirdiyini və işinin hamı tərəfindən bəyənildiyini xatırlayıb bərbər peşəsi ilə məşğul olmağa başladı. Az vaxt ərzində çox sayda daimi müştərisi oldu. Halal zəhməti ilə balalarını dolandırmağa başladı. Dəqiq elmləri yaxşı bilən bərbər hər gün işdən gələn kimi uşaqlarının dərsləri ilə ciddi şəkildə məşğul olurdu. Bir qonşu kimi bunlar mənim gözlərim qarşısında baş verirdi.
Bəhrəm Bəşirov övladlarının oxuduğu Salyan şəhər 4 saylı tam orta məktəbə də tez-tez baş çəkirdi. Müəllimlərlə əlaqə saxlayır, uşaqlarının təhsili, məktəbdəki davranışı ilə maraqlanırdı. Aylar, illər ötdü. Oğlu və qızı böyüyərək sinifdən-sinfə keçdi. Hər ikisi atalarının diqqət və qayğısına cavab olaraq orta təhsillərini əla qiymətlərlə başa vurublar. Ötən ilin iyul ayında uşaqlar imtahana gedəndə Bəhrəmin ürəyi buz kimi idi. Onların biliyinə yaxından bələd olduğundan yüksək bal toplayacaqlarına şübhə etmirdi. Həqiqətən də gənclər atanın etimadını doğrultdular: oğlu Yavər 685 balla Bakı Ali Neft Məktəbinə, Aytən isə 630 balla Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olundular. Həmin gün Bəhrəm Bəşirovun ailə üzvləri, eləcə də qohum-qonşu sonsuz dərəcədə sevindi.
Bəhrəm kişi deyir ki, Yavər və Aytən ali məktəbdə də yaxşı oxuyur, qış sessiyası imtahanlarında əla qiymət almaq üçün səylə çalışırlar.
Qadir MANAFOV,
Salyan rayonu