Alternative content

21:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uzunömürlülər muzeyi
Uzunömürlülər muzeyi
ANA SƏHİFƏ / Oxucu məktubları
02:01 06.01.2016

 

Lerik şəhərində dünyada analoqu olmayan Uzunömürlülər muzeyi var. 1991-ci ildən tarix-diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyətə başlayıb, sonra müstəqil mədəniyyət mərkəzinə çevrilib.

Muzeyin yeni binası 2010-cu ilin iyun ayında istifadəyə verilib. Tikintisində müasir memarlıq elementlərindən istifadə olunub. Açılışında Prezident İlham Əliyev iştirak edib.

Bu unikal muzeyin Lerikdə yaradılması təsadüfi deyil. Diyarımız dünyada uzunömürlülər məskəni kimi şöhrət qazanıb. Lerikdə vaxtilə 200 nəfərdən artıq uzunömürlü ağsaqqal və ağbirçək yaşayıb. Hazırda rayonun yaşı yüzü haqlamış 12 nəfər sakini var.

İki salondan ibarət olan muzeydə 1400-ə yaxın eksponat toplanıb. Birinci salonda 168 il yaşamış Şirəli Müslümovun, 150 il ömür sürmüş Mahmud Eyvazovun, 136 yaşında dünyasını dəyişmiş Məcid Ağayevin, 120 il doğma ocağından bir gün belə ayrılmayan Nəni Əhədovanın, 125 yaşlı Həsrət Məlikovun həyat tərzini əks etdirən eksponatlar tamaşaçıya uzunömürlüyün sirlərindən söhbət açır, sanki “hər kəs yüz il yaşamasa, günah onun özündədir”, - deyir.

Şüşə qutulardakı dini kitablar, canamaz və möhürlər ağsaqqallarımızın, ağbirçəklərimizin dinimizi, adət-ənənələrimizi repressiya illərində belə qoruyub saxladıqlarından, əqidələrindən dönmədiklərindən xəbər verir.

Dağ kəndlərində yaşayan, bir əsrin dizini qatlamış uzunömürlülər barədə eksponatlar ikinci salonda təqdim olunur. 103 yaşlı Soru kənd sakini Arəstə İbadovanın, 101 yaşlı Rvarud kənd sakini Kazım Talıbovun, Lerik şəhərində 101 yaşlı Raci İbrahimovanın, 105 yaşlı Gülbanu Rüstəmovanın və başqalarının əl işləri - ağacdan hazırlanmış qaşıqlar, əsalar, yun corablar, xurcunlar və çantalar tamaşaçıların diqqətini cəlb edir.

Muzeydə uzunömürlülərdən Daşdəmir Paşayev və Söhbət Fəzziyevlə görüş keçirilib. Onlar gənclərə tövsiyələrini verib, sağlam həyat tərzindən söhbət açıblar.

Yola saldığımız ildə muzeyimizdə 4 min ziyarətçi olub. Əksəriyyəti Bakıdan və digər regionlardan, eləcə də xaricdən gəlmiş qonaqlardır. Ürək sözlərini xatirə kitabına həkk edənlər də az deyil. Onların arasında Hollandiyadan, Koreyadan, Fransadan, Malayziyadan və digər ölkələrdən olan turistlər var. Litvalı turist Aleksey Lotuns yazır: “Uzun və mənalı ömür sürmək xoşbəxtlikdir. Bu torpağa ayaq basdığıma görə xoşbəxt qoca olacağıma əminəm”.

 

Dilarə FƏTULLAYEVA,

Uzunömürlülər muzeyinin direktoru