Sədan kəndinin yaşı əsrlərlə ölçülür. “Sədan” adı “su” və “dan” - “ulduz” mənasını daşıyan söz birləşməsidir. Bununla bağlı müxtəlif rəvayətlər var. Bir rəvayətdə deyilənə görə, ulduzlar öz aralarında mübahisə ediblər ki, kim yer üzünə sutək düşə bilər. O zaman gənc ulduz mərci udsun deyə heç kimə demədən yerə sarı yol alır. İndiki kəndin ərazisinə su kimi enən ulduz özünə buranı məkan seçir və daha geri dönmür. Əfsanəyə görə, cümə günləri dostları da onu görmək üçün yerə enir və səhərə yaxın geri qayıdırlar...
Sədanda çox sayda tarixi abidə var. Kənddən 3 kilometr qərbdə Dindağ qalaçası yerləşir. Qalanın bürclərindən birinin yalnız qalıqları qalıb. Qala müdafiə məqsədilə tikilibmiş. Kənddəki başqa bir abidə - Qara Dundur istehkamı XIV əsrə aid edilir. Abidə haqqında müfəssəl məlumat yoxdur. Onun da müdafiə məqsədilə tikildiyi güman olunur. Sədandakı abidələrdən digəri Qırxqızdır. Əfsanəyə görə, nişanlıları müharibəyə gedən 40 qız onların qayıdacağı günü gözləyir. Düşmən kəndə hücum edəndə onlar Allaha yalvarırlar ki, yağı əlinə keçməkdənsə daşa dönsünlər. Tanrı onların səsini eşidir, 40-ı da daşa çevrilir. Hər bayramda kəndin əhalisi ora gedir və abidəni təmizlik, paklıq ocağı kimi ziyarət edir. Qırxqız abidəsi Sədan kəndi yaxınlığında dağın ətəyində, Müşkülqazmada yerləşir.
Sədan kəndindəki abidələrin dərin, hərtərəfli tədqiqinə böyük ehtiyac var. Arzu edirik ki, tezliklə bu abidələr öyrənilsin, tariximizin açılmamış səhifələri işıq üzü görsün.
İsmayıl MURADZADƏ,
Siyəzən rayonunun Sədan kəndi