№ 396 Bakı şəhəri, 22 dekabr 2015-ci il
“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 461) ilə təsdiq edilmiş “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6.5.4-cü yarımbənddə “bağlanılmasına razılıq verilməsi üçün” sözləri “və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün bu Nizamnamənin 2.4-cü bəndinə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamına uyğun olaraq” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.5.4-1-ci yarımbənd əlavə edilsin:
“6.5.4-1. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”.
3. 7.1.13-cü yarımbəndə “müqavilələr” sözündən əvvəl “bu Nizamnamənin 6.5.4-cü və 6.5.4-1-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 8-ci hissə üzrə:
4.1. adı aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;
4.2. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:
“8.4-1. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri