19 Dekabr 2015 01:12
803
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 377

 

№ 377                                                Bakı şəhəri, 8 dekabr 2015-ci il

 

“Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının 3-cü hissəsinin dördüncü abzasına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”  təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi  və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 8dekabr

tarixli 377 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu  Qaydalar  “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin üçüncü abzasına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra-Dövlət Sifarişçisi) tabeliyində Dövlət Toxum Fonduna (bundan sonra-Fond) kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumlarının tədarükü, saxlanılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə edilən toxum anlayışı sortun təkrar istehsalı üçün bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı  mənasını ifadə edir.

1.3. Fondatədarük edilən toxum Azərbaycan Respublikasının mülkiyyətidir. 

 

2. Fonda toxumun tədarükünün təşkili və saxlanılması

 

2.1. Fonda “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin ikinci abzasınauyğun olaraq, dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən Dövlət Sifarişçisinin elmi-tədqiqat və tədris müəssisələrində, təcrübə təsərrüfatlarında, eləcə də dövlət və özəl toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar tədarük edilir.

2.2. Dövlət Sifarişçisi hər il Fonda orta bazar qiymətləri nəzərə alınmaqla, toxum tədarükü barədə kütləvi informasiya vasitələrində elan dərc etdirir.

2.3.  Dövlət Sifarişçisi tərəfindən Fonda toxumun tədarükü bu Qaydaların şərtlərinə uyğun olaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada satıcılarla (malgöndərənlərlə) müqavilə bağlanılması yolu ilə həyata keçirilir.

2.4. Fonda toxum tədarükü zamanı mühafizə olunan sortun patent sahibinin seleksiya nailiyyətləri haqqında qanunvericilikdə nəzərdə tutulan hüquqlarının qorunması ilə bağlı məsələlərin tənzimlənməsi satıcının (malgöndərənin) üzərinə düşür.

2.5. Tədarük üçün satıcı (malgöndərən) tərəfindən təklif olunan toxumun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır.

2.6. Fonda 2-ci reproduksiyadan aşağı toxumun tədarük edilməsinə yol verilmir.

2.7. Fonda toxum tədarükü edilərkən, toxumçuluq və fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblər nəzərə alınmalıdır.

2.8. Fonda tədarük edilən toxumlar sortlar üzrə qablaşdırılmalı və etiketləşdirilməlidir. Etiketdə bu Qaydalara 3 nömrəli əlavədə qeyd edilən məlumatlarla yanaşı uyğunluq və fitosanitar sertifikatları və toxumların mənşəyi (istehsal edildiyi ölkə) barədə məlumatlar göstərilməlidir.

2.9. Yerli toxumun qəbulu üçün satıcı (malgöndərən) sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatının və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş fitosanitar sertifikatının surətlərini Fonda təqdim etməlidir.

2.10. Ölkə daxilində satıcıdan (malgöndərəndən) Fonda toxumun qəbulu barədə nümunəsi Dövlət Sifarişçisi tərəfindən müəyyən edilən qəbul aktını 3 nüsxədə olmaqla, Dövlət Sifarişçisinin nümayəndəsi, satıcı (malgöndərən), saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs imzalayırlar. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi malgöndərəndə, bir nüsxəsi Dövlət Sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

2.11. İdxal edilən toxumun qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

2.11.1.  gömrük bəyannaməsi;

2.11.2. toxumun istehsal edildiyi ölkənin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş uyğunluq, fitosanitar və mənşə sertifikatları;

2.11.3.  idxal karantin icazəsinin surəti.

2.12. İdxal edilən toxumun qəbulu barədə nümunəsi Dövlət Sifarişçisi tərəfindən müəyyən edilən qəbul aktını 2 nüsxədə olmaqla, Dövlət Sifarişçisinin nümayəndəsi, saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs imzalayırlar. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi Dövlət Sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

2.13. Fonda tədarük olunan toxum bu Qaydalara 1 nömrəli əlavədə nəzərdə tutulmuş tələblərə əməl edilməklə, Dövlət Sifarişçisinin məntəqələrində (anbarlarında) saxlanılır.

2.14.  Dövlət Sifarişçisinin saxlanma məntəqələri (anbarları) çatışmadıqda, həmin məhsul müqavilə əsasında bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən edilmiş tələblərə cavab verən hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində (anbarlarında) saxlanılır.

2.15. Saxlanma məntəqələri hər ay saxlanılan toxumun həcmi haqqında Dövlət Sifarişçisinə onun təsdiq etdiyi formaya uyğun hesabat təqdim edirlər.

2.16. Təbii itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən yaranan itkilər) nəticəsində Fondda saxlanılan toxumun miqdarında azalma barədə saxlanma məntəqəsi tərəfindən Dövlət Sifarişçisi məlumatlandırılır və müəyyən edilmiş itki faktı aktlaşdırılaraq toxumun ümumi həcmindən silinir.

2.17. Təbii itkilər nəticəsində silinmiş toxum Fondun gəlirləri hesabına Dövlət Sifarişçisi tərəfindən yenisi ilə əvəz edilir.

2.18. Fondda saxlanılan toxum Dövlət Sifarişçisi tərəfindən sığorta olunur.

 

3. Fonda tədarük edilən toxumun istifadəsi

 

3.1. Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək,təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə olunur.

3.2.        Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir.

3.3. Fondda saxlanılan  toxumun satış məqsədi ilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir.

 

4. Fonda tədarük edilmiş toxumun yenilənməsi

 

4.1. Xəstəlik və zərərvericilərin sirayət etməsi nəticəsində Fonda tədarük edilmiş toxumun xarab olma təhlükəsi yarandıqda, həmin toxum yenisi ilə əvəz edilir. Bu halda saxlanma məntəqəsi rəhbərinin və ya onu əvəz edən şəxsin, Dövlət Sifarişçisinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyasının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Fondun yerləşdiyi inzibati ərazi üzrə rayon (şəhər) kənd təsərrüfatı idarəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunur.

4.2. Fonda tədarük edilən və müvafiq bitki üzrə səpin müddəti başa çatdıqdan sonra qalıq kimi saxlanılan və yenidən istifadəyə buraxılması nəzərdə tutulan toxumun (bundan sonra -  qalıq toxum) keyfiyyət göstəriciləri müvafiq dövlət standartlarına uyğun olmalıdır.

4.3.  Fondda saxlanılan qalıq toxumun səpin materialı kimi istifadəsi (satılması) bazar qiymətləri ilə həyata keçirilir.

4.4. Qalıq toxumun keyfiyyət göstəriciləri müəyyən edilmiş dövlət standartlarına uyğun olmadıqda, əmtəəlik məhsul kimi istifadə edilir (satılır).

4.5. Qalıq toxumun əmtəəlik məhsul kimi istifadəsi barədə qərar Dövlət Sifarişçisi tərəfindən qəbul edilir. Bu halda həmin toxumun maya dəyəri və satış qiyməti arasındakı fərq Fondun vəsaiti hesabına ödənilir.

4.6. Fondda saxlanan kimyəvi və bioloji preparatlarla işlənilmiş qalıq toxumun keyfiyyət göstəriciləri dövlət standartlarına uyğun olmadıqda, həmin qalıq Dövlət Sifarişçisinin qərarı ilə silinir və onun dəyəri Fondun vəsaiti hesabına ödənilir.

 

 

5. Fondun fəaliyyətinin maliyyə təminatı

 

5.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

5.1.1. Fondun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar sortların toxumunun istehsalının və tədarükünün həyata keçirilməsi üçün dövlət büdcəsindən  ayrılan vəsaitlər;

5.1.2. Fondda saxlanılan toxumun istifadəsindən əldə olunan vəsait;

5.1.3. dövlət və qeyri-hökumət təşkilatları, habeləhüquqi və fiziki şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələr;

5.1.4. qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxilolmalar. 

5.2. Fondun vəsaiti onun hesablaşma hesabında yığılır və  Dövlət Sifarişçisinin təsdiq etdiyi gəlir və xərclər smetası əsasında istifadə olunur.

5.3. Fondun vəsaitlərinin xərc istiqamətləri aşağıdakılardır:

  5.3.1. Fonda toxumun tədarük edilməsi və saxlanılması;

5.3.2. Fondun işçilərinin əməkhaqqının ödənilməsi;

5.3.3. Fondun fəaliyyətində iştirak edən işçilərin mükafatlandırılması (Fondun vəsaitinin 5 faizindən çox olmamaq şərtilə);

5.3.4. ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsi və stimullaşdırılması;

5.3.5. Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, işlərin yerinə yetirilməsi üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər avadanlıqların alınması;

5.3.6. Fondun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində digər xərclərin ödənilməsi.

Qeyd. Fonda daxil olan vəsaitdən Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-praktiki konfransların və tədbirlərin keçirilməsi, elmi-tədqiqat, təcrübi-metodiki işlərin aparılması, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə istifadə edilə bilər.

5.4. Tədarük edilmiş toxumdan istifadə barədə hər ilin yekunlarına görə Fond tərəfindən hesabat hazırlanır və Dövlət Sifarişçisinə təqdim olunur.

5.5.  Fondun il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilir.

 

 

“Dövlət Toxum Fonduna toxumun tədarükü,

saxlanılması  və istifadəsi Qaydaları”na

1 nömrəli əlavə

 

Məntəqələrdə (anbarlarda) toxumun saxlanılmasınaolan tələblər

 

1. Toxumun Fondda saxlanılması  bir vegetasiya ili müddətinə nəzərdə tutulur.

2. Toxumun tədarükü və saxlanılması kompleks tədbirlər planı olub, toxumun səpin keyfiyyətinin (cücərməsi, təmizliyi, nəmliyi) saxlanılmasına, toxumun yenidən nəmlənməsinin, zibillənməsinin və xarab olmasının aradan qaldırılmasına yönəldilir.

3. Səpin üçün hazır olan toxumlar  anbar zərərvericilərindənzərərsizləşdirilmiş, nəmlikdən, zibillənmədən və xarab olmadan qorunması mümkün olan döşəməli, arakəsməli anbar, konteyner və silos tipli toxumsaxlayıcılarda saxlanılır.

4. Toxum anbarda açıq (topa) halda, kisədə (elit və 1-ci reproduksiyalı) və kağız torbalarda (orijinal)saxlanıla bilər. Elit və 1-ci reproduksiyalı toxumların açıq saxlanılmasına icazə verilmir.

5. Saxlanmaya qəbul olunmuş toxumlar bitkilər, sortlar, kateqoriyalar və partiyalar üzrə yerləşdirilir.

6. Toxumun məntəqələrdə (anbarlarda) saxlanılması üçün nəmliyi kondisiyalı olmalıdır. Kondisiyaya çatdırılmış toxumlar toxumsaxlayıcıda toxumun aid olduğu temperaturda, onu əhatə edən havanın nəmliyində saxlanılır.

7. Əgər toxum materialı açıq-topa  halında saxlanılarsa, toxum partiyası bir-birindən təcrid edilmiş bölmələrdə olmalıdır. Bölmələrin altı taxta ilə döşənməlidir. Tığın hündürlüyü 2-3 m-dən artıq olmamalıdır.

8. Toxumları kisədə saxlayan zaman kisələr döşəmədən ən azı 15 sm hündürlükdə olan taxta palitralar üzərində sıra ilə düzülərək, topa halında yığılır. Sıralar divardan ən azı 70 sm məsafədə olmalıdır.

9. Texnoloji əməliyyatlar və toxumun vəziyyəti barədə müşahidələr aparmaq məqsədi ilə, sıralar arasındakı məsafə 1,5 m-dən az olmamalıdır. Toxum kisələrinin sırasının uzunluğu toxumsaxlayıcı anbarın sahəsindən və toxum partiyasının həcmindən asılıdır. Sıranın hündürlüyü dənli, sünbüllü, qarğıdalı və noxud üçün (toxumun nəmliyi 14 %-dən çox olmamaq şərtilə) 15 sıra ola bilər. Kisələrin sıraya düzülməsi və daşınmasınınmexanikləşdirilməsi nəzərdə tutulduqda, sıralar arasındakı məsafə ən azı 2,5 m olmalıdır. Sırada kisələrin üst-üstə düzülüşü hündürlüyü 8 kisədən artıq olmamalıdır.

10. Sıraya vurulmuş kisələrin yeri hər 4-6 aydan bir dəyişdirilir. Bu zaman ən üstdəki kisələr alt sıraya, alt sıradakı kisələr isə yuxarı yığılmalıdır.

11. Silos tipli saxlayıcılarda tığın hündürlüyü  5 m-ə qədər ola bilər.

 

 

 

“Dövlət Toxum Fonduna toxumun tədarükü,

saxlanılması və istifadəsi Qaydaları”na

2 nömrəli əlavə

 

 

Toxum saxlanılan məntəqələrə (anbarlara) dair tələblər

 

1. Toxum saxlanılan məntəqələr (anbarlar), digər köməkçi bina və qurğular aşağıdakı sanitar və texniki tələblərə cavab verməlidir:

1.1. toxum müvafiq texniki avadanlıqlarla təchiz edilmiş işlək vəziyyətdə olan metal və ya beton konstruksiyalarda  (anbarlarda) saxlanılmalıdır;

1.2. toxum saxlanılan məntəqənin (anbarın) ətrafı  daş divarla və ya digər mühafizə materialları ilə hasarlanmalı, məntəqənin (anbarın), bina və qurğuların işlək hissələri asfaltla və ya beton örtüklə örtülməlidir;

1.3. bina və qurğularda texniki təhlükəsizlik tədbirləri görülməli, yararsız dam örtükləri təmir olunmalı, ərazidə atmosfer çöküntülərinin və yeraltı qrunt sularının axıdılması müvafiq vasitələrlə təmin edilməlidir;

1.4. bina və qurğuların normal işıqlandırılma və daimi havalandırma sistemi olmalıdır;

1.5. toxumun  tədarükünə başlanılmazdan əvvəl bina və qurğularda xəstəlik və zərərvericilərə qarşı təmizləmə və dezinfeksiya işləri aparılmalıdır;

1.6. toxum saxlanılan məntəqədə işlək və saz vəziyyətdə toxum yükləyən və boşaldan vasitələr olmalıdır;

1.7.  hər bir toxum saxlanılan məntəqə (anbar) toxumun keyfiyyətinə nəzarət məqsədi ilə müvafiq cihaz və avadanlıqlarla (şup, termoştanq, psixometr), etiketlərlə, plomblarla, bütün toxum materialını etiketləmək üçün blanklarla təmin olunmalıdır.

 

 

“Dövlət Toxum Fonduna toxumun tədarükü,

saxlanılması və istifadəsi Qaydaları”na

3 nömrəli əlavə

 

Qablaşdırılmış toxumun qeydiyyata alınması

 

1. Saxlanılması nəzərdə tutulan toxum partiyasının üzərinə etiket yapışdırılır.

2. Toxumun üzərindəki etiketdə aşağıdakı məlumatlar qeyd edilir:

2.1. bitki;

2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma);

2.3. kateqoriya (reproduksiyalı toxum nəsli üçün);

2.4. məhsul ili;

2.5. partiyanın nömrəsi (nəzarət vahidi);

2.6. fraksiyanın nömrəsi (kalibra olunmuş toxumlar üçün);

2.7. qablaşdırılmış vahidin kütləsi, netto;

2.8. toxumda olan qarışıqların faizlə miqdarı (“qarışıq toxum” partiyaları üçün);

2.9. toxumun mənşəyi;

2.10. dərmanlayıcının və zər (pərdə) əmələgətirən maddənin adı;

2.11. toxum sənədlərinin nömrəsi (daxilə qoyulmuş etiketdə göstərməmək olar);

2.12. qəbul olunmuş standartın işarə olunması;

2.13. toxumun qablaşdırılması tarixi.

3.  Göstərilən məlumatlar müntəzəm olaraq qabın üzərində (kisədə, konteynerdə və s.), silinməyən boya və ya digər vasitələrlə yazılmalıdır. Bu etiket toxumun daxilinə qoyulmur.Qablaşdırılmış toxumun daxilinə qoyulan etiketdə ancaq bitkinin adı, sort və toxum partiyasının nömrəsi göstərilir.

4. Orijinal toxumlarda bənövşəyi, elit toxumlarda ağ, hibrid və 1-ci reproduksiyalı toxumlarda  mavi, 2-ci reproduksiyalı və ondan sonrakı nəsillərdə qırmızı, qarışıq toxumlarda isə  yaşıl rəngdə etiketlərdən (yarlıklardan) istifadə olunur.

5. Dərmanlanmış və qablaşdırılmış hər bir toxumun üzərinə “Dərmanlanmışdır! Zəhərlidir!” xəbərdaredici qeydyazılır. Belə toxumlar təcrid olunmuş binalarda müvafiq sanitar qaydalara əməl edilməklə saxlanılır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video