18 Dekabr 2015 07:12
794
Turizm
A- A+

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizəkçilik mövsümünün açılışı olub

Dekabrın 18-də Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümünün açılışı olub və dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilib.

Kompleksin direktoru Əvəz Nəbiyev AZƏRTAC-a bildirib ki, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün kompleksdə hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Peşəkar təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə necə hərəkət etməyi öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilirlər.

Kompleksdə növbətçi və həkim qrupları fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam edəcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili, onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Şagirdlər üçün ötən xizəkçilik mövsümündə də pulsuz təlimlər təşkil edilmişdi və ümumilikdə 1000-dən çox məktəbli təlimlərdən bəhrələnərək xizəkçiliyin sirlərinə yiyələnib. Həmçinin kompleks tərəfindən KİV nümayəndələri üçün ayda iki dəfə dağ-xizək idmanı üzrə ödənişsiz olaraq təlimlərin təşkili, onların kanat, otel və restoran xidmətlərindən pulsuz bəhrələnməsi üçün tədbirlərin görülməsi planlaşdırılır.

Hazırda xizək trassasında 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Xizəkdən istifadə etmək üçün yarım günə 20 manat ödənilməlidir.

Əvəz Nəbiyev qeyd edib ki, bölgədə ən çox turist qəbul edən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər görülür. Ötən il yanvarın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-də tikinti işləri yekunlaşıb. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir.

Kompleks rəhbərinin sözlərinə görə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən iki il ərzində 270 min nəfər yerli və xarici qonaq bəhrələnib. Hazırda kompleksin ərazisi qalın qar örtüyü ilə əhatə olunub və xizəkçilik üçün əlverişli şərait mövcuddur. Qarşıdakı günlərdə, eləcə də Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar tətil günlərində Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 20 minə yaxın xizək həvəskarının Qəbələyə gələcəyi gözlənilir. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir.

Turistlər əvvəlcə kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkili çəkdirirlər. Bir nəfər üçün 10 manat ödəməklə kompleksin 4 kanat yolu ilə dağlarda 6 kilometr məsafə qət etmək mümkündür. Turistlərin 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanı var. Kompleksin ərazisində böyüklər və uşaqların istirahəti üçün hər cür şərait mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video