Alternative content

07:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərb sənətini çox sevdim
Hərb sənətini çox sevdim
ANA SƏHİFƏ / Oxucu məktubları
12:12 16.12.2015

 

Torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunanda mən hələ dünyaya gəlməmişdim. Cəbhədə atəşkəs elan olunan ildə - 1994-cü ildə anadan olmuşam. Lakin ağlım kəsəndən evdə, məktəbdə ən çox eşitdiyim köçkünlük, doğma yurd həsrəti, işğal olunmuş torpaqlarımız, bir də şəhidlərimiz haqqında sözlər olub. Təbii ki, ilk vaxtlar bunlar məndə suallar yaradardı: “Niyə köçkünük, niyə igidlərimiz şəhid olub?”

İllər ötdükcə başa düşdüm ki, digər məcburi köçkünlər kimi, bizim ailəmiz də ermənilərin vəhşiliyi ucbatından öz yurd-yuvasından - Cəbrayıl rayonundan ayrı düşüb. Odur ki, bu gün Bakıda yaşayırıq.

Yeniyetməlik və gənclik illərim ölkəmizin inkişaf etdiyi, yeni həyata başladığı  dövrə düşüb. Valideynlərimdən fərqli olaraq qaçqınlıq, köçkünlük  həyatını, ağrı-acını o qədər də hiss etməmişəm. Ancaq onların işğaldan qabaqkı həyatı, doğma kəndləri, çəkdikləri ağrı-acılar haqqında o qədər eşitmişəm ki, sanki mən də o həyatı görmüşəm, o acıları yaşamışam...

Bütün bunlar heç özüm də bilmədən gələcək taleyimi, arzu və istəklərimi formalaşdırırdı. Erməni qəsbkarlarına qarşı nifrətim günbəgün artırdı. Daha tez böyüyüb əsgər olmaq haqqında fikirləşirdim. Güclü və məlumatlı olmaq üçün isə idmana maraq göstərir, əzəli torpaqlarımız, işğal olunmuş ərazilərimiz haqqında biliyimi artırırdım.

Nəhayət, bu gün arzularımın bir hissəsi gerçək olub - əsgərəm! Komandir və zabitlər hərb sənətinin sirlərini əsgərlərə öyrədir, onları əsl vətənpərvər kimi yetişdirirlər. Hərbi hissədə özümü daha gümrah, sağlam və güclü hiss edirəm. Hərbi geyimimlə, ordumuzla, başımın üstündə dalğalanan Azərbaycan bayrağı ilə fəxr edirəm! Mənə elə gəlir ki, əsgər olmaq bizi öz ata-baba yurdumuza bir az da yaxınlaşdırır, ümidimizi daha da artırır, orduya güvəni birə min edir. Bəlkə də elə ona görədir ki, bu gün hərb sənəti mənim ən çox sevdiyim peşəyə çevrilib. İnşallah, əsgəri xidmətimi başa vurub zabit kimi Vətənimə qulluq etmək qərarındayam.

İndisə hərbçi dostlarımla işğal olunmuş torpaqlarımızı azad edəcəyimiz günü - Ali Baş Komandanın əmrini gözləyirik.

 

Röyal ALLAHVERDİYEV,

N saylı hərbi hissənin əsgəri