İsmayıllı şəhər bazarının qarşısındakı sahə nəqliyyatın hərəkətinə maneçilik yaradan bir durumda idi. Xüsusilə istirahət günlərində şəhərin Yuxarıbaş məhəlləsinin bütün istiqamətlərinə nəqliyyatın hərəkəti çətinləşirdi. “Şahdağ” kiçik müəssisəsi (özəl bazar belə adlanır) qeyd olunan ərazidən dayanacaq kimi istifadə edir, müəyyən məbləğ qazanır, lakin abadlıq yaratmağa imkan tapmırdı.
Bazara gedib-gələn alıcı və satıcıların, yolu burdan keçən sakinlərin bir qrupu bazar meydanındakı vəziyyəti yaxşılaşdırmaq xahişi ilə rayon icra hakimiyyətinə müraciət etdi. Əhalinin istək və təkliflərinə həssaslıqla yanaşıldı və bu ərazini abadlaşdırmaq məqsədilə “Saat meydanı” layihəsi hazırlandı. Sakinlərin iştirakı ilə layihə müzakirə olundu, bəyənildi və ləngimədən işə başlanıldı. Ilk növbədə yaxınlıqda müasir avtodayanacaq yaradıldı.
Layihəyə əsasən, meydanda 8 metr hündürlüyündə saat qülləsi quraşdırılacaq. Ərazidə dekorativ ağaclar, kollar, güllər əkiləcək, çəmənlik salınacaq. Ətrafdakı dükanlar milli memarlıq elementləri ilə zəngin üslubda yenidən qurulacaq.
“Saat meydanı”na bitişik boş sahədə xalq sənətkarlığı bazarı da yaradılacaq. Orada sənətkarlıq məhsullarının istehsalı və satışı təşkil olunacaq. Bununla da misgər, dəmirçi, qalayçı dükanları turizm imkanları yüksələn İsmayıllıda daha cəlbedici hala gələcək.
Beləliklə, şəhərin daha bir məkanı abadlaşacaq.
Valeh SALEHOV,
İsmayıllı şəhər sakini