Alternative content

05:35 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:04 01.04.2012

 

Ailə qurarkən ərimin əvvəlki nikahdan 2 uşağı vardı. Birgə nikahımızdan daha 3 övladımız oldu. Ərimin əvvəlki nikahdan olan 2 uşağını da övladlığa götürmüş və bir ana kimi tərbiyə edərək böyütmüşəm. Belə olan halda, mənim pensiya yaşım "Əmək pensiyaları haqqında" qanuna əsasən hər uşağa görə 1 il azaldıla bilər?

 

Çiçək ŞAMİLOVA,

Masazır qəsəbəsi

 

- "Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Göründüyü kimi, qanunun 8.1-ci maddədə nəzərdə tutulmuş güzəştdən istifadə edə bilmək üçün 3 şərtin birlikdə mövcud olması tələb edilir:  1. beş və daha çox uşaq doğmaq; 2. həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmək; 3. azı 10 il sığorta stajına malik olmaq. Qeyd edilən 3 şərtdən birinin olmaması 8.1-ci maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmasını istisna edir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) 30 iyul 2010-cu il tarixli sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş və qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş "uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş" müddəasının bəzi kateqoriya qadınların sosial təminat hüququnun qanunla müəyyən edilmiş güzəştlərindən kənarda qalmasını və ayrı-seçkiliyə səbəb olmasını göstərmişdir. Çünki "uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş" müddəası beş və daha çox uşaq övladlığa götürən və onları səkkiz yaşınadək tərbiyə edən anaların və ya uşaqları səkkiz yaşınadək tərbiyə edən ögey anaların qeyd olunan güzəştlərdən kənarda qalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sözügedən sorğu əsasında konstitusiya işinə baxmış və 1 dekabr 2010-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarla "Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsini Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə uyğun hesab etmişdir. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların yaşa görə pensiya hüququnun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla uyğunlaşdırılmasını Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.

Beləliklə, siz "Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququna malik deyilsiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi