04 Dekabr 2015 01:12
722
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 341

 

№ 342                                    Bakı şəhəri, 26 oktyabr 2015-ci il

 

“ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

 

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “ASAN  ödəniş” sisteminə qoşulmaq üçün texniki  tələblər” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “ASAN ödəniş” sistemindən istifadə Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “ASAN ödəniş” sisteminin iştirakçıları sistemə qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki tələblərə uyğunluğunu təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 26 oktyabr

tarixli 341 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

 

 

 

“ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər

 

  1. 1.    Ümumi müddəa

 

1.1.                Bu texniki tələblər “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının “ASAN ödəniş” sisteminə (bundan sonra – sistem) qoşulması üçün texniki tələbləri müəyyən edir.

 

  1. 2.    İnformasiya sisteminin və ehtiyatlarının sistemlə əlaqəli olan komponentlərinə dair tələblər

 

2.1. Sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının sistemlə əlaqəsi aşağıda göstərilən komponentlərdən (mövcud infrastruktur çərçivəsində) təşkil olunur:

2.1.1. təhlükəsizlik serveri;

2.1.2. uyğunlaşdırma (adaptasiya) serveri;

2.1.3. istifadəçi interfeysi;

2.1.4. lokal monitorinq stansiyası.

2.2. Təhlükəsizlik serveri sistem üzərindən aparılan məlumat mübadiləsində vasitəçiliyi həyata keçirməklə aşağıdakıları təmin etməlidir:

2.2.1. göndərilən məlumatların imzalanmasını və alınan məlumatların imzalarının yoxlanılmasını;

2.2.2. onun vasitəsilə ötürülən məlumatların arxivləşdirilməsini;

2.2.3. sorğu verən tərəfin xidmətdən istifadəetmə hüququnun yoxlanılmasını və icazəsiz girişin bloklanmasını;

2.2.4. digər sistem iştirakçılarının təhlükəsizlik serverləri ilə aparılan mübadilə məlumatlarının şifrlənmə vasitəsilə məxfiləşdirilməsini.

2.3. Təhlükəsizlik serveri məlumatları şifrələyib imzalamaq üçün Sertifikat Mərkəzi tərəfindən sistem iştirakçılarına verilmiş sertifikatlardan istifadə etməlidir.

2.4.Uyğunlaşdırma (adaptasiya) serveri sorğuların verilməsini və onlara təqdim edilən cavabların sistemin tələblərinə uyğun formaya çevrilməsini təmin etməlidir.

2.5. İstifadəçi interfeysi sistem istifadəçilərinin hüquqlarının idarə edilməsini təmin etməli və yalnız icazəsi olanlara həmin xidmətlərdən istifadəetmə imkanını yaratmalıdır.

2.6. Lokal monitorinq stansiyası sistem iştirakçılarının təhlükəsizlik serverinin vəziyyətinin izlənilməsini və informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.

2.7. Təhlükəsizlik serveri vasitəsilə ötürülən məlumatlara lokal monitorinq stansiyasının giriş hüquqları olmamalıdır.

2.8. Bu texniki tələblərin 2.1-ci bəndində qeyd olunan komponentlər sistem iştirakçılarının daxili şəbəkəsində quraşdırılmalı və onların təhlükəsizliyi şəbəkədaxili sistemlərdə olan təhlükəsizlik səviyyəsindən aşağı olmamalıdır.

 

  1. 3.    Sistemə qoşulma ilə əlaqədar sistem iştirakçılarının təmin edəcəyi texniki tələblər

 

3.1.  Sistem iştirakçıları sistemə qoşulma ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidirlər:

3.1.1. informasiya sistemi və ya informasiya ehtiyatı ilə sistem arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsini;

3.1.2. təhlükəsizlik serverinin quraşdırılmasını, onun mərkəzi serverdə qeydiyyatdan keçirilməsini və bu məqsədlə:

3.1.2.1.    təhlükəsizlik serverinin əməliyyat sisteminin və onun proqram təminatının quraşdırılmasını;

3.1.2.2.    şəbəkə interfeyslərinin konfiqurasiyalarının müəyyənləşdiril-məsini;

3.1.2.3.    mərkəzi serverlərin ünvanlarının daxil edilməsini;

3.1.2.4.    mərkəzi serverlərin sertifikatlarının və açıq açarlarının daxil edilməsini;

3.1.2.5.    Sertifikat Mərkəzinin sertifikatının və açıq açarının daxil edilməsini;

3.1.2.6.    təhlükəsizlik serverinin şifrləmə açarlarının generasiya edilməsini;

3.1.2.7.    şifrləmə açarının sertifikatına dair sorğunun təşkil edilməsini;

3.1.2.8.    təhlükəsizlik serverinin elektron imza açarının generasiya edilməsini;

3.1.2.9.    elektron imza açarının sertifikatına dair sorğunun yaradılmasını;

3.1.2.10.      generasiya edilmiş açarın Sertifikat Mərkəzinin inzibatçısına təhvil verilməsini;

3.1.3. sistem vasitəsilə sorğu vermək hüququna malik olan şəxslərin və ya vəzifələrin təyin edilməsini;

3.1.4. uyğunlaşdırma (adaptasiya) serverinin yaradılmasını, quraşdırılmasını və bu məqsədlə:

3.1.4.1.     əməliyyat sisteminin quraşdırılmasını;

3.1.4.2.    veb serverin (web server) yaradılmasını  və əlaqəli paketlərin yüklənilməsini;

3.1.4.3.     HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsini;

3.1.4.4.    uyğunlaşdırma (adaptasiya) serverinin konfiqurasiya edilməsini və konfiqurasiyanın təhlükəsizlik serverində saxlanılmasını;

3.1.5. informasiya sisteminin və ehtiyatlarının informasiya təhlükəsizliyinin təmin edilməsini;

3.1.6. server inzibatçısının təyin edilməsini.

3.2.       Server inzibatçısı uyğunlaşdırma (adaptasiya) serverinin aşağıdakı parametrlərini dəyişdirə bilər:

3.2.1. İP ünvanını;

3.2.2. istifadə etdiyi protokolunu (HTTP və ya HTTPS).

 

  1. 4.                  Sorğulara aid tələblər

 

4.1.  Sistemə qoşulmuş informasiya sistemi SOAP (Simple Object Access Protocol) və REST (Representational State Transfer) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.

4.2.  Sorğunun sistemdən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 2 (iki) saniyədən artıq olmamalıdır.

4.3.  Təhlükəsizlik serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.

4.4.  Məlumatların ötürülməsində 1giqabit/saniyədən az olmayan ötürmə sürətini dəstəkləyən L2 və daha yüksəksəviyyəli şəbəkə avadanlığı istifadə edilməlidir.

 

  1. 5.    Sistemə qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsinə dair tələblər

 

5.1.   Sistemə qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:

5.1.1.  işçi yeri;

5.1.2. qurumun alt strukturları;

5.1.3. qurum.

5.2.  Sistemə qoşulan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təmin olunmalıdır:

5.2.1. informasiyanın fiziki qorunması;

5.2.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;

5.2.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;

5.2.4. “əks-sorğu” müdafiəsi.

5.3.  Sistem iştirakçılarının sistemə müraciəti yalnız Sertifikat Mərkəzi tərəfindən verilmiş sertifikata malik olan təhlükəsizlik serveri vasitəsilə aparılmalıdır. Həmin təhlükəsizlik serverində mübadilə prosesi zamanı məlumatların əvvəlcədən şifrlənməsi, Sertifikat Mərkəzi tərəfindən verilmiş sertifikatla həmin server tərəfindən imzalanması və şifrlənmiş qeydiyyat jurnalının aparılması təmin olunmalıdır.

5.4.  Sistem iştirakçılarının sistemə müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sistemin operatoru tərəfindən verilmiş sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.

5.5.  Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:

5.5.1.          gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) sertifikatı;

5.5.2.          sistemin operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri.

5.6.  Sistemə qoşulmuş informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı sorğunun təşəbbüskarı olan sistem iştirakçılarının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli şəxs (şəxslər) elektron xidmət istifadəçisi hesab edilir.

5.7.  Sistemdən istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar sistemin operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.

 

  1. 6.    Yekun müddəa

 

  6.1.Butələblərdə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 __________________

 

 

 Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 26 oktyabr

tarixli 341 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

 

“ASAN ödəniş” sistemindən istifadə

QAYDALARI

 

  1. 1.    Ümumi müddəalar

 

1.1.   “ASAN ödəniş” sistemindən istifadə Qaydaları” (bundan sonra – Qaydalar) “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanının  2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və “ASAN ödəniş” sistemindən (bundan sonra – sistem) istifadə qaydalarını müəyyən edir.

1.2.  Sistem Azərbaycan Respublikasının mülkiyyətidir və saxlanılma, fəaliyyət və inkişaf xərcləri dövlət büdcəsi və normativ hüquqi aktlarla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.3.  Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. “ASAN ödəniş” nömrəsi” – sistem vasitəsilə həyata keçirilən SMS məlumatlandırma zamanı sistem istifadəçilərinin mobil telefon nömrəsinə göndərilən səkkizrəqəmli kod;

1.3.2. “Asan imza nömrəsi” - elektron imzanın yaradılması və yoxlanılması üçün istifadə edilən və sertifikat xidmətləri mərkəzi tərəfindən aktivləşdirilən mobil telefon nömrəsi;

1.3.3. “Asan imza istifadəçi ID-si(identifikasiya nömrəsi)” –sertifi-kat xidmətləri mərkəzi tərəfindən verilmiş “Sertifikatın aktivləşdirilməsi haqqında Bildiriş”də qeyd edilən altırəqəmli kod.

1.4.  Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

  

2. Sistemə göndərilən məlumatlar

 

2.1.       Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (bundan sonra – Fərman) ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 7.1-ci bəndində göstərilən məlumatlar sistem iştirakçıları tərəfindən real vaxt rejimində sistemə göndərilir.

2.2.       Sistemin iştirakçıları əlavə olaraq aşağıdakıların sistemə göndərilməsini təmin edir:

2.2.1. inzibati xəta haqqında protokolu və işin digər materiallarını;

2.2.2. inzibati xətanın törədilmə yerini və vaxtını;

2.2.3. inzibati xəta haqqında iş üzrə qərarın icrasının təxirə salınması, dayandırılması, ona möhlət verilməsi məsələləri barədə qərardadı;

2.2.4. fərdi sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN);

2.2.5. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokoldan və ya inzibati xəta haqqında iş üzrə qərardan sistemdənkənar verilmiş vəsatətlər və ya şikayət barədə məlumatları (şikayət üzrə iş materiallarını (ərizələri), vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını;

2.2.6. hesablanmış dəbbə pulunun məbləği və ya onun hesablanmasının dayandırılması barədə məlumatları;

2.2.7. inzibati cərimələrin, dəbbə pulunun, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin, “Dövlət rüsumu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş digər ödənişlərin edilməsi, o cümlədən xeyrinə ödəniş aparılacaq şəxslərin və dövlət orqanlarının bank və xəzinədarlıq hesablarına köçürülməsi barədə məlumatları;

2.2.8. sistem iştirakçısının və operatorun sistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları.

 

  1. 3.    Sistem iştirakçılarının sistemdən istifadəsi

 

3.1.  Sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının sistemə qoşulması Əsasnamə və “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”lə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.2.  İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar informasiya sistemlərinin və ehtiyatlarının sistemə qoşulması üçün mərkəzi informasiya sistemlərini yaradır.

3.3.   Fərmanın 5-ci hissəsinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlarla yanaşı, sistemin fəaliyyətində iştirak etmək istəyən digər dövlət orqanları, habelə bələdiyyələr və hüquqi şəxslər öz təşəbbüsü və sistemin operatorunun razılığı əsasında sistemə qoşula bilərlər.

3.4.  Bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq sistemin fəaliyyətində iştirak etmək istəyən digər dövlət orqanları, habelə bələdiyyələr və hüquqi şəxslər sistemə qoşulmaq üçün texniki tələblərdə qeyd edilən müddəaların icrasını təmin etməli və zəruri texniki-texnoloji infrastruktura malik olmalıdır (zəruri texniki-texnoloji infrastruktura malik olma sistemin operatoru tərəfindən yoxlanılır). Onların sistemə qoşulması Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5.  Sistemin iştirakçıları informasiya sistemləri və ehtiyatları ilə digər qurumların informasiya sistemləri və ehtiyatları arasında zəruri inteqrasiyanı təmin etməli və aktual, tam məlumatları sistemə göndərməlidirlər.

3.6.  Sistemin iştirakçıları sistemə qoşulduqdan və əlaqəli informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyası təmin edildikdən sonra bu Qaydaların 2-ci hissəsində göstərilən məlumatların dərhal real vaxt rejimində sistemə göndərilməsini təmin etməlidirlər.

3.7.  Bu Qaydaların 2-ci hissəsində qeyd edilən sənədlər sistemin iştirakçısı tərəfindən kağız daşıyıcıda tərtib edildikdə, həmin günün sonunadək sistem iştirakçısının mərkəzi informasiya sisteminə daxil edilir və dərhal real vaxt rejimində sistemə göndərilir. 

3.8.   Həmin sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sistemin iştirakçısı tərəfindən elektron sənəd şəklində tərtib edildikdə, sistem iştirakçısının mərkəzi informasiya sisteminə daxil edildikdən sonra dərhal real vaxt rejimində sistemə göndərilir.

3.9.  Bu Qaydaların 2-ci hissəsində qeyd edilən məlumatlar sistem iştirakçısının mərkəzi informasiya sisteminə daxil edildikdən sonra dərhal real vaxt rejimində sistemə göndərilir.

3.10.             Bu Qaydaların 2.2.5-ci yarımbəndində qeyd edilən sənədlər sistemin iştirakçısına daxil olduqdan və ya sistemin iştirakçısı tərəfindən tərtib edildikdən sonra  həmin günün sonunadək iştirakçının mərkəzi informasiya sisteminə daxil edilir və dərhal real vaxt rejimində sistemə göndərilir.

3.11.    Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında elektron protokol tərtib edilmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 429-6.2.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan 10 (on) gün müddətində vəsatət vermədikdə, qeyd edilən protokolun inzibati tənbeh tətbiqetmə haqqında qərar hesab edilməsi barədə məlumat növbəti gündən (10 (on) günlük müddət başa çatdıqdan sonra növbəti gün) gec olmayaraq, sistem iştirakçısının mərkəzi informasiya sisteminə daxil edilir və dərhal real vaxt rejimində sistemə göndərilir.

3.12.    Dəbbə pulu hesablanması və onun hesablanmasının dayandırılması ilə bağlı məlumatlar hesablanmanın başlanıldığı və ya dayandırıldığı gün ərzində sistem iştirakçısının mərkəzi informasiya sisteminə daxil edildikdən sonra dərhal real vaxt rejimində sistemə göndərilir.

3.13.    Bu Qaydaların 2.2.7-ci yarımbəndində qeyd edilən ödənişlər sistem vasitəsilə qəbul edildikdə, bu barədə məlumatlar sistemin operatoru tərəfindən dərhal real vaxt rejimində sistemin iştirakçılarına göndərilir. Sistemdənkənar edilən ödənişlər barədə məlumatlar ödənişi qəbul edən bank, poçt və ya digər ödəniş təşkilatları tərəfindən dərhal real vaxt rejimində sistemə göndərilir.

3.14.    Sistemin iştirakçıları tərəfindən göndərilən foto və qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları 1 (bir) il, digər məlumatlar isə 3 (üç) il müddətində sistemin məlumat bazasında, onların ehtiyat surətləri isə sistemin məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.15.    Sistemə göndərilən məlumatların məzmununda çatışmazlıqlar və ya göndərilməsi prosesində problemlər aşkar edildikdə, sistemin operatoru tərəfindən sistemin iştirakçılarına 1 (bir) iş günü müddətində elektron formada bildiriş göndərilir. Həmin çatışmazlıq və problemlər  sistemin iştirakçıları tərəfindən təxirə salınmadan aradan qaldırılır və sistemin operatorunun görülən işlər barədə elektron bildiriş əsasında məlumatlandırılması 1 (bir) iş günü müddətində həyata keçirilir.

3.16.    Bu Qaydaların 2-ci hissəsində göstərilən məlumatlarda dəyişiklik olduqda, yenilənmiş məlumatlar 1 (bir) iş günü müddətində sistem iştirakçısının mərkəzi informasiya sisteminə daxil edilir və dərhal real vaxt rejimində sistemə göndərilir.

3.17.    Sistemin iştirakçıları sistemin dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək üçün mütəmadi olaraq öz təşəbbüsü və ya sistem operatorunun əsaslandırılmış tələbinə uyğun olaraq sistemə qoşulan informasiya sistemlərində və ehtiyatlarında zəruri dəyişiklik və təkmilləşdirmələr aparmalıdır. Sistemin iştirakçıları aparılan dəyişiklik və təkmilləşdirmələr barədə 1 (bir) iş günü müddətində sistemin operatoruna elektron bildiriş göndərməlidir.

3.18.    Sistemin iştirakçıları sistemə qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında nəzərdə tutulan profilaktiki, təmir, sazlama və digər texniki işləri sistemin fəaliyyətinə təsir edəcəyi halda ən azı 5 (beş) iş günündən əvvəl sistemin operatoruna məlumat verməlidirlər. Sistem iştirakçıları bu bəndin birinci cümləsində qeyd edilən işləri yalnız sistem operatorunun yazılı razılığını aldıqdan sonra keçirirlər.

3.19.    Sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini, müqavilənin şərtlərini pozduqda və ya sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, ona sistemin operatoru tərəfindən nöqsanların aradan qaldırılması üçün dərhal xəbərdarlıq göndərilir.

3.20.    Sistem operatorunun etdiyi xəbərdarlıqda göstərilənlər sistemin iştirakçıları tərəfindən 1 (bir) iş günü müddətində yerinə yetirilmədikdə, operator onun sistem üzrə fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək dayandırır və ona bu barədə 1 (bir) iş günü müddətində elektron bildiriş göndərir. Nöqsanlar aradan qaldırıldıqdan sonra sistem iştirakçısının verdiyi məlumatlar əsasında sistem üzrə fəaliyyəti 1 (bir) iş günü müddətində bərpa olunur.

3.21.    Sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının sistemdən ayrılması Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

  1. 4.    Sistem istifadəçilərinin sistemdən istifadəsi

 

4.1.  Sistemin istifadəçiləri sistemdən aşağıdakı vasitələrlə istifadə edə bilərlər:

4.1.1. internet;

4.1.2. xüsusi ödəmə terminalı;

4.1.3.      mobil telefon aparatı.

4.2.  Sistemdən internet vasitəsilə istifadə sistem operatorunun internet informasiya resursu (www.asanpay.az) üzərindən aşağıdakı üsullarla həyata keçirilir:

4.2.1. sistemdə qeydiyyatdan keçmədən;

4.2.2. sistemdə qeydiyyatdan keçməklə;

4.2.3. gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə.

4.3.  Sistemdə qeydiyyatdan keçmədən istifadə üçün mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən “ASAN ödəniş” nömrəsi”  “ASAN ödəniş” nömrəsi ilə giriş” bölməsinə daxil edilməli və yaxud yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi “Qeydiyyatsız ödəmə” bölməsinə daxil edilməlidir.

4.4.  Sistemin istifadəçiləri gücləndirilmiş elektron imza (“ASAN imza” istisna olmaqla) vasitəsilə sistemdən yalnız bu cür istifadəyə imkan verən zəruri informasiya texnologiyalarına malik olduqda istifadə edə bilərlər. Bu halda sistemin istifadəçiləri gücləndirilmiş elektron imzanın sertifikatını seçməklə, “PİN”ini tələb edilən yerlərə daxil etməlidirlər.

4.5.  “ASAN imza” vasitəsilə sistemdən istifadə etmək üçün sistemin istifadəçiləri “Asan imza nömrəsi”ni və “Asan imza istifadəçi ID”sini tələb edilən yerlərə daxil etməli və “Asan imza nömrəsi”nə göndərilən kodu sorğu yolu ilə mobil telefonunda avtomatik formalaşan “Push message” texnologiyası vasitəsilə sertifikat xidməti mərkəzinə göndərməlidirlər.

4.6.  Sistemin istifadəçiləri sistemdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu, daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu,  elektron ünvanını,  fiziki şəxsin fərdi identifikasiya nömrəsini (FİN) və hüquqi şəxsin və ya fərdi sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) tələb edilən yerlərə daxil etməlidirlər.

4.7.  İstifadəçi adı və parolu formalaşdırıldıqdan və sistemdən istifadə şərtləri ilə tanış olunduqdan sonra sistemdə qeydiyyat tamamlanır. Sistemdə qeydiyyat tamamlanmadan sistemin istifadəçiləri qeydiyyatdan imtina edə bilərlər.

4.8.  Sistemdə qeydiyyatdan keçmiş sistem istifadəçiləri qeydiyyat zamanı əldə etdikləri parolu unutduqda, yeni parol əldə etmək üçün mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu, daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu daxil etməklə yeni parol formalaşdıra bilərlər.

4.9.  Sistemin istifadəçiləri qeydiyyat zamanı əldə etdikləri istifadəçi kodu və parolundan istifadə edərək və ya gücləndirilmiş elektron imza vasitəsilə sistemin operatoru tərəfindən formalaşdırılan elektron kabinetlərə daxil olurlar.

4.10.             Sistemin istifadəçiləri sistemdə qeydiyyatdan və müvafiq autentifikasiyadan keçdikdən sonra yalnız özlərinə aid məlumatları əldə edə və əməliyyatlar həyata keçirə bilərlər.

4.11.             Sistemin istifadəçiləri sistemdə yaradılmış elektron kabinetə daxil olmaqla, bu Qaydaların 2-ci hissəsində göstərilən məlumatlarla tanış ola və onları çap edə bilər və ya həmin məlumatların elektron imza ilə təsdiqlənmiş elektron variantını əldə edə bilərlər. Əgər elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada çıxarış əldə edə bilər.

4.12.             Sistemin istifadəçiləri elektron kabinetə daxil olaraq, özləri barədə Əsasnamənin 7.1.5-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlarda dəyişikliklər edə bilərlər.

4.13.             Əsasnamənin 7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində göstərilən, eyni zamanda, sistem tərəfindən istifadəçinin mobil telefon nömrəsinə ötürülən “ASAN ödəniş” nömrəsi”, inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunduğu, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, məhkəmə qərarının nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə məlumatlar sistemin istifadəçilərinə sistemdə qeyd edilən son dəyişikliklər əsasında göndərilir.

4.14.             Sistemin istifadəçiləri inzibati xəta haqqında iş üzrə qərardan və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokoldan sistemdə yaradılan elektron kabinet vasitəsilə müvafiq olaraq şikayət və vəsatət verə və ya verilmiş şikayət və vəsatətə baxılmasının nəticəsi ilə tanış ola bilərlər.

4.15.             Bu Qaydaların 2.2.7-ci yarımbəndində qeyd edilən ödənişlər sistem operatorunun internet informasiya resursu (www.asanpay.az), əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə quraşdırılmış və sistemə inteqrasiya olunmuş xüsusi ödəmə terminalları və ya sistemin xüsusi proqram təminatı əsasında mobil telefon aparatları vasitəsilə həyata keçirilə bilər. 

4.16.             Sistemdə qeydiyyatdan keçən sistemin istifadəçiləri elektron kabinetə daxil olaraq, inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolla tanış olduqdan sonra ödəniş apara bilərlər. Sistemdə qeydiyyatdan keçməyən sistemin istifadəçiləri isə “ASAN ödəniş” nömrəsi” və “Qeydiyyatsız ödəmə” bölmələrinə daxil olmaqla ödəniş apara bilərlər.

4.17.             Sistem operatorunun internet informasiya resursu (www.asanpay.az) üzərindən ödənişlər ödəniş kartları vasitəsilə aparılır və ödənişlərin həyata keçirilməsi barədə məlumatlar sistemin operatoru tərəfindən real vaxt rejimində sistemin istifadəçilərinin elektron kabinetində yerləşdirilir, mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) göndərilir.

4.18.             Sistemin istifadəçiləri əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə quraşdırılmış və sistemə inteqrasiya olunmuş xüsusi ödəmə terminalları vasitəsilə ödəniş aparmaq üçün xeyrinə ödəniş aparılacaq sistem iştirakçısını seçərək, inzibati xəta haqqında protokolun seriyası və nömrəsini və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsini daxil etməlidirlər.

4.19.             Məhkəmə qərarlarının icrası ilə əlaqədar xüsusi ödəmə terminalları və ödəniş kartları vasitəsilə ödəniş aparıldıqda, sistemin istifadəçiləri məhkəmə qərarının nömrəsini daxil etməlidirlər.

4.20.             Xüsusi ödəmə terminalları vasitəsilə ödənişlər nağd pul vəsaitləri və ödəniş kartları vasitəsilə aparılır və ödənişlərin həyata keçirilməsi barədə sistemin istifadəçilərinə üzərində əməliyyat nömrəsi göstərilən mədaxil qəbzi təqdim edilir.

4.21.             Mobil telefon aparatları vasitəsilə bu Qaydaların 2.2.7-ci yarımbəndində qeyd edilən ödənişləri aparmaq üçün sistemin istifadəçiləri sistemin operatoru tərəfindən təyin edilmiş servis nömrəsinə barəsində tərtib edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun tarixi,  seriyası və nömrəsini və ya inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsini qısa mesajla – SMS vasitəsilə göndərməlidirlər.

4.22.             Mobil telefon aparatları vasitəsilə ödənişlər mobil telefon nömrəsinin balansından həyata keçirilir və ödənişlərin həyata keçirilməsi barədə sistemin istifadəçilərinə qısa mesaj – SMS göndərilir.

4.23.             Sistemin istifadəçiləri sistemdən istifadə zamanı texniki-texnoloji problemlərlə üzləşdikdə, bu barədə sistemin operatorunun “Çağrı” Mərkəzinə müraciət etməlidirlər. Elektron kabinetdə yerləşdirilmiş və ya mobil telefon nömrəsinə göndərilmiş məlumatlarla bağlı problemlərlə üzləşdikdə, bu barədə müvafiq sistem iştirakçısının “Çağrı” Mərkəzinə müraciət etməlidirlər.

4.24.             Sistemin istifadəçiləri sistem vasitəsilə ödənişlərin həyata keçirilməsi zamanı problemlərlə üzləşdikdə, bu barədə sistemin operatorunun “Çağrı” Mərkəzinə müraciət etməlidirlər. Sistemin operatoru daxil olmuş müraciətlə bağlı 3 (üç) iş günü müddətində araşdırma aparmalı və problemlərin həlli ilə bağlı sistemin istifadəçilərini məlumatlandırmalı və ya onları aidiyyəti üzrə yönəltməlidir.

 

  1. 5.    Yekun müddəalar

 

5.1.  Sistemin operatoru hər il sistemin dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi üçün sistemin ayrı-ayrı komponentləri üzrə audit tədbirləri həyata keçirir.

5.2.  Sistemin operatoru keçirilmiş audit tədbirlərinin nəticələri barədə hesabatı və sistemin funksional imkanlarının artırılması ilə bağlı təkliflərini növbəti təqvim ilinin ilk 2 (iki) ayı müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edir.

5.3.  Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video