Alternative content

08:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 noyabr 2015-ci il tarixli 184 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 noyabr 2015-ci il tarixli 184 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
ANA SƏHİFƏ / MSK
03:11 18.11.2015

 

Qərar № 50/343

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Abbaslı Tural Feyruz oğlu 14 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı namizədlər üçün bərabər şərait yaradılmamasını, səsvermə günü seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/74 saylı qərarının ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində qeydə alınmış deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada iştirak etmək hüquqlarının olması izah edilmişdir. O, araşdırmada səlahiyyətli nümayəndəsinin iştirak edəcəyini bildirmiş və səlahiyyətli nümayəndə 16 noyabr 2015-ci il tarixdə araşdırmada iştirak etmiş, səsvermə günü qeydə alınmış namizədi təmsil edən müşahidəçilər tərəfindən seçki məntəqələrində tərtib edilmiş 13 ədəd aktın əslini, 11 videogörüntünün və 62 fotoşəklin yazıldığı bir ədəd diski təqdim etmiş və o, Mərkəzi Seçki Komissiyasının iclasındakı araşdırmaya da dəvət olunmuş və Komissiyanın iclasında iştirak etmişdir.
T.F.Abbaslı müraciətində seçki dairəsinin əhatə etdiyi 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 17, 27 və 29 saylı seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmamasını, normal müşahidənin aparılmasının qeyri-mümkün olduğunu, bəzi seçki məntəqələrində şəxsiyyət vəsiqələrini müşahidə etməyə imkan verilməməsini və müşahidəçilərinin kənarlaşdırıldığını, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsini, eyni şəxslərin bir neçə dəfə səs verdiyini, bir şəxsin digərinin əvəzinə səs verdiyini, bəzi seçki məntəqələrində bülletenlərin topa halında qutuya salındığını, seçki məntəqələri üzrə seçici fəallığının aşağı olmasını, seçici fəallığının süni şəkildə artırıldığını bildirərək, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/74 saylı qərarının ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir.
Araşdırma zamanı 21 saylı Nəsimi birinci seçki dairəsinin dairə seçki komissiyasından təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün bütün qeydə alınmış namizədlərə tam və bərabər imkanlar yaradılmış, seçkiqabağı təşviqatla əlaqədar görüşlər üçün onlar müvafiq qaydada “qapalı və açıq” yerlərlə təmin olunmuşlar.
T.F.Abbaslı ona ayrılan bu imkandan istifadə etməyərək, görüşlərin təşkili ilə bağlı dairə seçki komissiyasına rəsmi surətdə müraciət etməmiş, bunu buklet və təqvimlərini paylamaqla həyata keçirəcəyi ilə əsaslandırmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, seçkiqabağı təşviqat prosesinə heç bir dövlət orqanının müdaxiləsi halı olmamış, hər bir namizədə bərabər şərait yaradılmış, həmin dövrdə təşviqat subyektlərindən inzibati resurslardan istifadə olunması ilə bağlı nə dairə seçki komissiyasına, nə də Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmamışdır.
Bununla yanaşı, T.F.Abbaslı 2 noyabr 2015-ci il tarixdə dairə seçki komissiyasına verdiyi ərizədə göstərmişdir ki, səsvermə ərəfəsində 21 saylı Nəsimi birinci seçki dairəsi ərazisində heç bir qanun pozuntusu müşahidə etməmişdir. Bununla da o, özü də yuxarıda göstərilən qanun pozuntularının baş verməsi ilə bağlı iddiasını təkzib etmişdir.
Ərizəçinin 21 saylı Nəsimi birinci seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması, bəzi seçki məntəqələrində şəxsiyyət vəsiqələrini müşahidə etməyə imkan verilməməsi və müşahidəçilərinin kənarlaşdırılması, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsi, eyni şəxslərin bir neçə dəfə səs verməsi, iki şəxsin bir kabinəyə daxil olması, bəzi seçki məntəqələrində seçki bülletenlərinin topa halında qutuya salınması, seçki məntəqələri üzrə seçici fəallığının süni şəkildə artırılması ilə bağlı iddiaları araşdırılarkən həmin halların heç bir əsasının olmadığı və təsdiqini tapmadığı müəyyən olundu. Belə ki, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış digər müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından, seçici siyahılarında edilmiş müvafiq qeydlərdən, digər zəruri materiallardan, eləcə də veb-kameraların quraşdırıldığı məntəqələrdə seçmə üsulu ilə görüntülərin izlənilməsinin nəticələrindən görünür ki, seçki günü seçki məntəqələrində girişdə barmaqların yoxlanılmasından başlayaraq bülletenin qutuya salınmasınadək bütün səsvermə prosesinin izlənilməsi ilə bağlı hər hansı bir maneə və ya problem olmamış, müşahidə sərbəst və açıq şəkildə həyata keçirilmiş, müşahidəçilərə real müşahidə üçün zəruri şərait yaradılmış, həmçinin seçicilərin fəal iştirakı, səs verərək öz iradələrini azad şəkildə ifadə etmələri, səsvermə başa çatdıqdan sonra seçki qanunvericiliyinin tələblərinə uyğun surətdə bülletenlərin sayılması, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib olunaraq təsdiq olunmuş surətinin maraqlı şəxslərə verilməsi müşahidə olunmuşdur.
Aparılan araşdırma ilə həmin məntəqə seçki komissiyalarının fəaliyyətində səsvermə günü ərzində seçki qanunvericiliyinin tələblərinə zidd olan hər hansı bir hal müəyyən olunmamışdır.
Ərizəçinin nümayəndələrinin bəzi seçki məntəqələri üzrə təşkil edilmiş bir nəfərin dəfələrlə səs verməsi prosesində şəxsən iştirak etmələrini, həmçinin iki şəxsin bir səsvermə kabinəsinə daxil olmasını, bəzi seçki məntəqələrində bülletenlərin topa halında qutuya salınmasını, seçki məntəqələri üzrə seçici fəallığının aşağı olmasını və seçici fəallığının süni şəkildə artırılmasını iddia edən material kimi təqdim edilən video və fotogörüntülərlə bağlı aparılmış araşdırma zamanı qeyd edilən halların baş verməsini təsdiq edən heç bir etibarlı sübut müəyyən olunmamış, eyni zamanda həmin materialın əsasında təsdiqedici qənaətə gəlmək də mümkün olmamışdır. Həmin materiallar qeyri-prosessual yolla əldə edildiyindən və məlumat daşıyıcısı kimi müvafiq həcmə və keyfiyyətə malik olmadıqlarından onların iddia edilən hallar üzrə mötəbər təsdiqedici sübut kimi qiymətləndirilməsi də mümkün deyildir.
Araşdırma ilə ehtimal edilən qanun pozuntularının baş verməsini əks etdirən 13 ədəd aktın bilavasitə həmin pozuntuları müşahidə etmiş müşahidəçilər tərəfindən deyil, T.F.Abbaslının səlahiyyətli nümayəndəsi Ş.Z.Beydullayev tərəfindən səsvermədən sonra rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bu hal isə həmin pozuntuların baş verməsi iddia edilən seçki məntəqəsinin məntəqə seçki komissiyasının nəzərinə çatdırılması, habelə səlahiyyətli orqanlar tərəfindən (məntəqə seçki komissiyası, dairə seçki komissiyası) obyektiv və hərtərəfli araşdırılmasına və imkan daxilində aradan qaldırılmasına müsbət təsir edəcək məqam kimi qiymətləndirilə bilməz.
Aparılmış araşdırma ilə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edilmədiyindən, eləcə də səsvermənin nəticələrinin etibarsız sayılması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən müraciət təmin olunmamalıdır.
T.F.Abbaslının 5 noyabr 2015-ci il tarixli müraciətinin təmin edilməməsinə dair 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/74 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur. Dairə seçki komissiyasında həmin müraciət üzrə araşdırma aparılarkən toplanmış dəlillərin mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verilmiş, onların mənbələrinin və əldəedilmə üsullarının qanunvericiliyin tələblərinə tam cavab verməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, sübutlar buna səlahiyyəti olan subyektlər tərəfindən toplanmış, iş üzrə əhəmiyyət kəsb edən yazılı izahatlar, məlumatlar, aktlar, arayışlar və s. bu kimi materiallar seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilmişdir.
Dairə seçki komissiyasına edilən müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsdiq edilmiş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyən edildiyindən müraciətin təmin olunmaması barədə qərar çıxarılmışdır.
Aparılan araşdırma ilə T.F.Abbaslının 5 noyabr 2015-ci il tarixli müraciətinin təmin edilməməsinə dair 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/74 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsas müəyyən edilmədi. Ona görə də həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Beləliklə, deputatlığa qeydə alınmış namizəd T.F.Abbaslının müraciəti əsassız olduğundan təmin edilməməli, 21 saylı Nəsimi birinci dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/75 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cü, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd Abbaslı Tural Feyruz oğlu oğlunun 14 noyabr 2015-ci il tarixli 184 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/74 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

17.11.2015