07 Noyabr 2015 03:11
435
MSK
A- A+

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 noyabr 2015-ci il tarixli 141 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 43/306

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 52 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış İsayev Zahir Qəzənfər oğlu 2015-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinə dair protokolların ona verilmədiyini bildirərək seçkinin nəticələrinin ləğv olunmasını və protokolların surətlərinin ona verilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Müraciətlə bağlı dairə seçki komissiyasından təqdim olunmuş arayışdan müəyyən edilir ki, dairə seçki komissiyasının 5, 48 və 54 saylı seçki məntəqələrində səsvermə prosesi namizədin təyin etdiyi üç müşahidəçi və iki vəkil edilmiş şəxs tərəfindən əvvəldən axıradək müşahidə edilmişdir. Namizədin özü, müşahidəçiləri və vəkil edilmiş şəxsləri tərəfindən səsvermə və səsvermənin nəticələrinin hesablanmasına dair hər hansı bir pozuntu barədə məntəqə və dairə seçki komissiyasına müraciət edilməmiş, səsvermənin nəticələrinə dair protokolların surətləri tələb edilməmişdir.

Namizədin əvvəlki müraciətlərinə cavab verilməməsi ilə bağlı iddiası araşdırma ilə öz təsdiqini tapmamışdır. Belə ki, onun tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanmış 30 oktyabr 2015-ci il tarixli teleqrama komissiyanın katibinin imzası ilə 31 oktyabr 2015-ci il tarixli 10/20-823 saylı cavab məktubu göndərilmişdir.

Namizədin seçkinin nəticələrinin ləğv edilməsi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, müraciətdə dairənin əhatə etdiyi seçki məntəqələrində seçki qanunvericiliyinə uyğun olaraq səsvermənin nəticələrinin ləğv edilməsinə əsas ola biləcək hər hansı bir pozuntu barədə konkret faktlara söykənən sübutlar göstərilməmiş, ümumi şəkildə nəticələrlə razılaşmadığı bildirilmişdir. Belə olan halda müraciətin həmin hissədə təmin edilməsi üçün hüquqi əsaslar olmadığından müraciət həmin hissədə təmin edilməməlidir.

Qeyd olunanlara əsasən müraciət qismən, səsvermənin nəticələrinə dair protokolların surətlərinin namizədə verilməsi hissəsində təmin edilməli, seçkinin nəticələrinin ləğv edilməsi hissəsində isə əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış namizəd İsayev Zahir Qəzənfər oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 noyabr 2015-ci il tarixli 141 saylı müraciəti qismən təmin edilsin, səsvermənin nəticələrinə dair protokolların surətlərinin namizədə verilməsi 52 saylı Quba seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.

2. Müraciət seçkinin nəticələrinin ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

06.11.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video