Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
11:10 28.10.2015

 

Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə üzrə görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.
Qeyd olundu ki, əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, eyni zamanda, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Bununla yanaşı, Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması yeni qurğunun xam su ilə təminatına imkan verirdi. Bu məsələ “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı” layihəsində əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Master Planda 1-ci və 2-ci Bakı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərlərinin qidalandırdığı ərazilərin şəbəkə sistemlərini əlaqələndirəcək və yeni texnologiyaya əsaslanacaq qurğunun tikilməsi də əksini tapmışdı. Kompleks layihələndirilərkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlığın təmin edilməsi əsas götürüldü. Mütəxəssislərin apardığı layihə-axtarış və texniki-iqtisadi əsaslandırmalar nəticəsində Ceyranbatan gölünün ehtiyatlarından istifadə etməklə ən son - ultrasüzgəc texnologiyasına əsaslanan təmizləyici qurğunun tikintisi qərara alındı. Layihə-axtarış işləri çərçivəsində Ceyranbatan gölünün bütün göstəriciləri ətraflı təhlil edilərək, gölün dibinin batimetriyası işlənib hazırlandı. 2011-ci il sentyabrın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyuldu. Bu da onu göstərir ki, ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində mühüm tədbirlər görülür.
Kompleksin ən mürəkkəb hissələrindən biri Ceyranbatan gölündən suyun götürülməsini təmin edən suqəbuledici qurğuların tikintisi olub. Layihəyə əsasən, sugötürücü qurğu və boru xətlərinin bir hissəsi gölün dibində quraşdırılmalı idi. Gölün dibində suyun bulanıqlığının qarşısının alınması üçün xüsusi layihə hazırlandı və sugötürücü boruların qapalı, yəni mikrotunel üsulu ilə quraşdırılmasına qərar verildi. Tikinti-quraşdırma işlərinin etibarlı və təhlükəsiz aparılmasını təmin etmək üçün gölə 400 tonluq xüsusi təyinatlı, həmçinin yedəkçi gəmiləri buraxıldı. Xüsusi təyinatlı gəmi vasitəsilə suyun altında mürəkkəb hidrotexniki qurğuların qısa müddətdə və keyfiyyətlə quraşdırılması təmin edildi. Layihədə göldən lazımi həcmdə suyun götürülməsini təmin edəcək üç iri diametrli kəmər, sugötürücü başlıqlar və bölüşdürücü kamera inşa olundu. Gölün içərisinə doğru hər birinin uzunluğu 454 metr olan üç kəmər çəkildi. Mikrotunel üsulu ilə quraşdırılan xətlərin tikintisində dəmir-beton borulardan istifadə edildi. Sonra əraziyə hazır dəmir-beton özül plitə yerləşdirilərək suqəbuledici başlıqlar onun üzərində quraşdırıldı. Suqəbuledici başlıqlar göldə hər hansı lillənmə baş vermədən quraşdırılıb və 1960-cı illərdə tikilən mövcud sugötürücü qurğunun işinə heç bir maneə yaranmayıb. Burada tikilən subölüşdürücü kamerada toplanan su ultrasüzgəcli qurğuya hər birinin uzunluğu 913 metr olan dörd kəmərlə ötürülür. Bu xətlərin 245 metrlik hissəsi Ceyranbatan gölünü qidalandıran kanalın və mövcud boru xətlərinin altından keçməklə inşa edilib.
Təmizləyici qurğuya ötürülən suyun ilkin təmizlənməsi və onun həcminin müəyyən edilməsi mexaniki süzgəc binasında aparılır. Burada quraşdırılan avtomatik yuyulan torşəkilli süzgəclər suyun tərkibindəki iri hissəcikləri tutmaqla, ilkin təmizləmə prosesini həyata keçirir. Subölüşdürücü kameradan təmizləyici qurğuya çəkilən kəmərlərin hər birinin üzərində ultrasəs prinsipinə əsaslanan sayğaclar quraşdırılıb və onlar emala yönəldilən xam suyun həcmini dəqiq ölçməyə imkan verir. Mexaniki süzgəclərdə ilkin təmizləmədən keçən su 10 min kubmetr tutumu olan xam su anbarına toplanır. Burada quraşdırılmış səviyyəölçən və siyirtmələr daxil olan, eləcə də emala ötürülən suyun həcmini onlayn rejimdə tənzimləyir.
Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub. Qruntun xarakteri nəzərə alınaraq burada əvvəlcə bərkitmə işləri aparılıb, sonra dəmir-beton və metal konstruksiyadan ibarət əsas bina inşa edilib.
Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın su təchizatı sistemlərinin yaxşılaşdırılması istiqamətində gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb.
Məlumat verildi ki, xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir. Hazırda dünyada azbulanıqlı suların emalı üçün ən səmərəli texnologiya məhz ultrasüzgəcli qurğular sayılır. Membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanıqlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Qurğuda emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər müəyyən müddətdən bir yuyularaq asılı maddələr və lildən təmizlənir. Süzgəclərin təmizlənməsi geriyuma və kimyəvi dozalama nasoslarının köməyi ilə həyata keçirilir. Proses növbəli rejimdə aparılır, yəni qurğunun bir hissəsində geriyuma və kimyəvi dozalama aparılarkən, digər hissələrdə suyun emalı davam edir. Bu da öz növbəsində, emal prosesinin fasiləsizliyini təmin edir. Qurğuda quraşdırılan 5280 modulun məhsuldarlığı saniyədə 6,6 kubmetrdir. Gələcəkdə əlavə modulların quraşdırılması, eləcə də elektromexaniki sistemin köməyi ilə emal gücünün artırılaraq saniyədə 7,5 kubmetrə çatdırılması mümkündür. Süzgəclərdən çıxan içməli suyun keyfiyyətinə onlayn rejimdə nəzarət olunur. Bu məqsədlə xüsusi analiz panelləri quraşdırılıb ki, onlar suyun keyfiyyət parametrləri barədə siqnalları birbaşa SCADA otağına ötürür. Bununla yanaşı, burada yaradılmış laboratoriyada istər xam suyun, istərsə də emal olunmuş təmiz suyun vacib parametrləri daha dəqiq şəkildə öyrənilir və keyfiyyət göstəriciləri tam nəzarətdə saxlanılır.
Qeyd olundu ki, kompleksdə qurğunu idarə edəcək personal üçün işçi otaqları, tədbirlərin keçirilməsi üçün konfrans zalı da yaradılıb.
SCADA otağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, qurğuda bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və bütövlükdə proses kiçik işçi heyəti ilə SCADA idarəetmə mərkəzindən idarə olunur.
Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılması üçün nasos stansiyası tikilib. Suyun optimal paylanması və elektrik enerjisindən asılılığın aradan qaldırılması məqsədilə dəniz səviyyəsindən 118 metr hündürlükdə 50 min kubmetr həcmində anbar kompleksi inşa olunub. Qurğudan anbara qədər 11 kilometr uzunluğunda kəmər çəkilib. Anbar layihələndirilərkən onun Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsinin yaradılması üçün yeni qaldırıcı nasos stansiyası quraşdırılıb. Bu işlər Ceyranbatan və Oğuz-Qəbələ-Bakı su mənbələrinin alternativ istismarına şərait yaratmaqla, Abşeron yarımadasının içməli su təchizatında etibarlılığın təmin olunmasını şərtləndirib.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində, ümumilikdə, 30 kilometr uzunluğunda müxtəlif diametrli boru, 116 nasos, 6 transformator quraşdırılıb, ərazidə yaşıllaşdırma işləri görülüb, 150 minə yaxın ağac və kol əkilib. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunub.
Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini işə saldı.
Dövlət başçısı mərasimdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

- Bu gün şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gündür. Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək.
Mən xatırlayıram ki, dörd il bundan əvvəl biz burada bu kompleksin təməl daşını qoyduq. Şadam ki, artıq bu nəhəng infrastruktur obyekti istismara verilir.
Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb. Əlbəttə ki, bu günə qədər infrastruktur layihələrinin icrası da bu kompleksin işinə öz dəstəyini verir. İlk növbədə, Taxtakörpü su anbarı, Taxtakörpü-Ceyranbatan su kəmərinin tikintisi bu kompleksin fəaliyyətinə, əlbəttə ki, çox müsbət təsir göstərir.
Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq və beləliklə, biz bu böyük sosial layihəni artıq başa çatdırırıq.
Ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülmüşdür. Demək olar ki, elektrik enerjisi ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Biz əvvəlki illərdə xaricdən elektrik enerjisi alırdıqsa, bu gün nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, xaricə də ixrac edirik. Vaxt var idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə qaz çatmırdı. Hazırda görülən işlər nəticəsində Azərbaycan nəinki regionda, dünyada qaz ixrac edən ölkəyə çevrilir. Biz bütün bunları son illər ərzində əldə etmişik. Kənd yollarının tikintisi, sosial infrastrukturun yaradılması həm Bakıda, həm bölgələrdə geniş vüsət almışdır.
Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin.
Biz bu məqsədə çatmaq üçün artıq çox önəmli addımlar atırıq. Bununla bərabər, hər il mənim sərəncamımla Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və ən azı 300 subartezian quyusunun qazılması təmin edilir. Çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və əlbəttə ki, burada əsas rolu “Azərsu” icra edir. Şadam ki, son illər ərzində bu sahədə görülən işlər əhali tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamanda, biz görürük ki, məsələlər öz həllini tapmaqdadır.
Əsrlər boyu Azərbaycan və xüsusilə Bakı şəhəri içməli su problemi ilə üz-üzə qalmışdır. Bunun təbii səbəbləri vardır. Əlbəttə, sovet dövründə böyük işlər görülmüşdür, Kür su kəməri çəkilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük infrastruktur layihələri icra edilmişdir. Ancaq müstəqillik illərinin ağır şəraiti, xüsusilə 90-cı illərin əvvəllərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət imkan vermirdi ki, biz müasir texnologiyaları Azərbaycana cəlb edək.
Bu məqsədlə çox böyük işlər görülmüşdür. Bəzi layihələr xaricdən götürülmüş kreditlər hesabına icra edilmişdir. Ancaq iqtisadi gücümüz artdıqca biz bu vəsaiti, ilk növbədə, insanları ən çox narahat edən problemlərin həllinə yönəldə bilmişik və bu gün belə gözəl, nəhəng qurğuların istismara verilməsini qeyd edirik. Bir daha demək istəyirəm ki, bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur.
Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq.
Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik. Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra edilsin. Onların içində əlbəttə ki, ilk növbədə, içməli su layihələridir. Çünki qeyd etdiyim kimi, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, həll olunub. Generasiya gücümüz tələbatdan artıqdır. İndi şəbəkələrdə işlər gedir, yeni qurğular quraşdırılır. Bakıda, bütün şəhərlərdə qazlaşdırma 100 faizdir. İndi kəndlərdə də, - kəndlərin haradasa 50 faizi qazlaşdırılıb, - bu istiqamətdə hələ işlər görüləcək. Azərbaycanda ümumi qazlaşdırma 90 faizə yaxınlaşır.
Belə olan halda növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa çatdırılması əsas prioritet məsələ olacaqdır və gələn ilin investisiya proqramında da bu məqsədlər üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki nəinki Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir.
Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır.
İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik. İkinci əsas şərt təmiz havadır. Bunu da həll edirik. Bakıda görülmüş işlər nəticəsində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşıb. Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur. Orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır, bax, bu ərazidəki kimi ağaclar əkilib. Dörd il bundan əvvəl mən burada olanda heç bir ağac yox idi. İndi böyük bir meşə salınıb. Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta ondan açıq neft anbarı kimi istifadə edirdilər. Ondan sonra, lay, kanalizasiya suları, bütün axıntılar oraya tökülürdü. Böyükşor gölünün reabilitasiyası, abadlaşdırılması layihəsinin birinci hissəsini biz cəmi bir il ərzində həll etdik. Gölün 300 hektarı indi tam təmizlənib, bir kilometrdən də çox uzunluğu olan böyük bulvar salınıb, bənd tikilib və işlər davam etdirilir. Bir daha demək istəyirəm, vaxtilə onun yanında dayanmaq mümkün deyildi. İndi isə gölün üzərinə köçəri quşlar qonur. Bax, budur bizim yanaşmamız. Biz bunu nə üçün edirik, niyə bu qədər vəsait xərcləyirik? Ona görə ki, Bakıda ekoloji vəziyyət yaxşılaşsın, insanlar daha da rahat yaşasınlar, çoxlu ictimai yerlər yaradılsın, ekoloji problem yaradan yaranı sağalda bilək.
Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaqdır. Gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni parklar da salınacaq. Yəni, o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik. Zığ gölü də yaxın zamanlarda təmizlənəcək. O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik. Bir daha deyirəm, biz bunları ona görə edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan ibarətdir ki, 100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri - o bir ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunlarının yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib.
Bakıda vaxtilə fəaliyyət göstərən yod zavodu böyük bir təhlükə mənbəyi idi. Artıq bu zavod oradan köçürüldü, bütün lazımi tədbirlər görüldü və bu təhlükə mənbəyindən də insanların canını qurtara bildik. Ona görə, içməli su layihəsi bax, bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və bilavasitə insanların sağlamlığına təsir göstərən amildir.
Yenə də deyirəm, Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün uzunluğu artır. Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida - bizim prioritetlərimiz bax bunlardır. Ona görə, bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də dünyada birincidir.
Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artmışdır. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. “Azərsu”nun işçilərini təbrik etmək, öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bu böyük işləri görürlər. Bakının və Abşeron rayonunun bütün sakinlərini təbrik edirəm ki, nəhayət, bu məsələ də öz həllini tapdı. Sizi bir daha təbrik edirəm, yeni uğurlar arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC