09 Oktyabr 2015 04:10
387
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 40 saylı və 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 29/209

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Əbil Bəybala Əlibala oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin siyasi partiyalar bloku tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fəttayev Mirmahmud Mirəli oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Babayev Muxtar Bahadur oğlunun səlahiyyətli nümayəndəsi Ənsərov Vəzirxan Nəbi oğlu 7 oktyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd Fəttayev Mirmahmud Mirəli oğlunun namizədliyinin müdafiəsi üçün təqdim olunmuş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərinin, habelə onun qeydə alınmasına mane olan halların səthi araşdırıldığını və lazımınca qiymətləndirilmədiyini əsas gətirərək həmin sənədlərin yenidən yoxlanılmasını və məsələyə yenidən qiymət verilməsini xahiş etmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, mahiyyətcə eyni məsələyə aid olduqlarından bir icraatda birləşdirlərək araşdırılmış, birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Səlahiyyətli nümayəndə B.Ə.Əbil müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə M.M.Fəttayevin namizədliyi 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfındən irəli sürülmüş, həmin seçki dairəsi üzrə imzalar toplanaraq, onun namizəd kimi qeydə alınması üçün 550 imzadan ibarət 11 imza vərəqəsi və digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası 3 oktyabr 2015-ci il tarixli 20/57 saylı qərarı ilə M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından əsassız olaraq imtina etmişdir.
Araşdırma prosesində müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, onlara əlavə sənəd təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah olunmuş, yalnız siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi B.Ə.Əbil bu hüququndan istifadə edərək araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.
Ərizəçilərin müraciətləri əsasında namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasında yenidən araşdırılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, namizədin qeydə alınması üçün təqdim edilmiş sənədlər və məlumatlar yoxlanılarkən gəlinən nəticə əsasən düzgün olsa da, seçici imzalarının etibarlılığına qiymət verilərkən dairə seçki komissiyası tərəfindən bəzi yanlışlıqlara yol verilmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan həmin sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 7 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, M.M.Fəttayevin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan 550 imzadan 421-i etibarlıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Araşdırma ilə həmçinin, ərizəçinin namizədə və ya səlahiyyətli nümayəndələrə təqdim edilməli olan sənədlərin vaxtında verilmədiyinə, araşdırmada və iclasda iştiraka dəvət edilmədiklərinə dair iddiaları isə dairə seçki komissiyası tərəfindən təqdim edilmiş sübutlarla təkzib edilmişdir.
Beləliklə, dairə seçki komissiyası müəyyən etdiyi bütün halları və əsasları öz qərarında dəqiqliklə əks etdirməsə də, göstərilən əsaslarla deputatlığa namizəd M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi B.Ə.Əbilin şikayəti əsassız olduğundan təmin edilməməli, M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından imtinaya dair 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd M.B.Babayevin səlahiyyətli nümayəndəsi V.N.Ənsərovun 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciəti təmin edilmiş hesab olunmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Əbil Bəybala Əlibala oğlunun 06 oktyabr 2015-ci il tarixli 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Babayev Muxtar Bahadur oğlunun səlahiyyətli nümayəndəsi Ənsərov Vəzirxan Nəbi oğlunun 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciəti təmin edilmiş hesab olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

08.10.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video