06 Oktyabr 2015 01:10
408
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 oktyabr 2015-ci il tarixli 28 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 27/192

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ - 2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Hüseyn Pənah Çodar oğlu 3 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin siyasi partiyalar bloku tərəfindən 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Sadıqov Qiyas Böyükağa oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Q.B.Sadıqovun namizədliyi “AZADLIQ - 2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzaları toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası əsassız olaraq onu namizəd kimi qeydə almaqdan imtina etmişdir.

Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndə ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, habelə araşdırmada və iclasda iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarında namizədliyi irəli sürülmüş Q.B.Sadıqovun namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 550 seçici imzasından 197-nin etibarsız olduğu qeyd edilmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası bütün halları və əsasları öz qərarında dəqiqliklə əks etdirməsə də, göstərilən əsaslarla deputatlığa namizəd Q.B.Sadıqovun namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki 550 seçici imzası vermiş seçicilərdən 197 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini göstərmişlər və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilməmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilər qeyd edilən məsələ ilə bağlı dairə seçki komissiyasına ərizə verdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən, seçki komissiyası namizədin qeydiyyata alınmasından onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 197-nin qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 353 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən dairə seçki komissiyasının digər əsaslarla etibarsız hesab etdiyi imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 64 saylı Sabirabad ikinci seçki dairəsi dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 17/57 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113-1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən  qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ - 2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Hüseyn Pənah Çodar oğlunun 3 oktyabr 2015-ci il tarixli 28 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 64 saylı Sabirabad ikinci seçki dairəsi dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 17/57 saylı qərarı qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

 

05.10.2015

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video