29 Sentyabr 2015 02:09
281
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 sentyabr 2015-ci il tarixli 11 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 24/169

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Rüstəmov Elxan Əvdil oğlu 25 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyi 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Səmədbəyli Arzu Həbib oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma prosesinə dəvət edilmiş, o, araşdırmada və komissiyanın iclasında iştirak etmişdir.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi E.Ə.Rüstəmov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə A.H.Səmədbəylinin namizədliyi 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmiş, işçi qrupunun protokolunun surətini və rəyi səlahiyyətli nümayəndəyə təqdim etməmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş A.H.Səmədbəylinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, aidiyyəti dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər əsasında müəyyən edilmişdir ki, imza vərəqələrinə daxil edilmiş 547 seçicinin 153 nəfərinin şəxsiyyət vəsiqəsi əsasında imza vərəqələrində qeyd edilmiş məlumatları qeyri-düzgündür. Belə ki, imza vərəqələrində adları qeyd olunan 48 nəfərin respublika ərazisində, ümumiyyətlə, qeydiyyatı yoxdur, 103 seçicinin şəxsiyyət vəsiqəsinin nömrəsi imza verən şəxslərə məxsus deyil, 1 nəfər isə 18.08.2013-cü ildə vəfat etmişdir. Yerdə qalan seçici imzası yoxlanılmaqla etibarlılığı müəyyən edilsə belə o, namizədin qeydə alınması üçün kifayət etmədiyindən həmin məlumatların yoxlanılması prosesi dayandırılmışdır.
Ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddialar öz təsdiqini tapmamışdır.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 27 sentyabr 2015-ci il tarixli protokol və rəydən görünür ki, imza vərəqələrinə daxil edilmiş 547 seçicidən şəxsiyyətini təsdiq edən məlumatları qeyri-düzgün olan 117-nin imzası etibarsız hesab edilmişdir.
Seçki Məcəlləsinin 59.7-ci və 59.7.1-ci maddələrinə görə, müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərilən seçicilərin imzaları qeyri-düzgün imza hesab edilir.
Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Bununla da dairə seçki komissiyası Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq, A.H.Səmədbəylinin namizəd kimi qedyə alınmasından imtina edərkən düzgün nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməli, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının A.H.Səmədbəylinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 23 sentyabr 2015-ci il tarixli 18/3 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Rüstəmov Elxan Əvdil oğlunun 25 sentyabr 2015-ci il tarixli 11 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və namizədliyi 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Səmədbəyli Arzu Həbib oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 23 sentyabr 2015-ci il tarixli 18/3 saylı qərarı qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

28.09.2015

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video