21 Sentyabr 2015 12:09
467
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib

Sentyabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Respublika Əlillərin Bərpa Mərkəzi 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayıb. Müəssisənin ilk adı “Respublika Əlillərin Həkim-Əmək Ekspertizası və Sosial Reabilitasiya Dispanseri” olub. Bir neçə il sonra “Dispanser” sözü “Mərkəz” sözü ilə əvəz edilib. 1992-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Mərkəz iki yerə ayrılıb: Respublika Həkim Əmək Ekspertizası Mərkəzi və Respublika Əlillərin Bərpa Mərkəzi. Mərkəz üçün 1994-cü ildə dördmərtəbəli korpus inşa edilib və 1998-ci ildə əlavə funksional diaqnostika şöbəsi yaradılıb. O vaxtdan burada əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2013-cü ildə Mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatıb.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud olan insanlara qayğısı, onlar ilə keçirdikləri görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Prezident İlham Əliyevin 2015-ci il martın 16-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti yaradılıb. Respublika Əlillərin Bərpa Mərkəzi hazırda həmin xidmətin tərkibində fəaliyyət göstərir. Mərkəz yarandığı gündən bu günədək respublikada olan bütün əlillərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş insanların müayinə və müalicəsində yüksək peşəkarlıq göstərir. Mərkəzdə fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri var.

Fizioterapiya və psixoloji korreksiya şöbəsində parafin vannaları, su ilə müalicə kabinetləri, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar fəaliyyət göstərir. Bu şöbədə, həmçinin müasir fizioterapiya aparatları, skelet dartması üçün traksion masa və müasir kineterapiya aparatları var. Böyük idman zalı, həmçinin əlavə məşğələ otaqları müasir avadanlıq və qurğularla təmin edilib. Burada robot aparatlar da quraşdırılıb. Bu robot aparatlar vasitəsilə hərəkət funksiyası məhdud xəstələr hərəkət edirlər.

Hazırda ölkədə əlillərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini açıq göstərir. Odur ki, dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Bu çərçivədə son illərdə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilib, yeni hüquqi normativ aktlar qəbul edilib. Əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin edilib.

Dövlətimizin başçısına tibbi sosial reabilitasiya şöbəsində yaradılan şəraitlə bağlı da məlumat verildi. Əlli çarpayılıq şöbədə palatalar 1, 2 və 3 nəfərlikdir. Otaqların hamısında məhz bu kateqoriyadan olan insanların rahat yaşaması üçün lazımi şərait yaradılıb.

Bərpa müalicəsi alanların mərkəzə qəbulu tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. Birinci qrup əlillər 21 gün, ikinci və üçüncü qrup əlillər isə 18 gün tam bərpa kursu keçirlər. Bu müddətdə onlar gündə üç dəfə sağlam və təbii qida ilə təmin olunurlar. Mərkəz il ərzində 1000 nəfərə yaxın əlilin reabilitasiya və müalicəsi ilə məşğul olur. Əlillərin xarici ölkələrdə də müalicəsinə diqqət göstərilir. Mərkəzin həkim və tibb heyəti vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursuna cəlb olunur, öz bilik və bacarıqlarını artırır.

Funksional diaqnostika şöbəsində xəstələrin diaqnostikası üçün ən müasir avadanlıq quraşdırılıb.

Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli ölkədə həmişə diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxtda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilib. Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Bu ildən başlayaraq Mərkəzdə xəstələr üçün mütaliə otağı da istifadəyə verilib. Xəstələr həm kitablardan, həm də elektron kitabxana sistemindən istifadə edə bilərlər.

Bildirildi ki, Mərkəz, həmçinin bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanlarla bağlı məlumat bankının yaradılmasını da həyata keçirir.

Mərkəzin həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video