Şəxsi avtomobilimi könüllü əmlak sığortası ilə sığortalatmışdım. Yol-qəza hadisəsi baş verdikdən sonra sığorta təşkilatı ödəniş etməkdən imtina etdi. Məhkəmədə iddia qaldırmaq niyyətindəyəm. Sığorta ödənişindən başqa məhkəmədə daha hansı tələbləri irəli sürə bilərəm?
Elman Sadıxov,
Bakı
- Siz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə müvafiq olaraq hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasını, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz. Bundan başqa məhkəmədə hüquqlarınızın müdafiəsi üçün çəkilən xərclərin (vəkil xidməti haqqı, sənədlərin notarial təsdiqi üçün çəkilmiş xərclər, dövlət rüsumu) əvəzinin tutulması tələbini irəli sürmək hüququnuz da var.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi