Alternative content

18:02 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:03 04.03.2012

 

Vəsiyyətnamədə göstərilən yeganə vərəsə  ölərsə, miras əmlak necə bölüşdürülməlidir? Vəsiyyətnamədə bu halı nəzərə almaq olarmı?

 

Əlibala ƏLİYEV,

Şəmkir rayonu

 

- Xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxsin vəsiyyət edəndən tez ölməsi vəsiyyətnamənin qüvvədən düşmüş sayılması əsaslarından biridir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 1224.0.1-ci maddə). Belə olan halda miras əmlak vərəsələrə qanun üzrə vərəsəlik qaydasında keçəcəkdir (Mülki Məcəllə, 1133.2-ci maddə).

Vəsiyyət edən bu halı, yəni xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxsin ondan tez ölməsi ehtimalını nəzərə alaraq vəsiyyətnamədə ehtiyat vərəsənin adını göstərə bilər (Mülki Məcəllə, 1192.1-ci maddə). Belə olan halda xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez ölsə belə, gələcəkdə mirasın açılması zamanı ehtiyat vərəsə mirası qəbul edə bilər.

 

Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin qətnamə icra mərhələsində olarkən borclu vəfat etmişdir. Belə hallarda məsələ necə həll olunur?

 

Rəşid CƏMİLOV,

Bakı şəhəri

 

- "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi