Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin Avrasiya Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Türkiyənin Avrasiya Universitetinin rektoru, professor Aşkın Asanın rəhbərlik etdiyi nümayəndə heyəti ATMU-da olub.
Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, inkişaf istiqamətləri, xarici ölkələrin nüfuzlu ali məktəbləri, o cümlədən müvafiq beynəlxalq təşkilatlarla səmərəli əlaqələri barədə ətraflı məlumat verib.
Professor A.Asan diqqətə çatdırıb ki, Azərbaycanın gənc ali məktəbinin rəhbərliyi və kollektivi ilə görüşün başlıca hədəfi əvvəlcədən nəzərdə tutulduğu kimi, iki ali təhsil ocağı arasında əməkdaşlığa dair müqavilənin imzalanmasıdır.
Qeyd edək ki, müqavilənin şərtlərində müəllimlərin, bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin mübadiləsi, doktorantura pilləsi üzrə ikili dərəcə proqramlarının yaradılması, konfrans, simpozium və seminarların keçirilməsi, birgə elmi tədqiqat layihələrinin təşkili və icrası, elmi-metodiki ədəbiyyatların mübadiləsi, eyni zamanda, elmi araşdırma menecmentinə əsaslanan təhsil və peşə təcrübəsinin mübadiləsi və paylaşması əksini tapıb.