Ata yurdumuz vərəsəliklə mənə və iki qardaşımın adına keçmişdir. Qardaşlarımdan birinin borcu var. Borc verən şəxs ata yurdumuzu satıb borcun ödənilməsini tələb edir. Onun tələbi qanunidir?
Səbinə Lətifova,
Lökbatan qəsəbəsi
- Qeyd edək ki, kreditor (yəni, qardaşınızın borclu olduğu şəxs) ata yurdunuza deyil, yalnız borclu qardaşınızın payına tutma yönəldilməsini tələb etmək hüququna malikdir. Belə ki, əgər həmin ev qardaşınızın yeganə yaşayış yeri deyildirsə (çünki bu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarına əsasən həmin evdəki paya tutma yönəldilə bilməz) və qardaşınızın başqa əmlakı borcunun ödənilməsi üçün kifayət etmirsə, onda kreditor borclu qardaşınıza məxsus payın naturada ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması texniki baxımdan mümkün deyilsə və ya qalan paylı mülkiyyətçilər (yəni, siz və ya digər qardaşınız) buna etiraz edərsə, onda kreditor borclu qardaşınızdan özünə məxsus payı sizə və digər qardaşınıza satmasını və satışdan əldə edilmiş pul vəsaiti hesabına borcunun ödənilməsini tələb edə bilər. Əgər siz və digər qardaşınız borclu qardaşınızın payını almaq istəməsəniz, onda kreditor borclu qardaşınızın payının açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, maddə 224).
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi