Alternative content

01:56 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:08 06.08.2015

№ 274                                    Bakı şəhəri, 4 avqust 2015-ci il

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi” təsdiq edilsin  (1 nömrəli əlavə).

2. “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” təsdiq edilsin  (2 nömrəli əlavə).

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 4 avqust

tarixli 274 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

Cəmşid Naxçıvanskiadına Hərbi Liseyin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Cəmşid Naxçıvanski adına Hərbi Lisey (bundan sonra – Lisey) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – Müdafiə Nazirliyi)  strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir. Bu Nizamnamə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə uyğun olaraq hazırlanmışdır və Liseyin fəaliyyətini tənzimləyir.

1.2. Lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Müdafiə Nazirliyinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra – müdafiə naziri) əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.3. Liseyin əsas məqsədi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq üçün namizədləri hazırlamaqdan ibarətdir.

1.4. Liseydə təhsil pulsuzdur.

1.5. Liseydə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.6. Liseydə təhsilalanların (bundan sonra – kursantların) pul, əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir.

1.7. Liseydə tədris dili dövlət dili – Azərbaycan dilidir.

1.8. Liseyin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.

1.9. Lisey qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq, təhsil birliklərinə və assosiasiyalarına üzv olmaq hüququna malikdir.

1.10. Liseyhüquqi şəxsdir, müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət və hərbi əmlaka, xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Müdafiə Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.11. Lisey müdafiə nazirinin müəyyən etdiyi qayadada, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

1.12. Liseyin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.13. Lisey öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

1.14. Lisey dövlət orqanları və digər dövlətlərin müvafıq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.15. Lisey “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.

1.16. Lisey Bakı şəhərində yerləşir.

2. Liseyin vəzifələri və hüquqları

2.1.       Liseyin vəzifələri aşağıdakılardır:

2.1.1. ali hərbi məktəblərə hərbi hazırlıqlı namizədləri hazırlamaq;

2.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

2.1.3. təhsil haqqında attestatlar, habelə təhsilə dair digər sənədlər vermək;

2.1.4. tədris prosesinin maddi-texniki təminatını, bina və otaqların mövcud norma və tələblərə uyğun qurulmasını həyata keçirmək;

2.1.5. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, kursantların intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya, mənəvi, vətənə dərin məhəbbət və peşəkar xüsusiyyətləri formalaşdırmaq;

2.1.6. Liseyə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.1.7. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

2.1.8. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

2.1.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

2.2.       Lisey aşağıdakı hüquqlara malikdir:

2.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

2.2.2. tədris, metodiki və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

2.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

2.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

2.2.5. Müdafiə Nazirliyinin və Liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

2.2.6. Liseyin hərbi qulluqçularına və işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatlarının verilməsi üçün Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

2.2.7. təlim mərkəzlərindən istifadə etmək;

2.2.8. Liseyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.2.9. qanunvericiliyin tələblərinə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafıq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

2.2.10.  Liseyin fəaliyyətinin təşkili məqsədi ilə qanunazidd olmayan aktlar qəbul etmək;

2.2.11.  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

3. Liseyin strukturu

3.1. Liseyin strukturu, müəyyən edilmiş ştat sayı və əməyin ödənişi fondu dairəsində ştat cədvəli, dövlət büdcəsindən ayrılmış vəsait dairəsində xərclər smetası müdafiə naziri tərəfindən təsdiq edilir.

3.2. Liseyin strukturuna komandanlıq, şöbələr, kursant bölmələri və digər bölmələr daxil edilir.

3.3. Liseyin komandanlığı rəisdən və ştata uyğun olaraq müavinlərdən ibarətdir.

3.4. Liseyin daimi heyətinə daxil olan şəxslərin funksional vəzifə borcları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə, müdafiə nazirinin əmr və direktivlərinə, bu Nizamnaməyə və digər hüquqi aktlara uyğun olaraq Liseydə hazırlanır və müvafiq qaydada təsdiq edilir.

3.5. Liseydə təhsil müddəti 3 (üç) ildir və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.

3.6. Liseydə siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Lisey üzrə bir sinifdə şagird sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. Liseydə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə (taqımlarda) kursantların sayı 30 nəfərdən çox olmamalıdır.

4. Liseyin fəaliyyətinin əsasları

4.1. Lisey qanunvericiliyə əsasən irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir.

4.2. Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir.

4.3. Liseyin vəzifəsi kursantların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, ali hərbi məktəblər üçün hazırlanmasını təmin etməkdən ibarətdir.

4.4. Ümumi orta təhsil kursantların yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.

4.5. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə alınmaqla, kursantların istedad və qabiliyyətlərinin reallaşdırılması üçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələri, xarici dillərdən birində (bir neçəsində) ünsiyyət saxlamaları, vətənə sadiq, fiziki cəhətdən sağlam, cəsur, mətin və intizamlı olmaları təmin olunur.

4.6. Lisey dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodiki tədbirlərin həyata keçirilməsində müstəqildir.

4.7. Liseydə əyani təhsilalma forması tətbiq olunur.

4.8. Liseyin məzunlarının istənilən ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz.

5. Liseydə təlim-tərbiyə prosesinin təşkili

5.1. Liseydə təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.

5.2. Liseydə təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

5.3. Pedaqoji prosesin “müəllim-kursant” əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirilmə mexanizmlərinin məqsədyönlü tətbiqi, kursantların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində əsas istiqamətlərdən hesab olunur.

5.4. Liseyin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul edilirlər.

5.5. Liseyə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilir.

5.6. Kursantların Liseyə qəbul edilməsi Liseyin rəisinin əmri ilə təsdiq olunur.

5.7. Liseyə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanılmış müqavilələrəuyğun olaraq həyata keçirilir.

5.8. Liseyə qəbul planı müdafiə naziri tərəfindən müəyyən olunur.

5.9. Liseydə dərs məşğələlərinin başlaması və başa çatması tarixləri, dərs ilində tətillərin müddətləri və tarixləri  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq müəyyən edilir.

5.10. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

5.11. Liseydə dərslər və dərsdənkənar məşğələlər Liseyin rəisi tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.

5.12. Dərs məşğələsinin müddəti 45 dəqiqə müəyyən edilir.

5.13. Liseydə kursantların və təhsilverənlərin attestasiyası, o cümlədən yekun attestasiyası mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

5.14. Liseydə tədris proqramlarının yerinə yetirilməməsinə görə kursantların təkrar sinifdə saxlanılmasına yol verilmir, onlar Pedaqoji Şuranın əsaslandırılmış qərarı ilə liseydən xaric edilirlər.

5.15. Dövlətlər arasında bağlanılmış müqavilə sənədlərinəuyğun olaraq, xarici ölkələrin tam orta hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Liseyin kursantları öz istəkləri və valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həmin ölkəyə ezam oluna bilərlər.

5.16. Kursantlar aşağıda göstərilən hallarda Liseydən xaric edilirlər:

5.16.1. valideynlərin və ya digər qanuni nümayəndələrin və kursantların öz arzusu ilə;

5.16.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

5.16.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;

5.16.4. bir təlim-tədris ilində dərslərin və ya toplanışların müddətinin ayrı-ayrılıqda 30 faizdən çoxunda hər hansı səbəbdən iştirak etmədiyinə görə;

5.16.5. intizamsızlığına görə;

5.16.6. qanunla hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə.

5.17. Liseydən hər hansı bir səbəbdən xaric edilən kursantların Liseyə qəbulu və bərpası qadağandır.

5.18. İntizamsızlığa görə Liseydən xaric edilmiş kursantlar bir daha Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmurlar.

5.19. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, Liseydəndə eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların Liseydə təhsil almaları məsələsinə Pedaqoji Şurada və ya Ali İntizam Şurasında baxılır.

5.20.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nin tələblərini və növbətçiliyin xüsusiyyətlərini aşılamaq məqsədi ilə kursantlar müəyyən edilmiş qaydada Liseyin daxilində növbələrə təyin edilirlər.

5.21. Liseydə təlim-tərbiyə işləri planlaşdırılarkən, kursantların meyil və marağına uyğun dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə, onlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.

5.22. Liseydə kursantların təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.

6. Liseyin idarə olunması

6.1. Liseyin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.

6.2. Liseydə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab olunur. Pedaqoji Şura Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir.

6.3. Kursantlarda Azərbaycan Respublikasının qanunvericilik aktlarının, hərbi nizamnamələrin, əsasnamələrin, təlimatların, əmrlərin və digər normativ sənədlərin tələblərinə tabeolma vərdişi yaratmaq, Liseydə nizam-intizamı tənzimləmək və nalayiq hərəkətlərin ağırlıq dərəcəsini qiymətləndirmək məqsədi ilə intizam orqanları – Ali İntizam Şurası və Kurs İntizam Şurası yaradılır. İntizam orqanlarının quruluşu, vəzifələri və hüquqları Liseyin tabe olduğu rəis tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin İntizam Təlimatı” ilə tənzimlənir.

6.4. Liseyin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə Liseydə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, elmi-metodik, valideynlər, kursantlar, valideyn şuraları və s.) yaradıla bilər.

6.5. Liseyin rəisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

6.6. Liseyin rəisi aşağıdakı vəzifələri həyata keçirir:

6.6.1. konkret iş sahələri əhatə olunmaqla, Liseyin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;

6.6.2. Liseydə günün nizam qaydalarını təsdiq edir və icrasına nəzarət edir;

6.6.3. Liseyin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırır;

6.6.4. təhsilin inkişafı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;

6.6.5. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi Liseyi və onun mənafeyini təmsil edir;

6.6.6. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;

6.6.7. Liseydə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;

6.6.8. kursantların təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə rəhbərlik qarşısında vəsatət qaldırır.

6.7. Liseyin rəisi aşağıdakı hüquqlara malikdir:

6.7.1. Liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edir;

6.7.2. Liseyin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən təhsilverənlərin vəzifədən azad olunması barədə vəsatət qaldırır, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;

6.7.3. müdafiə nazirinin müəyyən etdiyi qaydada və hədlərdə maliyyə-təsərrüfat fəaliyyətini təşkil edir;

6.7.4. bu Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə Liseyi təmsil edir, onun adından müqavilələr bağlayır;

6.7.5. Liseyin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.

6.8. Liseyin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış vəzifə təlimatları ilə müəyyən edilir.

7. Lisey üzrə təhsil prosesinin iştirakçıları

7.1. Təhsil prosesinin iştirakçılarıtəhsilverənlərvə digər işçilər daimi, kursantlar isə dəyişən heyətə daxildir.

7.1.1. daimi heyətə müəllimlər, tərbiyəçilər, psixoloqlar, dərnək rəhbərləri, taqım, bölük komandirləri, kurs rəisləri, tədris şöbəsinin zabitləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər daxildir;                    

7.1.2. dəyişən heyətə kursantlar daxildir.

7.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.

7.3. Liseyin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması və ya intizam tənbehinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

8. Kursantların hüquq və vəzifələri

8.1. Kursantların hüquqları aşağıdakılardır:

8.1.1. sinifdənkənar məşğuliyyəti sərbəst seçmək;

8.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

8.1.3. Liseyin mövcud infrastrukturundan (tədris laboratoriyaların-dan, emalatxanadan, kitabxanadan, idman qurğularından və s.) istifadə etmək, dərsliklərlə pulsuz təmin olunmaq;

8.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;

8.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndiril-məsini tələb etmək;

8.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.1.7. Liseyin ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;

8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

8.2. Liseydə qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

8.3. Kursantların vəzifələri aşağıdakılardır:

8.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

8.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.3.3. bu Nizamnamənin və digər normativ sənədlərin tələblərinə riayət etmək;

8.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;

8.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;

8.3.6. dövlət əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq;

8.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

9. Təhsilverənlərin hüquq və vəzifələri

9.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

9.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;

9.1.2. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

9.1.3. tədrisin formasını, metodlarını və vasitələrini müasir tədris tələblərinə uyğun seçmək;

9.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

9.1.5. Liseydə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

9.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;

9.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;

9.1.8. sağlamlıq üçün təhlükəsiz və zərərsiz iş şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;

9.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

9.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

9.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

9.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

9.2.3. kursantlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və ali hərbi məktəblərdə təhsilə hazırlamaq;

9.2.4. şəxsi nümunəsi ilə kursantlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

9.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

9.2.6. kursantların şərəf və ləyaqətinə hörmət etmək;

9.2.7. kursantları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

9.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;

9.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

9.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

10. Kursantların valideynlərinin və ya digər qanuni

nümayəndələrinin hüquq və vəzifələri

10.1. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində hüquqları aşağıdakılardır:

10.1.1. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

10.1.2. kursantların hüquqlarını müdafiə etmək;

10.1.3. Liseylə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləş-dirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək;

10.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

10.2. Kursantların valideynlərinin və ya digər qanuni nümayən-dələrinin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

10.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

10.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

10.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

11. Liseyin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası

11.1. Liseyin maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada hər il üçün təsdiq olunan dövlət büdcəsində Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

11.2. Lisey dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı, qanunvericilikdə nəzərdə tutulan digər mənbələrdən də vəsaitlər əldə edə bilər.

11.3. Liseyin daimi heyətinə daxil olan şəxslərin pul təminatı və əməkhaqlarının məbləği və forması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

11.4. Kursantların pul, əşya, ərzaq, tibb və yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir.

11.5. Lisey öz fəaliyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir və Liseyin fəaliyyətinə cavabdeh olan rəis qarşısında fəaliyyətinin nəticələri barədə hesabat verir.

11.6. Liseyin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, laboratoriya avadanlıqları, tədrisin texniki vasitələri, dərsliklər, dərs vəsaitləri, digər metodiki materiallar, kitabxana fondu, xüsusi texnika və avadanlıqlar, tədris-idman bazaları, habelə başqa maddi-texniki təchizat vasitələri təşkil edir.

11.7. Lisey istifadəsində olan maddi-texniki bazanın və əmlakın saxlanılması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

11.8. Liseyin əmlakı özəlləşdirilə bilməz.

11.9. Lisey göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.

11.10. Liseyin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.

12. Liseyə aid sənədlər

12.1. Tədris və tərbiyə işləri üzrə sənədlər müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”ın  əsasında təşkil olunur və aparılır.

12.2. Liseyə məxsus əmlakın mühafizəsinə və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən Liseyin rəisinin əmri ilə təyin olunurlar.

12.3. Pedaqoji və digər kateqoriyadan olan işçilər, kursantlar, onların valideynləri və ya digər qanuni nümayəndələri Liseyin əsas vəsaitlərinin, inventarlarının, avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

12.4. Maliyyə-təsərrüfat sənədləri müdafiə nazirinin əmrlərinə əsasən işlənilir.

12.5. Maliyyə-təsərrüfat sənədlərinə Liseyin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, Lisey daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.

13. Liseyin beynəlxalq əlaqələri

13.1. Liseyin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında həyata keçirilir.          

14. Liseyin yenidən təşkili və ləğvi

14.1. Liseyin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

14.2. Lisey ləğv edildikdə, onun əmlakı ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

______________

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 4 avqust

tarixli 274 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

Heydər Əliyevadına Hərbi Liseyin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Heydər Əliyev adına Hərbi Lisey (bundan sonra – Lisey) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – Müdafiə Nazirliyi) strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir.  Bu Nizamnamə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə uyğun olaraq hazırlanmışdır və Liseyin fəaliyyətini tənzimləyir.

1.2. Lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Müdafiə Nazirliyinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra – müdafiə naziri) əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.3. Liseyin əsas məqsədi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq üçün namizədləri hazırlamaqdan ibarətdir.

1.4. Liseydə təhsil pulsuzdur.

1.5. Liseydə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.6. Liseydə təhsilalanların (bundan sonra – kursantların) pul, əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir.

1.7. Liseydə tədris dili dövlət dili – Azərbaycan dilidir.

1.8. Liseyin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.

1.9. Lisey qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq, təhsil birliklərinə və assosiasiyalarına üzv olmaq hüququna malikdir.

1.10. Liseyhüquqi şəxsdir, müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət və hərbi əmlaka, xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Müdafiə Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.11. Lisey müdafiə nazirinin müəyyən etdiyi qayadada, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

1.12. Liseyin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.13. Lisey öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

1.14. Lisey dövlət orqanları və digər dövlətlərin müvafıq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.15. Lisey “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.

1.16. Lisey Naxçıvan şəhərində yerləşir.

2. Liseyin vəzifələri və hüquqları

2.1.       Liseyin vəzifələri aşağıdakılardır:

2.1.1. ali hərbi məktəblərə hərbi hazırlıqlı namizədləri hazırlamaq;

2.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

2.1.3. təhsil haqqında attestatlar, habelə təhsilə dair digər sənədlər vermək;

2.1.4. tədris prosesinin maddi-texniki təminatını, bina və otaqların mövcud norma və tələblərə uyğun qurulmasını həyata keçirmək;

2.1.5. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, kursantların intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya, mənəvi, vətənə dərin məhəbbət və peşəkar xüsusiyyətləri formalaşdırmaq;

2.1.6. Liseyə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.1.7. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

2.1.8. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

2.1.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

2.2.       Lisey aşağıdakı hüquqlara malikdir:

2.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

2.2.2. tədris, metodiki və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

2.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

2.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

2.2.5. Müdafiə Nazirliyinin və Liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

2.2.6. Liseyin hərbi qulluqçularına və işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatlarının verilməsi üçün Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

2.2.7. təlim mərkəzlərindən istifadə etmək;

2.2.8. Liseyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.2.9. qanunvericiliyin tələblərinə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafıq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

2.2.10.  Liseyin fəaliyyətinin təşkili məqsədi ilə qanunazidd olmayan aktlar qəbul etmək;

2.2.11.  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

3. Liseyin strukturu

3.1. Liseyin strukturu, müəyyən edilmiş ştat sayı və əməyin ödənişi fondu dairəsində ştat cədvəli, dövlət büdcəsindən ayrılmış vəsait dairəsində xərclər smetası müdafiə naziri tərəfindən təsdiq edilir.

3.2. Liseyin strukturuna komandanlıq, şöbələr, kursant bölmələri və digər bölmələr daxil edilir.

3.3. Liseyin komandanlığı rəisdən və ştata uyğun olaraq müavinlərdən ibarətdir.

3.4. Liseyin daimi heyətinə daxil olan şəxslərin funksional vəzifə borcları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə, müdafiə nazirinin əmr və direktivlərinə, bu Nizamnaməyə və digər hüquqi aktlara uyğun olaraq Liseydə hazırlanır və müvafiq qaydada təsdiq edilir.

3.5. Liseydə təhsil müddəti 3 (üç) ildir və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.

3.6. Liseydə siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Lisey üzrə bir sinifdə şagird sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.Liseydə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə (taqımlarda) kursantların sayı 30 nəfərdən çox olmamalıdır.

4. Liseyin fəaliyyətinin əsasları

4.1. Lisey qanunvericiliyə əsasən irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir.

4.2. Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir.

4.3. Liseyin vəzifəsi kursantların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, ali hərbi məktəblər üçün hazırlanmasını təmin etməkdən ibarətdir.

4.4. Ümumi orta təhsil kursantların yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.

4.5. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə alınmaqla, kursantların istedad və qabiliyyətlərinin reallaşdırılması üçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələri, xarici dillərdən birində (bir neçəsində) ünsiyyət saxlamaları, vətənə sadiq, fiziki cəhətdən sağlam, cəsur, mətin və intizamlı olmaları təmin olunur.

4.6. Lisey dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodiki tədbirlərin həyata keçirilməsində müstəqildir.

4.7. Liseydə əyani təhsilalma forması tətbiq olunur.

4.8. Liseyin məzunlarının istənilən ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz.

5. Liseydə təlim-tərbiyə prosesinin təşkili

5.1. Liseydə təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.

5.2. Liseydə təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

5.3. Pedaqoji prosesin “müəllim-kursant” əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirilmə mexanizmlərinin məqsədyönlü tətbiqi, kursantların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində əsas istiqamətlərdən hesab olunur.

5.4. Liseyin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul edilirlər.

5.5. Liseyə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilir.

5.6. Kursantların Liseyə qəbul edilməsi Liseyin rəisinin əmri ilə təsdiq olunur.

5.7. Liseyə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanılmış müqavilələrəuyğun olaraq həyata keçirilir.

5.8. Liseyə qəbul planı müdafiə naziri tərəfindən müəyyən olunur.

5.9. Liseydə dərs məşğələlərinin başlaması və başa çatması tarixləri, dərs ilində tətillərin müddətləri və tarixləri  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq müəyyən edilir.

5.10. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

5.11. Liseydə dərslər və dərsdənkənar məşğələlər Liseyin rəisi tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.

5.12. Dərs məşğələsinin müddəti 45 dəqiqə müəyyən edilir.

5.13. Liseydə kursantların və təhsilverənlərin attestasiyası, o cümlədən yekun attestasiyası mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

5.14. Liseydə tədris proqramlarının yerinə yetirilməməsinə görə kursantların təkrar sinifdə saxlanılmasına yol verilmir, onlar Pedaqoji Şuranın əsaslandırılmış qərarı ilə liseydən xaric edilirlər.

5.15. Dövlətlər arasında bağlanılmış müqavilə sənədlərinəuyğun olaraq, xarici ölkələrin tam orta hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Liseyin kursantları öz istəkləri və valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həmin ölkəyə ezam oluna bilərlər.

5.16. Kursantlar aşağıda göstərilən hallarda Liseydən xaric edilirlər:

5.16.1. valideynlərin və ya digər qanuni nümayəndələrin və kursantların öz arzusu ilə;

5.16.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

5.16.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;

5.16.4. bir təlim-tədris ilində dərslərin və ya toplanışların müddətinin ayrı-ayrılıqda 30 faizdən çoxunda hər hansı səbəbdən iştirak etmədiyinə görə;

5.16.5. intizamsızlığına görə;

5.16.6. qanunla hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə.

5.17. Liseydən hər hansı bir səbəbdən xaric edilən kursantların Liseyə qəbulu və bərpası qadağandır.

5.18. İntizamsızlığa görə Liseydən xaric edilmiş kursantlar bir daha Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmurlar.

5.19. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, Liseydəndə eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların Liseydə təhsil almaları məsələsinə Pedaqoji Şurada və ya Ali İntizam Şurasında baxılır.

5.20.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nin tələblərini və növbətçiliyin xüsusiyyətlərini aşılamaq məqsədi ilə kursantlar müəyyən edilmiş qaydada Liseyin daxilində növbələrə təyin edilirlər.

5.21. Liseydə təlim-tərbiyə işləri planlaşdırılarkən, kursantların meyil və marağına uyğun dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə, onlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.

5.22. Liseydə kursantların təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.

6. Liseyin idarə olunması

6.1. Liseyin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.

6.2. Liseydə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab olunur. Pedaqoji Şura Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir.

6.3. Kursantlarda Azərbaycan Respublikasının qanunvericilik aktlarının, hərbi nizamnamələrin, əsasnamələrin, təlimatların, əmrlərin və digər normativ sənədlərin tələblərinə tabeolma vərdişi yaratmaq, Liseydə nizam-intizamı tənzimləmək və nalayiq hərəkətlərin ağırlıq dərəcəsini qiymətləndirmək məqsədi ilə intizam orqanları – Ali İntizam Şurası və Kurs İntizam Şurası yaradılır. İntizam orqanlarının quruluşu, vəzifələri və hüquqları Liseyin tabe olduğu rəis tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin İntizam Təlimatı” ilə tənzimlənir.

6.4. Liseyin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə Liseydə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, elmi-metodik, valideynlər, kursantlar, valideyn şuraları və s.) yaradıla bilər.

6.5. Liseyin rəisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

6.6. Liseyin rəisi aşağıdakı vəzifələri həyata keçirir:

6.6.1. konkret iş sahələri əhatə olunmaqla, Liseyin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;

6.6.2. Liseydə günün nizam qaydalarını təsdiq edir və icrasına nəzarət edir;

6.6.3. Liseyin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırır;

6.6.4. təhsilin inkişafı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;

6.6.5. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi Liseyi və onun mənafeyini təmsil edir;

6.6.6. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;

6.6.7. Liseydə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;

6.6.8. kursantların təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə rəhbərlik qarşısında vəsatət qaldırır.

6.7. Liseyin rəisi aşağıdakı hüquqlara malikdir:

6.7.1. Liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edir;

6.7.2. Liseyin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən təhsilverənlərin vəzifədən azad olunması barədə vəsatət qaldırır, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;

6.7.3. müdafiə nazirinin müəyyən etdiyi qaydada və hədlərdə maliyyə-təsərrüfat fəaliyyətini təşkil edir;

6.7.4. bu Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə Liseyi təmsil edir, onun adından müqavilələr bağlayır;

6.7.5. Liseyin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.

6.8. Liseyin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış vəzifə təlimatları ilə müəyyən edilir.

7. Lisey üzrə təhsil prosesinin iştirakçıları

7.1. Təhsil prosesinin iştirakçılarıtəhsilverənlərvə digər işçilər daimi, kursantlar isə dəyişən heyətə daxildir.

7.1.1. daimi heyətə müəllimlər, tərbiyəçilər, psixoloqlar, dərnək rəhbərləri, taqım, bölük komandirləri, kurs rəisləri, tədris şöbəsinin zabitləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər daxildir;                    

7.1.2. dəyişən heyətə kursantlar daxildir.

7.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.

7.3. Liseyin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması və ya intizam tənbehinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

8. Kursantların hüquq və vəzifələri

8.1. Kursantların hüquqları aşağıdakılardır:

8.1.1. sinifdənkənar məşğuliyyəti sərbəst seçmək;

8.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

8.1.3. Liseyin mövcud infrastrukturundan (tədris laboratoriyaların-dan, emalatxanadan, kitabxanadan, idman qurğularından və s.) istifadə etmək, dərsliklərlə pulsuz təmin olunmaq;

8.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;

8.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndiril-məsini tələb etmək;

8.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.1.7. Liseyin ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;

8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

8.2. Liseydə qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

8.3. Kursantların vəzifələri aşağıdakılardır:

8.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

8.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.3.3. bu Nizamnamənin və digər normativ sənədlərin tələblərinə riayət etmək;

8.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;

8.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;

8.3.6. dövlət əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq;

8.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

9. Təhsilverənlərin hüquq və vəzifələri

9.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

9.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;

9.1.2. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

9.1.3. tədrisin formasını, metodlarını və vasitələrini müasir tədris tələblərinə uyğun seçmək;

9.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

9.1.5. Liseydə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

9.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;

9.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;

9.1.8. sağlamlıq üçün təhlükəsiz və zərərsiz iş şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;

9.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

9.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

9.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

9.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

9.2.3. kursantlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və ali hərbi məktəblərdə təhsilə hazırlamaq;

9.2.4. şəxsi nümunəsi ilə kursantlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

9.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

9.2.6. kursantların şərəf və ləyaqətinə hörmət etmək;

9.2.7. kursantları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

9.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;

9.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

9.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

10. Kursantların valideynlərinin və ya digər qanuni

nümayəndələrinin hüquq və vəzifələri

10.1. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində hüquqları aşağıdakılardır:

10.1.1. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

10.1.2. kursantların hüquqlarını müdafiə etmək;

10.1.3. Liseylə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək;

10.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

10.2. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində vəzifələri aşağıdakılardır: