Alternative content

17:33 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:07 31.07.2015

 

№ 266                                                Bakı şəhəri, 14 iyul 2015-ci il

 

“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Azərbaycan  Respublikası Nazirlər

Kabinetinin  2015-ci il 14 iyul

tarixli 266 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması,

bərpası və istifadəsi QAYDASI

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Milli mədəni irsə muzey, incəsənət, audiovizual (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir. Mədəni irs nümunələri maddi (daşınmaz və daşınar) və qeyri-maddi mədəni irs nümunələrinə bölünür.

1.3. Mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni irs nümunələrinin zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.

1.4. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

1.5. Mədəni irs nümunələrinin cari vəziyyəti mədəniyyət sahəsində dövlət monitorinqi vasitəsilə qiymətləndirilir.

1.6. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatlar, habelə mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 38.4-cü və 39.1-ci maddələrinə əsasən tənzimlənir.

2. Daşınmaz mədəni irs nümunələrinin qorunması

 

2.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi, aşkar olunduğu və ya inşa edildiyi məkanlarda qorunur.

2.2. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

2.3. Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilərin və mədəni irs abidələrinin qoruq elan edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

3. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası və qoruqların sərhədi

 

3.1. Daşınmaz mədəni irs nümunələrinin onların yerləşdiyi və ya inşa olunduğu yerlərdə qorunması məqsədi ilə mühafizə zonaları yaradılır.

3.2. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası daxilində  istehsal və kommersiya fəaliyyətinin, tikinti inşaat fəaliyyətinin həyata keçirilməsi (daşınmaz mədəni irs nümunələrinin mühafizəsi məqsədi ilə həyata keçirilən fəaliyyət istisna olmaqla), həmçinin bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. Qoruqların ərazilərində fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nə uyğun olaraq   həyata keçirilir.

3.3. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonaları və qoruqların sərhədləri barədə təkliflər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

3.4. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonalarını və qoruqların sərhədlərini  müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir.

3.5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 3.4-cü bəndində göstərilən   ekspertizanın nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən təkliflərə əlavə etməlidirlər.

 

4. Daşınmaz mədəni irs nümunələrinin bərpası, konservasiyası,

təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması

 

4.1. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihədə nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.

4.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

5. Daşınar mədəni irs nümunələrinin qorunması

 

5.1. Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilərək qorunur.

5.2. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması, saxlanması və ya sərgilənməsi olanmuzeylər, kitabxanalar, arxivlər, dini qurumlar, arxeoloji komplekslər və bu qəbildən olan digər təşkilatlar tərəfindən aşağıdakı tədbirlər həyata keçirilməlidir:

5.2.1. mikrofilmlərə, rəngli fotoşəkillər də daxil olmaqla, mədəni sərvətlərin inventarlaşdırılmasının və kataloqlarının aparılmasının həyata keçirilməsi;

5.2.2. mədəni sərvətlərin zədələnməsinə, dağılmasına, deformasiyasına və dəyərini itirməsinə səbəb ola biləcək istidən, işıqdan, nəmişlikdən, çirklənmədən, müxtəlif kimyəvi və bioloji təsirlərdən, titrəyişdən qorunması üçün müasir texniki və təhlükəsizlik vasitələrindən istifadə edilməsi;

5.2.3. zəruri mütəxəssislərin hazırlanmasının təmin edilməsi. 

5.3. Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Bu məqsədlə onlar tərəfindən aşağıdakı tədbirlər görülməlidir:

5.3.1. mülkiyyətlərində olan mədəni sərvətlərin siyahıya alınması, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi;

5.3.2. mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə mühafizə müqaviləsinin bağlanılması.

5.4. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

 

6. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması

 

6.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunur.

6.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə, sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə ötürülmə daxil olmaqla, mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.

6.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil olan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır.

 

7. Mədəni irs nümunələrinin bərpası

 

7.1. Mədəni irs nümunələrinin bərpası aşağıdakı üsullarla həyata keçirilir:

7.1.1. mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi;

7.1.2. bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi.

7.2. Mühafizənin bərpa dərəcəsi obyektin ilkin təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na uyğun olaraq həyata keçirilir.

7.3. Bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na uyğun olaraq həyata keçirilir.   

7.4. Mədəniyyət müəssisələrinin bərpası məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsihəyata keçirir.

 

8. Mədəni irs nümunələrinin istifadəsi

 

8.1. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır.

8.2. Mədəni irs nümunələrindən istifadə hüququ aşağıdakılara əsasən yaranır:

8.2.1. dövlət və ya bələdiyyə orqanlarının qanunauyğun qəbul edilmiş aktlarına;

8.2.2. qanuna uyğun olaraq bağlanılmış müqaviləyə;

8.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarına;

8.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər əsaslara; 

8.3. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.

8.4. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda isə digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin razılığı ilə həyata keçirilir.

8.5. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.

8.6. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni sərvətlər satıldıqda, onların alınmasında dövlət üstün hüquqa malikdir. Dövlət tərəfindən mədəni sərvətlərin alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660-cı maddəsinə uyğun olaraq tənzimlənir.

8.7. Xüsusi mülkiyyətdə olan mədəni irs nümunələri satıldıqda, mülkiyyətçi bu barədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məlumat verməlidir.

8.8. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni irs nümunələrinin mülkiyyətçisi həmin sərvətlərin saxlanılmasını müəyyən edilmiş qaydada təmin etmirsə və bu, onların öz əhəmiyyətini itirmə təhlükəsi yaradırsa, belə sərvətlər məhkəmənin qərarına əsasən dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.

8.9. Mədəni sərvətlər satın alındıqda, onların dəyəri tərəflərin razılığı, əks təqdirdə isə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

 

9. Mədəni irs nümunələrindən istifadə rejimi

 

9.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

9.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin təyinatına uyğun istifadə edilməsi təmin olunur.

9.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.

9.4. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə elmi- tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır. Bu bənddə qeyd olunan işləri aparan (yerinə yetirən) fiziki və hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə aparılmış tədqiqat işləri barədə hesabat verir.

9.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri üzrə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssislərin iştirakı ilə həyata keçirilir.