Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcəkdir.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov AzərTAc-a bildirmişdir ki, iclas iştirakçıları əvvəlcə Xocalı soyqırımı ilə əlaqədar parlamentin binasının foyesində təşkil olunmuş sərgi ilə tanış olacaqlar.
Sərgidə Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, Milli Məclisin qəbul etdiyi qərar və bəyanatlar, Baş Prokurorluğun məlumatları, fotomateriallar, eləcə də kitab, jurnal və broşürlərlə tanış olacaqlar. A.Nəsirov demişdir ki, sərgidə Azərbaycan Prezidenti Administrasiyası ilə AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış, Azərbaycan dili ilə yanaşı 5 dilə (ingilis, rus, fransız, alman və ərəb dilləri) tərcümə olunmuş "Xocalı XX əsrin soyqırımı" kitabı da nümayiş etdiriləcəkdir.
Xocalı soyqırımı ilə bağlı Milli Məclisin əməkdaşlarının hazırladıqları qısametrajlı sənədli film də nümayiş olunacaqdır.
Xüsusi iclasda Xocalı soyqırımının dünyada tanınması ilə bağlı müzakirələr aparılacaqdır. Sonda dünya ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara müraciətin qəbul ediləcəyi də istisna edilmir.