Cavabdehlə bağlanmış podrat müqaviləsində işin gec təhvil verilməsinə görə cərimə nəzərdə tutulmuşdu. Məhkəmədə dəbbə pulunun da ödənilməsini tələb etmişdim. Lakin məhkəmə cavabdehin heç bir tələbi, ərizəsi olmadığı halda dəbbə pulunun məbləğini azaltdı. Məhkəmənin qərarı qanunidirmi?
Azad Axundov,
Lənkəran rayonu
Ümumi qayda ondan ibarətdir ki, müqavilə tərəfləri dəbbə pulunun miqdarını sərbəst şəkildə müəyyənləşdirmək hüququna malikdirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 462.3-cü maddə). Lakin məhkəmə müqavilə ilə şərtləşdirilmiş dəbbə pulu məbləğinin vicdanlılıq (həmin məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar) prinsipi çərçivəsində qiymətləndirilməsi zamanı tənasübsüz surətdə yüksək olduğu qənaətinə gələrsə, onda zəruri azaltma barədə qərar qəbul edə bilər. Çünki adıçəkilən məcəllənin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Başqa sözlə, borclunun dəbbə pulunun azaldılması barədə tələbinin, ərizəsinin olub-olmamasının məhkəmənin bu səlahiyyətini həyata keçirməsi üçün hər hansı əhəmiyyəti yoxdur. Bununla belə, 467-ci maddənin ikinci cümləsi baxımından məhkəmə bu səlahiyyətini həyata keçirərkən tərəflərin mənafeləri arasında ədalətli balans qurmağa çalışmalı, sadəcə, borclunu qorumağı düşünməməlidir.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi