Azərbaycanın qədim yaşayış məskənlərindən sayılan Şabran rayonuna yay aylarında gələn turistlərin sayında artım müşahidə olunur. Ölkəmizin şimal bölgəsindəki əsas turizm mərkəzlərinə aparan yolun üzərində yerləşməsi bu tarixi məkanı turistlər üçün daha da cəlbedici edir.
AZƏRTAC xəbər verir ki, rayonda 150-dən artıq tarixi memarlıq və arxeoloji abidə var. Bunlar sırasında turistlərin ən çox diqqətini çəkənlər isə “Çıraqqala” tarix-memarlıq və “Şabran şəhəri” tarixi qoruqlarıdır.
Yerli və əcnəbi qonaqlar bu tarixi məkanları ziyarət etməklə yanaşı, həmin yerlərdə arxeoloji qazıntılar zamanı aşkarlanan nümunələri görmək üçün Şabran Tarix-Diyarşünaslıq Muzeyinə gəlirlər. Muzeyin bələdçisi Nərmin Eyvazlı AZƏRTAC-a müsahibəsində bildirib ki, son altı ayda mədəniyyət ocağını 2 min 849 turist ziyarət edib. Muzeyə gələn əcnəbilərin sayı isə 200 nəfərə yaxındır.
Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim eksponatlarla yanaşı, muzeyə gələn turistlərin ən çox diqqətini çəkən həm də qədim xalçalardır. Əldə toxunan xalçaları bəyənən əcnəbi turistlər yerli xalça ustalarına sifariş də verirlər.
İyirmi dörd ildir fəaliyyət göstərən və 2011-ci ildə bərpa edilərək yenidən istifadəyə verilən Şabran Tarix-Diyarşünaslıq Muzeyində həm ölkəmizin, həm də rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran xeyli eksponat var.