23 Fevral 2012 12:02
810
Konstitusiya məhkəməsi
A- A+

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Sumqayıt Apelyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsində göstərilən hallarda cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519.0.3-cü və 519.0.4-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.3-cü maddəsində göstərilən halda, yəni uşaq səkkiz yaşına çatdıqda, məhkum edilmiş şəxsin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatı əsasında məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddələri qanunvericilik qaydasında təkmilləşdirilənədək həmin müddəalar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə uyğun tətbiq edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video