14 Iyun 2015 05:06
434
Tədbirlər
A- A+

Karateçilərimiz xalqımızın və Prezidentin etimadını doğrultdular

 

Onlar ilk yarış gününü 2 qızıl və 2 bürünc medalla başa vurdular

 

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri ilk Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da keçirilən karate yarışlarının gedişini izlədilər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri əvvəlcə karatenin kumite növü üzrə yarışları izlədilər.

I Avropa Oyunlarında  mübarizə aparılan idman növlərindən biri də karatedir. Karate yarışlarında 12 dəst medal uğrunda 96 idmançı mübarizə aparır. İyunun 13-də - Oyunların ikinci günündə “Baku Crystal Hall”da karatenin kumite növü üzrə yarışlar keçirildi. Kişilər 60, 67, 75, qadınlar isə 50, 55, 61 kq çəki dərəcəsində mübarizə apardılar.

Azərbaycan karateçilərinin də iştirak etdiyi kumite yarışları idmançılarımızın əzmkar mübarizəsi ilə əlamətdar oldu. Qeyd edək ki, karate üzrə Azərbaycanı kişilərin mübarizəsində Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq), qadınların mübarizəsində isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61 kq) təmsil edirdilər.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev Oyunlarda iştirak edən Azərbaycan komandasına ilk qızıl medalı qazandırdı. İdmançımızın bu çəki dərəcəsində ilk döyüşü İspaniya karateçisi Matias Qomes Qarsiya ilə oldu. Tatami üzərinə çıxan Firdovsi Fərzəliyev 2:0 qalib gələrək, açıq üstünlüklə rəqibini məğlub etdi.

Firdovsi Fərzəliyev növbəti döyüşünü italiyalı Luka Mareska ilə keçirdi. İdmançımız əvvəlki döyüşdə olduğu kimi, bu dəfə də inamlı təsir bağışladı və rəqibini 4:2 hesabı ilə məğlub etdi. Bu qələbə ilə yarımfinala yüksələn karateçimiz növbəti mərhələdə albaniyalı Halil Marqeşlə döyüşdü. Bu görüşdə də meydanı qalib tərk edən idmançımız qrup qalibi oldu. O, finala çıxmaq üçün növbəti döyüşünü digər qrupun ikincisi olan makedoniyalı Emil Pavlovla keçirdi. Firdovsi Fərzəliyev bu görüşü də qələbə ilə başa vurdu. Əvvəlcə hesabda geri olsa da, sonda möhtəşəm qələbə qazanaraq finala yüksəldi.

İdmançımız 60 kq çəki dərəcəsinin finalında qrup mərhələsində məğlub etdiyi L. Mareska ilə qarşılaşdı. Bu görüşdə də inamla və əzmlə döyüşən Firdovsi Fərzəliyev 4:0 hesabı ilə möhtəşəm qələbə qazanaraq I Avropa Oyunlarında iştirak edən Azərbaycan komandasına yarışların ikinci günündə, karate yarışlarının isə birinci günündə ilk qızıl medalı qazandırdı. Bu çəkidə üçüncü yeri Emil Pavlov tutdu.

İdmançımızın çıxışını Azərbaycan Prezidenti İlham Əliyev də izləyirdi və yekunda medalları ilk üç yerin sahiblərinə təqdim etdi.

Azərbaycana ikinci qızıl medalı isə kumite yarışlarında 75 kq çəki dərəcəsində çıxış edən Rəfael Ağayev qazandırdı. İdmançımız ilk görüşündə ukraynalı İlya Nikulinlə döyüşdü və 3:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə Türkiyə idmançısı Erman Eltemura uduzsa da, sonrakı döyüşündə latviyalı Ruslan Sadıqova qalib gələrək növbəti mərhələyə adladı.

Rəfael Ağayev yarımfinalda almaniyalı Noah Bitçlə qarşılaşaraq 1:0 hesablı qələbə qazandı. Beləliklə, finala yüksələn idmançımız son döyüşünü italiyalı Luici Busa ilə keçirdi. Finalda da inamla mübarizə aparan Rəfael Ağayev 1:0 hesabı ilə qələbə çalaraq Azərbaycana ikinci qızıl medalı qazandırdı.

Yarışı izləyən Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qaliblərə təqdim etdi.

Kişilər arasında 67 kq çəki dərəcəsində çıxış edən Niyazi Əliyev isə bürünc medal qazandı. İdmançımız üçüncü yer uğrunda mübarizədə almaniyalı idmançı Rikardo Qiqleri 3:1 hesabı ilə məğlub etdi. İlk döyüşlərdə Gürcüstan, Fransa və İspaniya karateçilərinə qalib gələn Niyazi Əliyev Türkiyə təmsilçisi Burak Uyqura məğlub olsa da, üçüncü yer uğrunda mübarizədən qalib ayrıldı.

Qadınlar arasında 50 kq çəki dərəcəsində qızıl medalı türkiyəli karateçi Serap Özçelik qazandı. Avstriyadan olan Plank Bettina ikinci, Fransa təmsilçisi Aleksandra Reççiya isə üçüncü yerə çıxdılar.

Kumite üzrə qadınlar arasında 55 kq çəki dərəcəsi üzrə yarışlarda Azərbaycan idmançısı İlahə Qasımova üçüncü yeri tutdu. Bu çəki dərəcəsində qızıl medalı Fransa təmsilçisi Emili Touy, gümüş medalı isə xorvatiyalı Yelena Kovaceviç qazandı.

İlahə Qasımova ilk olaraq Lüksemburq təmsilçisi Cenni Varlinqlə döyüşdü və qalib gəldi. İkinci mərhələdə Türkiyə karateçisi Tuba Yakanla qarşılaşan idmançımız növbəti qələbəsini qazandı. Sonrakı görüşdə Xorvatiyadan olan Yelena Kovaçeviçə də qalib gələn İ. Qasımova qrup mərhələsini də keçdi. Yarımfinalda isə idmançımız fransalı Emili Touyla döyüşdü. Lakin məğlub olan idmançımız bürünc uğrunda İspaniya idmançısı Qarsiya Ferrer ilə döyüşərək 5:2 hesabı ilə qələbə qazandı. Əlavə edək ki, bu, I Avropa Oyunlarında iştirak edən Azərbaycan komandasının ilk medalıdır.

Qadınların kumite yarışlarında 61 kiloqram çəki dərəcəsində fransalı idmançı Lusie İqnas birinci, türkiyəli idmançı Merve Çoban ikinci yerə çıxdılar. Bu çəki dərəcəsində bürünc medalı Xorvatiyadan olan idmançı Ana Lenard qazandı.

Karate “Bakı-2015” I Avropa Oyunlarında idmançıların mübarizə apardığı qeyri-Olimpiya idman növlərindən biridir. Karate yarışlarına iyunun 14-də yekun vurulacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video