06 Iyun 2015 02:06
381
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 194                                    Bakı şəhəri, 22 may 2015-ci il

 

“Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 339 nömrəli qərarı ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 22 may

tarixli 194 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Uşaq evləri sosial xidmət müəssisələrinin

 

NÜMUNƏVİNİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və uşaq evlərinin təşkilinin, fəaliyyətinin sosial, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.

1.2. Uşaq evləri Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial xidmət haqqında” qanunlarına uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının (şəhər rayonu istisna olmaqla) tabeliyində yaradılır.

1.3. Uşaq evləri öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Ailə Məcəlləsini, Azərbaycan Respublikasının “Sosial xidmət haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlarını, bu Nümunəvi Nizamnaməni və digər müvafiq normativ hüquqi aktları rəhbər tutur.

1.4. Bu Nümunəvi Nizamnamə hər bir uşaq evi üçün nizamnamənin hazırlanması üçün əsas hesab edilir.

1.5. Uşaq evləri irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olan sosial xidmət müəssisələridir.

1.6. Uşaq evləri aşağıdakı tiplər üzrə yaradılır:

1.6.1. məktəbəqədər yaşlı uşaqlar üçün;

1.6.2. məktəbyaşlı uşaqlar üçün;

1.6.3. məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli.

1.7. Uşaq evlərinin öz adı həkk olunmuş möhürü, ştampı və xəzinə hesabı olur.

1.8. Uşaq evləri tərbiyə olunmaq üçün qəbul edilmiş uşaqlara münasibətdə qəyyumun (himayəçinin) hüquq və vəzifələrinə malik olurlar.

 

2. Uşaq evlərinin məqsədi

 

2.1. Uşaq evlərinin məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və bu Nümunəvi Nizamnamədə nəzərdə tutulan hallarda onların arasından olan şəxslərin həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran məqamların qarşısını almaqdan, çətin həyat şəraiti yarandıqda ehtiyacı olan uşaqlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.

 

3. Uşaq evlərinin vəzifələri

 

3.1. Uşaq evlərinin vəzifələri aşağıdakılardır:

3.1.1. bu Nümunəvi Nizamnamə ilə müəyyən olunmuş qaydada               uşaqları qəbul etmək;

3.1.2. uşaq üçün layiqli yaşayış şəraitini təmin etmək;

3.1.3. keyfiyyətli sosial xidmətin həyata keçirilməsini təmin etmək;

3.1.4. sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatı və uşağa sosial xidmət göstərilməsinə dair fərdi planı hazırlamaq;

3.1.5. yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla, uşağın intellektual, mənəvi, fiziki, psixoloji və sosial inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətini formalaşdırmaq;

3.1.6. uşağı müstəqil həyata və cəmiyyətə inteqrasiya olunması üçün hazırlamaq;

3.1.7. bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq və gənclər yaradıcılıq evlərinə göndərilmələrini, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştiraklarını təmin etmək;

3.1.8. əmək qabiliyyətli olduqda, uşaqların əmək fəaliyyəti ilə məşğul olmaları üçün məşğulluq orqanları ilə əməkdaşlıq etmək;

3.1.9. uşaqların himayəyə və qəyyumluğa verilməsi üçün himayə və qəyyumluq orqanları ilə  əməkdaşlıq etmək;

3.1.10. uşaqlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görmək;

3.1.11. inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və pedaqoji yardım göstərmək;

3.1.12. uşaqların hüquq və mənafelərinin müdafiəsini təmin etmək;

3.1.13. uşaqlar barədə məlumatların konfidensiallığını təmin etmək;

3.1.14. uşaqların təhsil almaları üçün təhsil müəssisələrinə müraciət etmək;

3.1.15. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onların uşaq evinin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində uçota götürülməsi üçün müraciət etmək.

 

4. Uşaq evlərinin hüquqları

 

4.1. Uşaq evləri aşağıdakı hüquqlara malikdir:

4.1.1. dövlət və yerli özünüidarəetmə orqanları və digər təşkilatlar tərəfindən himayəsində olan uşaqlarla bağlı qərarlar qəbul edilərkən, zəruri məlumatları tələb etmək;

4.1.2. dövlət və yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla əməkdaşlıq etmək, uşaqların hüquqlarının müdafiə edilməsi, qəyyumluğa (himayəyə) və ya övladlığa götürülməsi, onlara qayğının və sosial xidmətin göstərilməsi ilə bağlı müvafiq orqanlara, idarə və müəssisələrə təkliflər vermək;

4.1.3. uşaqlara təyin edilmiş pensiya, aliment, sosial müavinət və digər sosial ödənişlərin köçürülməsi məqsədi ilə onların adlarına hesab açmaq və sosial ödənişlərin həmin hesaba köçürülməsi barədə müvafiq orqanlara rəsmi müraciət etmək;

4.1.4. uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankından məlumat almaq üçün bilavasitə məlumat bankının administratoruna sorğu vasitəsilə müraciət etmək.

 

5. Uşaq evlərinin fəaliyyətinin təşkili

 

5.1. Uşaq evlərinin fəaliyyətinə rəhbərlik və onun idarə olunması ali təhsilli, müvafiq (pedaqoji, psixoloji, sosioloji, tibbi və sosial) sahədə 5 ildən az olmayan iş stajına malik olan və həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, aidiyyəti icra hakimiyyəti orqanının təyin etdiyi direktor tərəfindən bu Nümunəvi Nizamnaməyə və  uşaq evinin nizamnaməsinə əsasən həyata keçirilir.

5.2. Uşaq evinin direktoru:

5.2.1. rəhbərlik etdiyi uşaq evinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş illik iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görür;

5.2.2. uşaq evlərində uşaqların sağlam və keyfiyyətli qida məhsulları ilə, habelə  yaşı və cinsi nəzərə alınmaqla mövsümi geyimlə təmin olunması üçün tədbirlər görür;

5.2.3. uşaq evinin işçilərini Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən vəzifəyə təyin edir, vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.2.4. bu Nümunəvi Nizamnamənin 3.1.4-cü yarımbəndində nəzərdə tutulmuş fərdi planı təsdiq edir;

5.2.5. uşaqların uşaq evinə qəbulunu və oranı tərk etməsini rəsmiləşdirir;

5.2.6. uşaq evini təmsil edir və uşaq evinin adından çıxış etmək üçün digər şəxslərə etibarnamə verir;

5.2.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində uşaq evinin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasını təsdiq edir;

5.2.8. uşaq evinin fəaliyyəti və göstərdiyi xidmətlər barədə ictimaiyyəti məlumatlandırır, uşaq hüquqlarının müdafiəsi ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət arasında əlaqələrin qurulmasını və beynəlxalq səviyyədə əməkdaşlığı təmin edir;

5.2.9. uşaqlara qarşı zorakılıq, istismar, sui-istifadə hallarının qarşısının alınması üçün konkret tədbirlər görür. Belə hallar olduqda, aidiyyəti üzrə daxili işlər və yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına məlumat verir;

5.2.10. uşaq evinin fəaliyyəti barədə aylıq hesabatı və rüblük maliyyə hesabatlarını aidiyyəti yerli icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir;

5.2.11. bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.

5.3. Uşaq evlərinin direktoru tərəfindən verilən qərarlar əmr şəklində rəsmiləşdirilir.

5.4. Uşaq evlərində xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

5.5. Uşaq evlərinin işçilərinin hüquq və vəzifələri uşaq evinin nizamnaməsi və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, daxili intizam qaydaları isə uşaq evləri tərəfindən müəyyən olunur.

5.6. Uşaq evinin nizamnaməsi aidiyyəti yerli icra hakimiyyətiorqanı tərəfindən təsdiq edilir.

 

6. Uşaq evlərində uşağın təminatları

 

6.1. Uşaq evlərində uşaqlar üçün ailə mühitinə yaxın təhlükəsiz və psixoloji cəhətdən sabit, uşağın şəxsi keyfiyyətlərini, inkişafındakı xüsusiyyətləri nəzərə alan, ehtiyac və maraqlarını qarşılayan şərait yaradılır.

6.2. Uşaq irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, sosial mənsubiyyətinə görə zorakılıq, təhqir, diskriminasiya və təqiblərdən qorunur. Uşağın hüquqlarının bərpası məqsədi ilə yuxarı orqana maneəsiz müraciət etmək imkanı təmin edilir və zəruri hallarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanıtərəfindən araşdırmalar aparılır. Uşağın təhlükəsizliyini təmin etmək üçün onun hüquqlarının pozulması hallarının uçotu aparılır, onların səbəbləri təhlil olunur və gələcəkdə belə hüquqpozmaların qarşısının alınması üsullarına dair qərar qəbul edilir.

6.3. Uşaqda təhlükəsiz və əxlaq normalarına uyğun davranış bacarığı formalaşdırılır, uşaqla uşaq evinin heyəti arasında qarşılıqlı etibar, inam və hörmət əsasında mühitin yaradılması təmin olunur.

6.4. Uşağın səhhəti nəzərə alınmaqla, onun fərdi qida qəbul etmək tələbatı tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra o, müvafiq qida ilə təmin edilir.

6.5. Uşaq geyim, ayaqqabı və yumşaq inventarlarlaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”na uyğun təmin edilir.

6.6. Uşaq evlərində bayram, istirahət, əlamətdar günlərin və tətillərin səmərəli təşkil olunması təmin edilir.

6.7. Uşaq evində olan uşağa təyin edilmiş pensiya, aliment, müavinət və digər sosial ödənişlər uşağın adına açılmış bank əmanəti hesabına (depozitə) köçürülür.

6.8. Uşağın formalaşmış şəxsiyyət kimi inkişaf etməsi ilə bağlı məsələlər həll edilərkən, onun öz fikirlərini, münasibətini sərbəst şəkildə ifadə etməsi üçün şərait yaradılır.

6.9. Uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olması və onlar haqqında məlumatlar alması üçün ona müvafiq şərait yaradılır.

6.10. 14 yaşına çatmış uşaqlara şəxsi işləri ilə tanış olmaq imkanı yaradılır.

6.11. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ərazi üzrə tibb müəssisəsi tərəfindən uşağa profilaktik peyvəndlər edilir.

6.12. Uşağın təhsil hüququ təmin edilir. Uşaqlara özünüifadə ehtiyaclarını qarşılamaq, uşaqlar üçün nəzərdə tutulmuş digər təhsil müəssisələrinə getmək imkanı yaradılır, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr keçirilir, yaradıcı insanlarla görüşlər təşkil edilir, onlar ayda 2 dəfədən az olmayaraq ekskursiyalara, gəzintilərə, konsert və teatr tamaşalarına, muzeylərə aparılır, ölkənin flora və faunasının, tarixinin və mədəniyyət abidələrinin öyrənilməsi təmin olunur.

6.13. Uşaqlar yaşlarına uyğun bədii ədəbiyyatla, dərs vəsaitləri, informasiya texnologiyaları, təhsilləri üçün zəruri olan və inkişafını, bacarıq və maraqlarını qarşılayan digər məktəb ləvazimatları ilə təmin olunurlar.

6.14. Uşaqlara ev tapşırıqlarının yerinə yetirilməsində köməklik göstərilir.

6.15. Uşaq yaşına və potensialına görə peşə seçimi və istiqamətləri barədə məlumatlandırılır.

6.16. Uşağa gələcəkdə müstəqilliyini təmin etmək məqsədi ilə öz büdcəsini idarə etmək, alış-verişlə və evdarlıqla bağlı digər bacarıqları mənimsəmək üçün şərait yaradılır. Uşağın mümkün qədər müstəqil olması üçün uşaq evindəki məişət xidmətləri təşviq edilir və onda özünəxidmət bacarığı inkişaf etdirilir.

6.17. Bu Nümunəvi Nizamnamənin 10.4.3-cü yarımbəndində göstərilən halda yaşayış sahəsi olmayan uşaqlar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış yeri ilə təmin olunana kimi uşaq evində qalmaq hüququna malikdirlər.

6.18. Uşaq evlərində uşaqlar tam dövlət təminatındadırlar və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qanunda nəzərdə tutulmuş bütün hüquq və imtiyazlardan istifadə edirlər.

 

7. Uşağın yaşayış yerinə və mühitinə dair tələblər

 

7.1. Uşaq evlərində uşağın təhlükəsizliyi, rahatlığı və ehtiyacları təmin edilməlidir.

7.2. Uşaq evlərində uşaq sanitariya-gigiyena, yanğından mühafizə və digər tələblərə cavab verən təhlükəsiz şəraitdə yaşamalıdır.

7.3. Uşaq evləri uşaq üçün müvafiq mebellə və avadanlıqlarla təchiz edilməlidir.

7.4. Uşaq evləri işıqlı, mövsümdən asılı olaraq isti və ya sərin olmalı və ventilyasiyası, kommunal və kommunikasiya sistemi daim qənaətbəxş vəziyyətdə saxlanılmalıdır. Yataq otaqlarında təbii işığı və ventilyasiyanı təmin edən pəncərələr olmalıdır.

7.5. Müxtəlif cinsdən olan 6 yaşdan yuxarı uşaqlar aşağıdakı kateqoriyalara görə ayrı-ayrı yataq otaqlarında yerləşdirilməlidirlər:

7.5.1. 6 – 9 yaşlı uşaqlar;

7.5.2. 10 – 12 yaşlı uşaqlar;

7.5.3. 13 – 14 yaşlı uşaqlar;

7.5.4. 15 – 17 yaşlı uşaqlar;

7.5.5. bu Nümunəvi Nizamnamənin 10.4.3-cü yarımbəndində göstərilən halda yaşayış sahəsi olmayan şəxslər.

7.6. Uşaqların yataq otağının digər otağa keçidi olmamalı və qapısı ümumi dəhlizə açılmalıdır. 

7.7. İki uşağın eyni çarpayıda yatmasına, həmçinin 6 yaşından kiçik olan uşağın ikimərtəbəli çarpayının üst qatında yatmasına yol verilməməlidir.

7.8. Hər bir uşaq yaxşı vəziyyətdə olan, ən azı həftədə bir dəfə və ya çirkləndikdə təmiz yataq dəsti ilə təmin edilməlidir.

7.9. Şəxsi gigiyena məqsədi ilə uşaq gigiyenik vasitələrlə təmin edilməlidir.

7.10. Uşaq evlərində uşaqların fiziki təhlükəsizliyinə xələl gətirə bilən təhlükə mənbəyi olmamalı, bütövlükdə uşaq evlərinin ətrafında olan həyət, zirzəmi, mansarda (girişi açıq olan), çardaq, qaraj, üstü açıq quyu (hovuz) və ya anbar ərazisi uşaqların təhlükəsizliyi baxımından yoxlanılmalıdır.

7.11. Uşaq evlərində dərman preparatları, təmizlik ləvazimatları, həşəratlara qarşı vasitələr, yanacaq məhsulları, bıçaq və digər təhlükəli alətlər uşaqların əli çatmayan yerlərdə və ya bağlı dolab və qutularda saxlanılmalıdır.

7.12. Uşaq evlərində istilik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunması təmin edilməlidir.

7.13. Uşaq evlərində məişət tullantıları müvafiq örtülü qablarda saxlanılmalı, uşaqların sağlamlığı üçün təhlükə və xoşagəlməz təsir yaratmamalıdır.

7.14. Uşaq evlərində tezalışan materiallar istilik avadanlıqlarına yaxın yerləşdirilməməli, nasaz vəziyyətdə olan naqillərdən və elektrik məişət avadanlıqlarından istifadə edilməməlidir.

7.15. Uşaq evlərində hər bir telefon aparatının yanında yanğından mühafizə xidmətinin və təcili tibbi yardım stansiyasının nömrələri, qəza hallarında əlaqə saxlamaq üçün məsul şəxsin, həmçinin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının nümayəndəsinin əlaqə nömrələri olmalıdır.

7.16. Uşaq evlərinə məxsus həyətyanı sahədə dağıntı, zibil və üstü örtülməmiş çənlər olmamalıdır.

7.17. Uşaq evlərində uşağın nəqliyyatın hərəkətinin gur olduğu küçəyə, magistral yola, su sahəsi və ya digər təhlükəli ərazilərə getməsinin qarşısını alan hasar, yaxud maneə olmalıdır.

7.18. Uşaq evlərində uşaqlar oyuncaqlarla təmin edilməlidirlər. Həmin oyuncaqlar uşaqlara təhlükə yaratmamalı, onların yaşı və inkişafı baxımından məqsədəuyğun olmalıdır.

7.19. Uşaq evləri təhlükəsizlik xidməti ilə təmin olunur.

7.20. Uşaq evlərində yaşayanların adambaşına düşən yaşayış sahəsi 6 kvadrat metrdən az olmamalıdır.

 

8. Uşaq evlərinə qəbul

 

8.1. Uşaq evlərinə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşdan yuxarı uşaqlar qəbul edilirlər.

8.2. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla, qardaş və bacıların ayrılmasına yol verilmir. Uşaq evinə qəbul zamanı qohumluq əlaqəsi olan uşaqlara üstünlük verilir.

8.3. Uşaqların uşaq evlərinə yerləşdirilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

8.3.1. uşağın şəxsiyyətini təsdiq edən sənədin surəti;

8.3.2. valideynin şəxsiyyətini təsdiq edən sənədin surəti (nikahdankənar doğulduğu təqdirdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı);

8.3.3. vəfat edən valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti və ya bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı, valideynin (valideynlərin) xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud olan hesab edilməsi, ölmüş elan olunması ilə bağlı məhkəmənin qətnaməsinin surəti;

8.3.4. valideyn (valideynlər) valideynlik hüququndan məhrum edilmişdirsə və ya valideynlik hüquqları məhdudlaşdırılmışdırsa, bu barədə məhkəmənin qətnaməsinin surəti;

8.3.5. qəyyumun və ya himayəçinin təyin edilməsi barədə sənədin və qəyyumun və ya himayəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

8.3.6. valideynlər boşanmışdırsa, nikahın pozulması haqqında şəhadətnamənin surəti;

8.3.7. valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə, məhkəmənin müvafiq qərarının surəti;

8.3.8. valideynin (valideynlərin) əlilliyi varsa, əlillik qrupunu təsdiq edən sənədin surəti;

8.3.9. uşağın yaşadığı mənzildə qeydiyyatda olan şəxslər barədə müvafiq polis orqanının arayışı;

8.3.10. valideynin (valideynlərin) daşınmaz əmlak üzərində hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən məlumat;

8.3.11. uşağın sağlamlıq vəziyyəti haqqında tibbi arayış.

8.4. Bu Nümunəvi Nizamnamənin 8.3-cü bəndində göstərilən sənədləri müraciət edən şəxs bu və ya digər səbəbdən təqdim edə bilmədikdə, uşağın uşaq evinə yerləşdirilməsindən imtina edilmir. Çatışmayan sənədlər yerli icra hakimiyyəti orqanlarınınsorğusu ilə aidiyyəti dövlət orqanları tərəfindən ən geci bir ay müddətində təqdim olunur.

8.5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, müraciətə daxil olduğu vaxtdan 5 (beş) iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanında baxılır və uşağın uşaq evinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

8.6. Uşaq evlərinə qəbul ilboyu aparılır.

 

9. Uşaqların şəxsi işlərinin açılması və saxlanılması şərtləri

 

9.1. Uşaq evlərinə qəbul edilən uşaq üçün bu Nümunəvi Nizamnamənin  8.3-cü bəndində göstərilənlər də daxil olmaqla, aşağıdakı məlumat və sənədlər əsasında şəxsi iş açılır:

9.1.1. doğumunun qeydiyyata alındığı yer barədə;

9.1.2. ailə üzvlərinin sayı və tərkibi, valideyninin (valideynlərinin), qardaş və bacılarının yaşayış ünvanları, əlaqə telefonları barədə;

9.1.3. valideyninin (valideynlərinin) məşğulluq vəziyyəti (işsiz və ya məşğul olması, fəaliyyət növü, əmək miqrantı olub-olmaması) barədə;

9.1.4. valideynlərinin ölümündən sonra qalmış əmlakın siyahısı və bu əmlakı idarə etmək səlahiyyətinə malik şəxslər haqqında;

9.1.5. uşağın qeydiyyatda olduğu yaşayış yeri barədə sənədlər;

9.1.6. sağlamlıq tarixçəsi (peyvəndlər, keçirdiyi xəstəliklər, praktiki sağlamlıq və sağlamlıq imkanları) barədə;

9.1.7. təhsili ilə bağlı sənədlər, o cümlədən təhsil aldığı müəssisənin adı, ünvanı və telefon nömrəsi, hər 6 (altı) aydan bir uşağın təhsilə davamiyyəti haqqında yenilənmiş məlumat;

9.1.8. xüsusi təhsil nailiyyəti (fənnin növü, olimpiadanın tarixi və yeri), xüsusi idman nailiyyəti (idmanın növü, yarışmanın tarixi və yeri), üzv olduğu idman dərnəyi (dərnəyin ünvanı və uşağın üzv olduğu tarix), asudə vaxtını təmin edən istirahət düşərgəsi (düşərgənin adı, yeri, uşağın istirahət düşərgəsində olduğu tarix) barədə;

9.1.9. uşağa göstərilən sosial xidmətlər haqqında və həmin xidmətlərin uşağın inkişafında etdiyi dəyişikliklər barədə məlumat;

9.1.10. təyin edilmiş aliment (məbləği, təyin edildiyi müddət, verilmə ardıcıllığı barədə hər 6 (altı) aydan bir yenilənmiş məlumat), təyin edilmiş əmək pensiyası və ya sosial müavinətlər (növlər üzrə ayrı-ayrılıqda), təyin edilmiş ünvanlı sosial yardım (məbləği və verilmə müddəti) barədə;

9.1.11. 15 yaşından yuxarı uşağın məşğulluq vəziyyəti (iş yeri, işə qəbul olunduğu və ya məşğulluq orqanında işsiz olaraq qeydiyyata alındığı tarix) barədə.

9.2. Uşaq evlərini tərk edən uşaqların şəxsi işlərinin surəti uşaq evlərində ən azı 10 il müddətində saxlanıldıqdan sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir.

 

10. Uşaqların uşaq evlərini müvəqqəti və daimi tərk etməsi

 

10.1. Uşağı qısa müddətə müvəqqəti (mütəmadi qaydada hər həftə sonunda və ya bayram günlərində) öz ailəsinə götürmək istəyən yaxın qohumlarından biri (bundan sonra – şəxs) uşaq evinin direktoruna ərizə ilə müraciət edir. Ərizədə uşağın və onu öz ailəsinə müvəqqəti götürmək istəyən şəxsin adı, soyadı və yaşı, şəxsin ünvanı, əlaqə telefonları və uşağın ailəyə götürülməsinin dəqiq müddəti göstərilməlidir. Uşaq evinin direktoru ərizəni aldıqdan sonra 3 (üç) iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanını məlumatlandıraraq, uşağın qısa müddətə şəxsin ailəsinə verilməsinə və ya verilməsindən imtina olunmasına dair əsaslandırılmış qərar qəbul edir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır.

10.2. Uşağın qısa müddətə şəxsə verilməsinə dair qərarda aşağıdakılar qeyd olunur:

10.2.1. uşağın adı, soyadı və yaşı;

10.2.2. şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, qeydiyyat və faktiki yaşayış ünvanı;

10.2.3. uşağın uşaq evini tərk etmə vaxtı;

10.2.4. qohumluq əlaqəsini təsdiq edən sənədin surəti, uşağın verilməsininəsaslandırılması və səbəbləri.

10.3. Şəxs uşağın lazımi qayğı və yaşayış şəraiti ilə təmin edilməsinə görə məsuliyyət daşıyır.

10.4. Uşaq uşaq evini aşağıdakı hallarda daimi tərk edir:

10.4.1. valideynlərinə (qəyyumuna, himayəçisinə) qaytarıldıqda;

10.4.2. övladlığa götürüldükdə;

10.4.3. 18 yaşı tamam olduqda (ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər təhsilini bitirdikdə (23 yaşdan çox olmamaqla) və ya əmək fəaliyyətinə başladıqda;

10.4.4. nikaha daxil olduqda.

10.5. Uşaq uşaq evini daimi tərk edərkən müddəti göstərilməklə, uşaq evində olması barədə arayışla birlikdə bu Nümunəvi Nizamnamənin 8.3-cü və 9.1-ci bəndlərində göstərilən sənədlərlə də təmin edilir.

 

11. Uşaq evlərinin mülkiyyəti

 

11.1. Uşaq evlərinin əmlakı və maliyyə vəsaitləri yalnız bu Nümunəvi Nizamnamə ilə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir.

 

12. Uşaq evlərinə nəzarət

 

12.1. Uşaq evlərinə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun dövlət nəzarəti həyata keçirilir.

12.2. Uşaq evlərinə qanunla müəyyən edilmiş qaydada ictimai nəzarət həyata keçirilir.

12.3.  Uşaq evlərinə ictimai nəzarət fiziki şəxslərin və ictimai birliklərin təşəbbüsü əsasında təşkil olunmaqla həyata keçirilir.  

12.4. Uşaq evlərinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formalarda və qaydada aparılır.

12.5. Uşaq evlərinə ictimai nəzarəti həyata keçirən fiziki şəxslər və ictimai birliklər aşağıdakı hüquqlara malikdirlər:

12.5.1. uşaqların mənafeləri nəzərə alınmaqla, istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etməməklə uşaq evlərinə daxil olmaq, baxış keçirmək;

12.5.2. yerli icra hakimiyyəti orqanlarındanvə uşaq evlərindən uşaqların sağlamlıq vəziyyəti, təhsili, saxlanma şəraiti (o cümlədən, qidalanması) barədə məlumat almaq, bu məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, aidiyyəti üzrə təkliflər vermək, uşaqların qanunla müəyyən olunmuş hüquq və imtiyazlarının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 1.3-cü bəndində göstərilən orqanlar qarşısında vəsatət qaldırmaq, bunlarla bağlı ictimai müzakirələr keçirmək. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video