06 Iyun 2015 02:06
548
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 196                                    Bakı şəhəri, 22 may 2015-ci il

 

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.16-cı yarımbəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 22 may

tarixli 196 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan  şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.

1.3. Arxeoloji qazıntı işləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti ilə aparılır.

1.4. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır. Tarix–mədəniyyət qoruqlarının ərazisində aşkar edilən materiallar qoruqların fonduna təhvil verilir.

1.5. Bu Qaydanın məqsədləri üçün şəxs dedikdə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxslər, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar başa düşülür.

1.6. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən hesabat müvafiq şəxs tərəfindən imzalanmalı, hüquqi şəxs tərəfindən həmçinin möhürlə təsdiqlənməlidir.

 

2. Arxeoloji qazıntıları aparan şəxs tərəfindən verilən hesabat

 

2.1. Azərbaycan  Respublikasının ərazisində arxeoloji qazıntıları aparan şəxs Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qazıntı işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.

2.2. “Arxeoloji ekspedisiyaların həyata keçirilməsi üzrə xərc normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli 196 nömrəli qərarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:

2.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə;

2.2.2. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı;

2.2.3. ekspedisiya təşkil olunduqda, onun rəhbəri, tərkibi və bu məqsədlə ayrılan maliyyə vəsaiti;

2.2.4. qazıntı işləri aparılan abidənin ərazisi;

2.2.5. qazıntı işləri zamanı tətbiq edilən vasitələr, qazıntı və ya tədqiqat üsulları;

 2.2.6. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının coğrafi koordinatları;

2.2.7. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti və təsviri;

2.2.8. qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər;

2.2.9. qazıntı işlərini aparan (yerinə yetirən) fiziki və ya hüquqi şəxslər;

2.2.10. arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün istifadə olunan texniki vasitələr.

2.3. Bu Qaydanın 2.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar  Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilməlidir:

2.3.1. qazıntı işləri aparılan ərazinin, aşkar olunan əşyaların və onların aşkar olunan zaman vəziyyətinin fotoşəkilləri;

2.3.2. bu Qaydanın 2.2.9-cu yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti;

2.3.3. bu Qaydanın 2.2.10-cu yarımbəndində göstərilən avadanlıqların fotoşəkilləri və texniki göstəricilərini müəyyən edən sənəd.

 

3. Arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən verilən hesabat

 

3.1. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə elmi tədqiqat işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.

3.2. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:

3.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə;

3.2.2. elmi tədqiqat işlərini yerinə yetirən elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası məqsədi ilə fəaliyyət göstərən ictimai birliklər və icraçı şəxslər;

3.2.3. tətbiq edilən elmi tədqiqat metodları;

3.2.4. tədqiq olunan abidə, əşya və ya başqa tapıntılar;

3.2.5. tədqiq olunan abidə, əşya və ya başqa tapıntıların mühafizəsi və onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar  Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilməlidir:

3.3.1. tədqiq olunan əşyaların fotoşəkilləri;

3.3.2. bu Qaydanın 3.2.2-ci yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti.

 

4. Yekun müddəalar

 

4.1. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3 (üç) iş günü müddətində təqdim edilən hesabatın bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən tələblərə uyğunluğunu yoxlayır.

4.2. Təqdim edilmiş hesabatda çatışmazlıqlar aşkar edildikdə, bu barədə şəxsə dərhal məlumat verilir. Müvafiq məlumatın verildiyi gündən 5 (beş) gün müddətində çatışmazlıqlar aradan qaldırılmalıdır.

4.3. Bu Qaydanın 2.1-ci, 3.1-ci, 4.2-ci bəndlərində müəyyən olunmuş müddətlərdə hesabat təqdim edilmədikdə və ya təqdim edilmiş hesabatda qəsdən yanlış məlumatlar göstərildikdə, şəxs barədə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə uyğun müvafiq tədbirlər görülür. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video