29 May 2015 12:05
649
Tədbirlər
A- A+

Prezident İlham Əliyev birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olub

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat verdilər.

Bildirildi ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdә, Komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.

Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, Oyunlarda iştirak edəcək bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımi idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə ediləcək.

Texnoloji Əməliyyatlar Mərkəzi və texnoloji dəstək şöbəsi də birinci Avropa Oyunlarına tam hazırdır. Oyunların keçiriləcəyi bütün obyektlərdə istifadə ediləcək texnoloji avadanlıq və Oyunların yayımı da buradan idarə olunacaq. Bütün bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılır.

Dövlətimizin başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış oldular. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.

Birgə Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, ilk Avropa Oyunlarında qitə ölkələrindən minlərlə idmançı iştirak edəcək. Atletlərlə birgə Oyunları izləməyə gələcək çoxlu sayda tamaşaçı və turist axını da gözlənilir. Ən əsası isə həmin idmançıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir. Ümumilikdə, həm yarışların keçiləcəyi arenalarda, həm də Avropa Oyunlarına daxil olan marşrutlar üzrə 2400 kamera quraşdırılıb. Bütün təhlükəsizlik tədbirləri də bu Mərkəzdən idarə ediləcək. Burada hüquq mühafizə orqanlarının hər birindən nümayəndələr olacaq. Bütün bunlar Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış oldular.

Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.

Artıq ilk Avropa Oyunlarının açılışına az vaxt qalıb. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu möhtəşəm hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Bu, bir daha təsdiqləyir ki, dörd ildən bir keçiriləcək Avropa Oyunlarının standartları məhz Azərbaycanda müəyyən olunacaq.

İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək.

Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şərait bu idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha təminat verir.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlər barədə də məlumat verildi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video