15 Fevral 2012 12:02
941
Milli Məclis
A- A+

İstehlakçıları aldatmağa görə cəzalar sərtləşdirildi

 

Milli Məclisin dünənki iclası İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, deputat Gövhər Baxşəliyevanın həmin təşkilatın İndoneziyada keçirilmiş tədbiri barədə məruzəsi ilə öz işinə başladı.

G. Baxşəliyeva bildirdi ki, bir müddət öncə Azərbaycan parlamenti bu quruma  Xocalı faciəsi ilə bağlı qətnamə layihəsi göndərib. Konfransda çıxış edən deputat Azərbaycan reallıqları, işğal olunan torpaqlar və Xocalı soyqırımı ilə bağlı geniş məruzə edib. Konfransın yekun hesabatında İƏT Pİ-nin əməkdaşlığı çərçivəsində üzv ölkələrin parlamentləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırılıb və onu törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunub. Bu hesabat beynəlxalq aləmdə böyük əks-səda doğurub.

G. Baxşəliyevanın sözlərinə görə, quruma üzv olan 51 ölkənin tələbi onu göstərir ki, Xocalı qətliamının soyqırım aktı kimi tanınması üçün lazımi işlər görülüb və dünya dövlətləri artıq Azərbaycanın haqq səsini eşidirlər.   

Spiker Oqtay Əsədov qeyd etdi ki, İƏT Pİ-yə Xocalı soyqırımı haqqında qətnamə layihəsinin təqdim olunması mühüm məsələdir. "Bu istiqamətdə ciddi işlər gedir. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İtaliya parlamenti, Almaniya parlamenti, Baltikyanı Assambleya, GUAM Azərbaycan gerçəklikləri, Azərbaycan həqiqətləri ilə bağlı müəyyən qətnamələr qəbul ediblər" - deyən Oqtay Əsədovun sözlərinə görə, İƏT Pİ-nin qəbul etdiyi qətnamə isə ən böyük sənəddir və ondan sonra Meksika parlamenti, Pakistan senatı da Xocalı soyqırımını tanıyan qətnamə qəbul ediblər.

Milli Məclisin Sədri əlavə etdi ki, bu sahədə işlərin intensivləşməsi üçün səyləri daha da artırmaq lazımdır.

Cari məsələlərin müzakirəsində ilk çıxış edən deputat Zahid Oruc İranın Azərbaycana nota verməsini pislədi. Deputat Suriyaya qarşı münasibətdə Azərbaycanın beynəlxalq qurumlarla həmfikir olmasını dəstəkləyərək diplomatlarımızın bu ölkədən çıxarılmasını təklif etdi. Deputat Qənirə Paşayeva da İranın Azərbaycana nota verməsini pisləyərək bu ölkənin işğalçı Ermənistana dəstək verməsini və "Səhər" telekanalının fəaliyyətini tənqid etdi. Onun fikrincə, Azərbaycan özünə qonşu olan İran dövləti ilə normal əməkdaşlıq etmək istəyir və bu istiqamətdə də addımlar atılır. Ancaq bəzi quvvələr bu əməkdaşlığı pozmağa çalışır.

Spiker Oqtay Əsədov bu məsələyə münasibət bildirdi: "Bir çox qüvvələr var ki, İranda Azərbaycana qarşı təhdidlə məşğuldurlar. Bunun kökünü axtarsaq, gedib yenə də bəzi qurumlara çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyıq. Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol verildi, Azərbaycana qarşı parlamentarilərin də çıxışları oldu. Hətta "Türkmənçay" müqaviləsinin ləğvi məsələsini də qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin".

Spiker dedi ki, Azərbaycan Prezidenti  dəfələrlə hər hansı bir xarici dövlətin Azərbaycan ərazisindən istifadə edərək qonşu ölkəyə qarşı tədbir keçirə bilməsinin qeyri mümkünlüyünü bəyan edib. Azərbaycana qarşı yönələn qüvvələrin - "Səhər" televiziyasının və digər qurumların cavabı verilir və veriləcək. Lakin bu məsələni dərinləşdirmək lazım deyil və Azərbaycan öz qonşuluq siyasətini yerinə yetirməlidir.

İclasda deputat Fazil Mustafa, İqbal Ağazadə, Azay Quliyev, Elmira Axundova çıxış etdilər. Deputatlar paytaxta yağan qarın yaratdığı problemlər və "Evrovizion" mahnı müsabiqəsi ilə bağlı görülən işlər barədə danışdılar. Deputat Musa Qasımlı Azərbaycan dövlətinin Suriyaya qarşı tutduğu mövqeyi müsbət addım hesab etdi və Rumıniyada baş verən təbii fəlakətdən zərərçəkənlərə ölkəmizin yardım göndərməsini Azərbaycanın qüdrətinin artması ilə izah etdi.

Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək İranın Azərbaycana qarşı notası ilə bağlı iclasda səslənən iradlarla bölüşdüyünü bildirdi. Bahar Muradova hesab etdi ki, Azərbaycan qonşu ölkənin buraxdığı səhvləri diplomatik tərzdə bu ölkənin diqqətinə çatdırmalıdır. 

Cari məsələlərin müzakirəsindən sonra gündəlikdə duran qanun layihələrinin müzakirəsi başlandı. İclasın gündəliyinə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi (II oxunuş) daxil edilmişdi.

İlk olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi məsələsinə baxıldı. Ölkə başçısı tərəfindən növbəti müddətə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyi təqdim olunan -  Alim Quliyev, Aftandil Babayev və Vadim Xubanovla bağlı məsələyə baxıldı və təsdiqləndi.

Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənildi. Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirdi ki, ötən il bələdiyyələrə göstərilən dövlət dəstəyi xeyli dərəcədə artıb. Yerli özünüidarə orqanlarının maarifləndirilməsi istiqamətində ciddi işlər görülüb. Ədliyyə Nazirliyində "qaynar xətt"in açılması ilə vətəndaşların problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. 

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa qeyd etdi ki, nazirlik tərəfindən yaradılmış bu qurum bələdiyyələrin fəaliyyətinə ciddi nəzarət edir. Onun fikrincə, bələdiyyələr yerli problemləri həll edən quruma çevrilməlidir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bələdiyyələrin səlahiyyətlərinin və maliyyə vəsaitlərinin artırılmasının tərəfdarı kimi çıxış etdi. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətinə irad tutan komitə sədri hesab edir ki, bələdiyyələrə bütün məsələlərdə dəstək lazımdır. Onun fikrincə, bələdiyyələrə nəzarət edən ayrıca komitənin yaradılmasına ciddi ehtiyac var. 

Məruzəyə münasibət bildirən deputatlar - Qüdrət Həsənquliyev, Əli Məsimli, Vahid Əhmədov, Fərəc Quliyev, Elmira Axundova və Qalib Salahzadə hesab edirlər ki, yerli özünüidarə orqanlarının səlahiyyətləri artırılmalıdır. Eyni zamanda "Bələdiyyələrin statusu haqqında" qanuna yenidən baxılmalı, bələdiyyə bankları yaradılmalıdır. Avropa Xartiyasının qərarına uyğun olaraq bələdiyyələrə xüsusi səlahiyyət verilməlidir. İclasda eyni zamanda sənədsiz evlərlə bağlı ayrıca bir qurumun da yaradılması təklif olundu. Deputat Siyavuş Novruzov isə bələdiyyə üzvlərinin sayının azaldılmasının tərəfdarı oldu. S.Novruzov belə hesab etdi ki, bələdiyyə sahəsində struktur islahatları aparılsa daha yaxşı olar.  

Çıxışlardan sonra deputatlar illik məruzəyə müsbət münasibət bildirdilər.

Qısa fasilədən sonra gündəlikdə duran qanun layihələrinin müzakirəsi davam etdirildi.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə məlumat verdi.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri barədə məlumat verdi.  Qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, malı satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə fiziki şəxslər 6 yüz  manat miqdarında, hüquqi şəxslər 3 min  manat miqdarında cərimələnəcək.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, istehklakçıları aldatmağa görə 3 min manatdan 5 min manatadək miqdarda cərimə nəzərdə tutulur və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılacaq. İstehlakçıları aldatma dedikdə, malı satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair xeyli miqdarda aldatma başa düşülür. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bu qanun pozuntusuna görə, yüz manatdan 3 yüz manatadək miqdarda cərimə və ya 80 saat ictimai işlər nəzərdə tutulub.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əvvəl bu qanun pozuntusuna görə 300 manatdan 600 manatadək cərimə tətbiq olunurdu.

Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarında cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılma nəzərdə tutulur. Əvvəl bu qanun pozuntusuna görə 500 manatdan 1000 manatadək cərimə tətbiq olunurdu.

Müzakirələr zamanı deputat İlyas İsmayılov cərimələrin ödənilməsi məsələsində problemlərin olduğunu vurğuladı. Bildirdi ki, cərimənin effekti onun sərtliyi ilə deyil, həyata keçirilməsi ilə ölçülür.

Deputat  Siyavuş Novruzov isə ərzaq məhsullarının standartlara uyğun olmayan şəraitdə satılmasının sağlamlığa olan təhlükəsindən danışdı. Dedi ki, Azərbaycanda bir çox xəstəliklərin yaranma səbəbləri keyfiyyətsiz, vaxtı bitmiş ərzaqlarla bağlıdır.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edildi.

Sonra deputat Çingiz Qənizadə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Bildirdi ki, 50 maddədən ibarət qanun layihəsi tutulmuş və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələləri qanuniləşdirir. Layihədə həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti, həbs yerlərində rejim və onun təmin edilməsi əsasları müəyyən edilib. Qanun layihəsində həbs yerlərində fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi şərtləri və hüdudları müəyyən olunub. Layihəyə əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.

Müzakirələr zamanı deputat Fazil Mustafa dedi ki, həbs edilən şəxs hələ cinayətkar deyil. Bu müddət ərzində valideynləri, yaxınları vəfat edərsə, ona yas mərasimlərində iştirak etmək imkanı yaratmaq lazımdır. Onun fikrincə, bu məqamın da qanunda yer alması yaxşı olardı.

Deputat  Elmira Axundova bildirdi ki, hər bir insanın, o cümlədən məhkumun da təhsil almaq hüququ var. İnsan azadlıqdan məhrum edilirsə, bu, onun təhsil almaq hüququnu əlindən almamalıdır. Onlara təhsil almaq üçün imkan yaratmaq lazımdır.

Deputatlar İlyas İsmayılov, Rafael Cəbrayılov, Sahib Alıyev və başqaları qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video