08 Fevral 2012 01:02
918
Milli Məclis
A- A+

Həbs yerlərində saxlanma şəraitində yeniliklər gözlənilir

 

Dünən Milli Məclisin Nüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısı keçirilib. İclasda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi barədə (ikinci oxunuş) müzakirələr aparılıb. Nüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu qanun layihəsi ötən çağırış Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib. İndi sənəd üçüncü oxunuşda müzakirəyə təqdim edilməlidi. Lakin Milli Məclis rəhbərliyi ilə aparılan danışıqlardan sonra qanun layihəsinin yenidən ikinci oxunuşda müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib. Onun sözlərinə görə, indiki layihə əvvəlki variantdan əsaslı surətdə fərqlənir və kifayət qədər yeniliklər əlavə olunub.

"Avropa həbsxanalarında saxlama qaydasını, Avropa Şurasının və Avropa İnsan Haqları Məhkəməsinin tələblərini dəqiqliklə öyrənmişik. Tam məsuliyyətlə demək istəyirəm ki, hal-hazırda həbs yerlərində saxlanma şəraiti ilə bağlı hansı yeniliklər varsa, bu layihədə əks etdirilib", - deyə komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, bəzi hallarda bu sahədə olan problemlər üzündən Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarır və Azərbaycan dövləti bu pozuntulara görə kompensasiyalar ödəməli olur. Amma bu qanunun qəbulu həmin boşluqları dolduracaq. Bundan sonra komitə üzvləri layihənin yenidən ikinci oxunuş üçün müzakirəyə çıxarılması ilə bağlı qərar qəbul ediblər.

Sonra Milli Məclis Aparatının nümayəndəsi Yaşar Cəfərov bildirib ki, Azərbaycanın beynəlxalq konvvensiyalara qoşulması bu ölkə üzərinə müəyyən öhdəliklər qoyur. Öhdəliklərin də əsas tələblərindən biri həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması barədə qanunun qəbul olunmasıdı. İndi bu sənəd tam mükəmməl şəkildə hazırlanıb və orada Beynəlxalq Konvensiyalarda öz əksini tapmış müddəalar var. Qanun işlənib hazırlanarkən BMT-nin konvensiyası, ATƏT-in rəyi öyrənilib.

Deputat Rəfael Cəbrayılov isə hesab edir ki, bu qanunun qəbul olunması Azərbaycan üçün önəmli haldır. Ancaq deputat qanunun adının dəyişdirilməsinin tərəfdarıdır. Onun fikrincə, bu sənədi "Həbs yerlərində saxlanılan şəxslər haqqında" qanun adlandırmaq olar. Çünki bu layhədə həbsdə olan şəxslərin hüquq və azadlıqlarından bəhs edən cəmi 2 bənd var. Qalan maddələr həbsdə olan şəxslərin saxlanma şəraiti və digər məsələlərə aiddir.

Deputat Fəzail Ağamalı isə qeyd edib ki, işçi qurupu qanun üzərində ciddi işləyib və çox təkmil bir sənəd hazırlanıb. Belə bir qanunun qəbul olunması vacibdir. Ancaq deputat qanun layihəsində həbsdə olan şəxsin seçki hüququ ilə bağlı müddəanın olmadığını diqqətə çatdırdı. Onun fikrincə, bu müddəa mütləq layihədə öz əksini tapmalıdır. Əli Hüseynli isə deputat həmkarının narahatlığına aydınlıq gətirərək bildirib ki, bu qanun 48 saat ərzində tutulmuş və barəsində həbs-qətimkan tədbiri seçilmiş, polis idarələrində saxlanılan və istintaq təcridxanalarında olan şəxslərə aiddi.   

Deputat Çingiz Qənizadə isə müzakirəyə çıxarılacaq qanun layihəsinin çox boşluqları dolduracağını düşünür. Onun fikrincə, qanun qəbul edildikdən sonra bəzi hüquqşünasların Avropa İnsan Haqları Məhkəməsinə etdikləri şikayətlər azalacaq. Onun fikrincə, qanunun qəbulundan sonra həbs yerlərində saxlanılan şəxslərin problemləri öz həllini tapacaq və həbs yerlərində çalışan əməkdaşların həmin qanun üzərində maarifləndirilməsi hüquq müdafiəçilərinin üzərinə düşəcək. Çünki bəzən çox ədalətli qanunlar qəbul olunur və onların işlənməsini həyata keçirənlərin bilməzliyindən həmin sənədlər kölgədə qalır. Ç.Qənizadə deputat həmkarı Fəzail Ağamalının təklifinə münasibət bildirərək qeyd edib ki, qanunun 14-cü maddəsində "seçki" sözü yazılmasa da, vətəndaşın hüquq və azadlıqları barədə geniş məlumat verilir. Barəsində həbs-qətimkan tədbiri seçilməyən hər bir şəxsin seçkidə iştirak etmək hüququ var.

Deputat Azay Quliyev isə təklif edib ki, sənəddə göstərilən "həbs yerlərində saxlanılan şəxsə qarşı pis rəftar qadağandır" ifadəsi "həbs edilmiş şəxsə qarşı pis rəftar cinayət məsuliyyəti daşıyır" cümləsi ilə əvəz edilsə, daha yaxşı olar. Deputat digər həmkarlarının fikirləri ilə razılaşdığını və bu qanunun qəbulunun tərəfdarı olduğunu söyləyib.

Çıxışlardan sonra "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video