Alternative content

19:56 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
07:02 12.02.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.
Dövlətimizin başçısı Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında nitq söylədi.
Prezident İlham Əliyev Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti bu görüşün olduqca münasib vaxtda - “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı xarakterizə etdi. Prezident İlham Əliyev 2011-ci ildə Avropa Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə olduğunun əksini tapdığını dedi. Azərbaycan Prezidenti TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğuladı. “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra - 2014-cü il sentyabrın 20-də Cənub qaz dəhlizinin təməlinin qoyulduğunu bildirdi.

Prezident İlham Əliyev ötən illərdə neft-qaz layihələri ilə əlaqədar qazanılan uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında sıx əməkdaşlığın mühüm rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, bp-nin əməliyyatçısı olduğu “Şahdəniz” yatağı Cənub qaz dəhlizi üçün əsas resurs mənbəyidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyən Prezident İlham Əliyev Cənub qaz dəhlizinin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayaraq dedi:

- Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır.

Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirdi, Cənub qaz dəhlizi Məşvərət Şurasına işində uğurlar arzuladı.

Cənub qaz dəhlizinin reallaşmasında Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını dedi. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirdi. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirdi. O, bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Sonra Məşvərət Şurası gündəlikdə duran məsələlərlə bağlı müzakirələri davam etdirdi.

Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün birgə bəyanat imzalandı.