Alternative content

09:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:01 18.01.2015

 

Mağazadan soyuducu almışam. Lakin zəmanət müddəti bitməmiş soyuducuda problem yarandı. Mağazaya müraciət etdim, satıcı dedi ki, soyuducunu təmir yerinə gətir. Halbuki onu alarkən öz maşınları ilə gətirib təhvil vermişdilər.  Satıcı tələbində haqlıdırmı?

 

Kamil Həsənov,

Xırdalan şəhəri

 

- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsində bu kimi hallarda istehlakçıların satıcıya və ya istehsalçıya qarşı irəli sürmək hüququna malik olduqları tələblər nəzərdə tutulmuşdur. Bu tələblərdən biri də malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələbidir.

Göründüyü kimi, soyuducunun təmiri ilə bağlı xərcər (bura həm də soyuducunun daşınması ilə bağlı xərclər daxildir) satıcı tərəfindən çəkilməlidir.

Bundan əlavə, əgər istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsinin 6-cı hissəsi).

 

 Tanışıma borc pul vermişəm. Aramızda yazılı müqavilə də bağlamışıq. Lakin müqavilədə borcun qaytarılma müddəti göstərilməyib. Pulu bir neçə dəfə tələb etsəm də, o, müddət müəyyən edilmədiyini bəhanə edərək borcu qaytarmaqdan boyun qaçırır. Belə halda borclu hansı müddətə pulu qaytarmalıdır?

 

Səltənət Əfəndiyeva,

Şəmkir rayonu

           

- Sualınızdan aydın olur ki, sizinlə borc alan şəxs arasında bağlanmış borc müqaviləsində sonuncunun borcu qaytarmaq öhdəliyinin icrası üçün konkret müddət müəyyənləşdirilməyib. Bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Adıçəkilən məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin məcəllənin 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi