Alternative content

11:26 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qış turizminin potensialı geniş olsa da...
Qış turizminin potensialı geniş olsa da...
ANA SƏHİFƏ / Turizm
12:01 11.01.2015

 

Ümumdünya Turizm Təşkilatının statistik göstəricilərinə görə, hər il dünya üzrə turistlərin təxminən 30-35%-i istirahət mərkəzlərində qış aylarında dincəlir. Qış turizminin yüksək inkişaf etdiyi dövlətlər isə əsasən İsveçrə,  Çex Respublikası, Kanada, ABŞ, Rusiya və Skandinaviyadır.

Son illər Azərbaycanda da qış turizm infrastrukturunun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xüsusilə, bölgələrdə qış aylarında normal istirahətə imkan verən müasir turizm obyektlərinin inşası prosesi sürətlənib. 2013-cü ilin yanvar ayında tam fəaliyyətə başlayan Qusar “Şahdağ” Turizm Mərkəzini və 2014-cü ilin yanvarında Qəbələ rayonunda açılışı olan “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksini buna misal göstərmək olar.

Bununla belə, yay ayları ilə müqayisədə qış aylarında istirahətə meyil edənlər azdır. Buna səbəb kimi qış turizminə əngəl yaradan müəyyən problemlərin mövcudluğudur. Başqa sözlə, qış fəslində normal istirahətə imkan verən yüksək infrastrukturlu turizm obyektlərinin azlığıdır. Digəri isə Azərbaycanda turizm obyektlərinin çoxunda qiymətlərin bahalılığı və xidmət səviyyəsinin qənaətbəxş hesab edilməməsidir. Elə buna görə də yerli turizm obyektlərinə bir dəfə gedənlər, növbəti dəfə oraya getmək istəmirlər. Onlar gah xidmətdən narazılıq edir, gah da qiymətlərin baha olmasından gileylənirlər. Bu səbəbdən də qış istirahətinə üstünlük verən həmvətənlərimiz, əsasən, Gürcüstan, Rusiya, Türkiyə, Çex Respublikasına gedirlər.

Amma son illərdə fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi və “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi vəziyyəti bir az dəyişib. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində hər iki istirahət kompeksinə böyük axın olub, komplekslərdə və yaxın ətraflarda fəaliyyət göstərən bütün hotellər əvvəlcədən bron edilib. Bu da ona görədir ki, həmin turizm obyektləri hələlik turistlər üçün yenidir,  yəni, görməyənlər üçün maraqlı hesab oluna bilər. Amma əsas şərt onları yenidən oraya cəlb etməkdir. Təbii ki, söhbət təkcə Qusar və Qəbələdəki komplekslərdən deyil, bütün turizm məkanlarından gedir.

Bir çox ölkələrdə turizm sahəsində əlavə dəyər vergisinə (ƏDV) müəyyən güzəştlər edilir ki, bu da birbaşa turizm sektorunda xərclərin azaldılmasına və qiymətlərin ucuzlaşmasına səbəb olur. Hazırda Gürcüstan və Şərqi Avropa ölkələrində bu təcrübədən istifadə edilir. Məsələn,  Rumıniyada əlavə dəyər vergisi 18% olsa da, bu ölkədə turizm sektorunda çalışan şirkətlər ƏDV-yə 7 faizlə cəlb olunurlar. Bu da imkan verir ki, turizm sektorunda fəaliyyət göstərən şirkətlər ümumi xərclərində azalmaya nail olsunlar. Ekspertlər bu təcrübənin Azərbaycanda da tətbiq olunmasını məqsədəuyğun sayırlar.

Bəllidir ki, qış turizmi Azərbaycanda yeni turizm bölmələrindən biridir. Şübhəsiz ki, turizmin bu bölməsinin inkişafı da məhz “Şahdağ” və “Tufandağ” turizm komplekslərinin adı ilə  bağlıdır. Lakin Azərbaycanın fiziki-coğrafi mövqeyi, təbiəti və iqlim şəraiti qış turizminin daha da genişləndirilməsinə, inkişaf etdirilməsinə böyük imkan verir. Halbuki yerli təbiətin potensialından heç 25-30 faiz də istifadə olunmur.

Qış turizminə hazırlıq, gözlənilən yeniliklər və layihələr, turizm obyektlərində qiymətlərin necə tənzimlənməsi və s. məsələlərlə bağlı sorğumuzu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev cavablandırdı. O, dedi ki, “Şahdağ” Turizm Mərkəzi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Bu mərkəz Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Fəaliyyətə başladığı gündən etibarən təxminən iki yüz minə yaxın yerli və əcnəbi turist kompleksin xidmətlərindən istifadə edib. Qəbələ rayonundakı “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də bu sırada mühüm yer tutur.

Qış mövsümü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərində keçirilən monitorinqlər zamanı obyektlərin xidmət səviyyəsi və minimal tələblərə uyğunluğu yoxlanılıb. Həmçinin, mehmanxana və mehmanxana tipli obyektlərin rəhbərlərinə turistlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq göstərişlər verilib. Eyni zamanda, monitorinq zamanı obyektlərdə aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülüb. Bununla yanaşı, respublikamızda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin artırılması məqsədilə yerli və xarici peşəkar mütəxəssislər tərəfindən mehmanxana işçiləri üçün təlim kursları keçirilib. 160 nəfərin iştirak etdiyi təlim-tədris kurslarında əsasən 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər.

Qeyd edək ki, gələcəkdə “Şahdağ” Turizm Mərkəzində “Park Chalet” hoteli və “Qaya” apart-hoteli, böyük buz meydançası, xizək enişləri və kanat yolları turistlərin istifadəsinə veriləcək. Turistlər yeni istirahət və əyləncə növü olan “zip-layn”ı da (dağdan sürətli kanatla aşağı enmə) istifadə edə biləcəklər. Qarda və buzda maşın yarışlarının, qarlı dağ meşələrində səmti müəyyənetmə oyununun  keçirilməsi, dağa dırmanma üzrə peşəkar məktəbin açılması və donmuş dağ şəlalələrində buza dırmanma üzrə yeni məkanların tanıtımı, eləcə də qarlı dağların ətrafında vertolyot ekskursiyaları da planlaşdırılır.

Şübhəsiz ki, ilk növbədə hər kəsi turizm obyektlərindəki qiymət maraqlandırır, Bununla bağlı tez-tez vətəndaşların iradlarını eşidirik. Nazirliyin şöbə müdiri bu məsələyə də münasibət bildirdi: “Ölkəmizdə dövlətin dəstəyi sayəsində turizmin inkişafı sahibkarların bu sahəyə diqqətini artırır və yeni turizm obyektlərinin tikintisinə şərait yaranır. Bu da turizm bazarında azad rəqabət nəticəsində qiymətlərin tənzimlənməsinə səbəb olur. Turizm bazarında qiymətlər isə tələb və təklifə uyğun olaraq formalaşır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu yay mövsümü mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqin nəticələrinə əsasən qeyd edə bilərik ki, keçən ilin analoji dövrü ilə müqayisədə obyektlərdə qiymət artımı müşahidə edilməyib. Əksinə, göstərilən qiymətlərə əlavə olaraq yeni xidmətlər artırılıb”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov da turizm obyektlərində qiymətlərin müxtəlifliyinə əsasən müəyyən narazılıqların olduğunu təsdiqlədi: “Düşünürəm ki, yeni istirahət kompleksləri istifadəyə verildikcə qiymətlər də rəqabət nəticəsində get-gedə aşağı düşəcək. Belə komplekslər və xidmətlər çoxaldıqca insanlar bunu müşahidə edəcək və bir dəfə olduqları obyektə yenə gedəcəklər”.

Həmsöhbətim daha sonra bildirdi ki, qış turizmi ilə əlaqədar - Şahdağ və Qəbələ qış turizm komplekslərinə xarici qonaqlar da gəlirlər. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən xarici iş adamları, diplomatik missiyalar da qış istirahətlərini bu rayonlarda keçirirlər: “Qış turizm obyektlərini inkişaf etdirmək üçün orada müxtəlif əlavə xidmətlər göstərilməlidir. Bu xidmətlər insanlarda əminlik yaradır. Məsələn, ola bilsin ki, hoteldə qiymətlər aşağı olsun, amma əlavə xidmətlər sayəsində həmin gəliri bərpa etmək mümkündür. Bizim qış turizmindəki zəif nöqtələrimizdən biri obyektlərdə əlavə xidmətlərin sayının və çeşidinin az olmasıdır. Türkiyədə bu istiqamətdə yaxşı təcrübə var. Bu təcrübədən yararlanmalıyıq.

Göründüyü kimi, qış turizminin inkişaf etdirilməsi üçün Azərbaycanın təbii potensialı çox genişdir. Təəssüf ki, onun 70-80 faizindən hələ istifadə olunmur.

 

Elgün MƏNSİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”