2015-ci il yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə FİTUR beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgi çərçivəsində Dünya Turizm Təşkilatının (DTT) silsilə tədbirləri nəzərdə tutulub.
AzərTAc təşkilatın saytına istinadla xəbər verir ki, beynəlxalq turizm sərgisinin birinci günü DTT-nin XI “Mükəmməllik və yenilik” mükafatının təqdimat mərasimi keçiriləcək.
Silsilə tədbirlərə DTT-nin airinci alış-veriş turizm konfransı, qoşulmuş üzvlər şurasının 39-cu iclası, DTT-nin birgə təşkilatçılığı ilə Afrika üzrə VI Turizm İnvestisiya və Biznes Forumu, Afrika və Orta Şərq turizm nazirlərinin görüşü, turizm xidmətlərində hamı üçün texnologiya və digər tədbirlər daxildir.
Turizm sektorunda davamlı tələbat və istehsal məsələlərinə dair milli və beynəlxalq təşəbbüsləri əhatə edən “FITUR GREEN 2015” nəşri yanvarın 28-dən 30-dək “dəyirmi masa”lar, təqdimatlar və seminarlar formatında təqdim olunacaq.
Qeyd edək ki, 2015-ci ildə FİTUR öz fəaliyyətinin 35 illiyini qeyd edir.
Azərbaycanı FİTUR beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.