Tanışımdan avtomobil almışam. Lakin avtomobildə nasazlıq olduğundan aramızda mübahisə yaranıb. İstehlakçı kimi hüquqlarımın pozulmasını iddia edib yaşadığım ərazi üzrə məhkəməyə müraciət edə bilərəm?
Kamal Həbibov,
Binə qəsəbəsi
- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsi istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilmə imkanını nəzərdə tutur. Həmin maddəyə əsaslanmaqla yaşayış yeriniz üzrə məhkəməyə müraciət etmək hüququna malik olmanızdan danışmaq üçün sizin həmin alqı-satqı müqaviləsinin bağlanması zamanı istehlakçı kimi çıxış edib-etməməyinizin düzgün müəyyənləşdirilməsi zəruridir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1-ci maddəsinə əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 614.1-ci maddəsinə görə, pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. MM-in 614.3-cü maddəsinə görə, fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alqı-satqı müqaviləsi ilə əlaqədar bu məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ-hüquqi aktlar tətbiq edilir.
Göründüyü kimi, istehlakçı müqavilələri üzrə tərəflərdən biri istehlakçı, digəri isə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. Sualınızdan aydın olur ki, tanışınız öz şəxsi tələbatını ödəmək məqsədilə aldığı avtomobili sizə satmışdır, başqa sözlə, satıcı sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir. Bu anlamda, bağladığınız alqı-satqı müqaviləsinin istehlakçı müqaviləsi, sizin isə istehlakçı kimi qiymətləndirməniz, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə istinadən öz yaşadğınız yer üzrə iddia qaldırmağınız əsaslı sayıla bilməz.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi