30 Noyabr 2014 12:11
777
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

 

Fərdi yaşayış evi atamın mülkiyyətindədir. Atamla bərabər həmin ünvanda mən, həyat yoldaşım, 2 oğlum qeydiyyatdaydıq. Anamın isə qeydiyyatı olmayıb. 2009-cu ildə atam anamdan ayrıldı. Rayon məhkəməsi fərdi həyət evini 1/3 hissəyə  böldü. Apelyasiya məhkəməsi həmin qərarı təsdiq etdi. Uşaqların hüquqlarının bərpa olunması üçün Ali Məhkəməyə müraciət etdik, iş geri qaytarıldı. Apelyasiya Məhkəməsi bu dəfə evin 1/2 hissəyə bölünməsi barədə qərar verdi. Ali Məhkəmə də həmin qərarı qüvvədə saxladı. Hazırda evin bir hissəsinin çıxarışı atamın, digər hissəsininki isə  anamın adınadır. Mən isə ailəmlə havada qalmışam. Hansı ki, o evin tikintisində bütün zəhmətlərə qatlanmışam - atamla bərabər fəhləlik də etmişəm, maddi yardımım da olub (bunu təsdiq edən sənədlər də var). Amma 2012-ci il noyabr ayında Apelyasiya Məhkəməsinin müvafiq qərarından sonra atama sığınmalı olmuşam. Bu nə dərəcədə ədalətli qərardır: bir adam evin yarısını tutur, 4 nəfərlik ailə isə havadan asılı qalır? Bilmək istəyirəm, Apelyasiya Məhkəməsinin qərarı qanunidir?

 

Nəsib BƏDƏLOV,

Bakı şəhəri

 

- Sualınızdan aydın olur ki, fərdi yaşayış evi ilə bağlı mübahisəyə məhkəmələr tərəfindən baxılmış və həmin ev üzərində 1/2 payda atanızın, 1/2 payda isə ananızın mülkiyyət hüququ tanınmışdır. Başqa sözlə, fərdi yaşayış evinin adı çəkilən şəxslərin xüsusi mülkiyyətində olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin aktların qanuniliyinə dair hər hansı cavablandırma istisna edilir. Sizin və ailə üzvlərinizin həmin ev üzərində mülkiyyət hüququnuzun mövcud olmasından danışmaq mümkün deyil. Lakin mülkiyyət hüququnuz olmasa belə, sizin həmin evə dair məhdud əşya hüququnuz - istifadə hüququnuz var. Uşaqlarınız isə yetkinlik yaşına çatmadıqlarından istifadə hüququna malik deyillər, lakin valideynləri kimi sizin yaşayış yeriniz onların da yaşayış yeri hesab edilir. Həyat yoldaşınızın belə bir hüquqa malik olub-olmaması onun həmin evə köçüb yaşadığı tarixdən asılı olaraq müəyyənləşdirilə bilər. Belə ki, 2000-ci ilin sentyabr ayının birinə (yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvəyə minməsi tarixinə) qədər fərdi yaşayış evinə köçübsə, onda həmin dövdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbi baxımından yaşayış evi mülkiyyətçisinin ailə üzvü kimi sözügedən evdən istifadə hüququna malikdir. Əgər 2000-ci ilin sentyabr ayının birindən 2009-cu il oktyabr ayının birinə (yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə minməsi tarixinə) qədər olan dövrdə köçübsə, onda istifadə hüququnun mövcudluğundan danışmaq üçün atanız və həyat yoldaşınız arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın bağlanması tələb olunur; belə bir razılaşma yoxdursa, onda istifadə hüququ yaranmamışdır. Əgər 2009-cu ilin oktyabr ayının biri də daxil olmaqla bundan sonrakı müddətdə fərdi yaşayış evinə köçübsə, onda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələbləri baxımından istifadə hüququna malikdir.

             

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video