Alternative content

11:20 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:11 02.11.2014

 

Mülkiyyətimdə olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişəm, lakin zəruri icazələri almamışam. Məhkəmə qərarı ilə həmin evi sənədləşdirmək istəyirəm. Məhkəməyə müraciət edərək həmin fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini tələb edə bilərəm?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələbinə görə, xüsusi icraat qaydasında məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.6-cı maddə). MPM-in 306, 307.2.6, 308 və 310-cu maddələrinin analizi belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə tərəfindən bu cür faktın müəyyən edilməsi üçün aşağıdakı şərtlərin məcmu halda mövcudluğu tələb edilir: 1) Əmlak daşınmaz əmlak kateqoriyasına aid olmalıdır; 2) Ərizəçidə əmlaka dair hüququnun olmasını təsdiq edən sənəd olmuşdur, lakin həmin sənəd itirilmişdir; 3) Daşınmaz əmlaka dair hüquq barəsində mübahisə yoxdur; 4) müvafiq səlahiyyətli dövlət orqanları hüquq müəyyənedici sənədin təkrarən verilməsindən imtina etmişlər və ya həmin sənədin bərpası mümkün deyildir. Yalnız bu 4 şərtin eyni vaxtda mövcudluğu halında işə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Əgər ərizəçinin daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədi ümumiyyətlə olmamışdırsa və ya onların bərpası, dublikatının alınması mümkündürsə, onda ərizə MPM-in 306.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Başqa sözlə, xüsusi icraat qaydasında müəyyənləşdirilən fakt əmlakın mülkiyyət hüququ ilə şəxsin məxsusluğunu ilkin müəyyənləşdirən, hüquqyaradıcı fakt kimi çıxış edə bilməz. Təsadüfi deyildir ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini əvvəllər mülkiyyətçi olmayan şəxsin əmlaka mülkiyyət hüququnu əldə etməsi əsası kimi nəzərdə tutmur. Bu mənada, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ərizəçinin qanunla qorunan marağının başqa yolla müdafiəsinin mümkün olmadığı hallarda ərizəçinin əvvəllər mövcud olmuş hüququn müəyyənləşdirilməsi, bu hüququn təsdiqi üsulu kimi çıxış edir.

Beləliklə, yuxarıda göstərilənlərə əsasən və xüsusi icraat işləri subyektiv hüququn deyil, "qanunla qorunan marağın" müdafiəsi ilə xarakterizə olunduğundan xüsusi icraat qaydasında göstərilən tələblə çıxış etməyiniz əsaslı hesab oluna bilməz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi