Alternative content

20:23 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Turizm sektoru yay mövsümündən necə çıxdı?
Turizm sektoru yay mövsümündən necə çıxdı?
ANA SƏHİFƏ / Turizm
12:10 25.10.2014

 

Yay mövsümü artıq geridə qaldı. Bu mövsümdə turizm sahəsində bir neçə yenilik diqqət çəksə də, ənənəvi problemlər yenə özünü göstərdi. Ən başlıcası, turizm obyektlərində qiymətlərin bahalı, xidmət səviyyəsinin isə aşağı olmasıdır. Reallıqdır ki, xidmət sahəsində çalışanların çoxu elə hesab edir ki, onun işi sifariş olunanları süfrəyə gətirməkdən və lazımsız əşyaları götürməkdən ibarətdir. Amma müştərini məmnun etmək nə deməkdir, bundan heç xəbərləri də yoxdur. Turizm sənayesinin isə əsas hədəfi insandır, ona görə də turizm obyektlərinə insanları cəlb etmək üçün ilk növbədə münasib qiymət qoyulmalı və bu sahədə çalışanların həm səriştəsi, həm də müəyyən qədər biliyi olmalıdır.

Bununla belə, qeyd etməliyik ki, hər ötən mövsüm Azərbaycan turizm sektorunun inkişafı ilə xarakterizə edilir. Bu da ondan qaynaqlanır ki, turizmin inkişafı dövlətin daim diqqətindədir. Bunun nəticəsidir ki, ölkədə turizm sektorunun maddi-texniki bazası ildən-ilə sürətlə inkişaf edir. Hər il 30-dan artıq mehmanxana və istirahət mərkəzləri yeni-yeni restoran və kafelər istifadəyə verilir, turistlərin daşınması üçün ölkəyə yeni komfort avtobuslar gətirilir.

Belə olan təqdirdə bizi də bir neçə məsələ maraqlandırdı: turizm obyektlərində qiymət və xidmət səviyyəsi dəyişdimi? Ölkəmizə gələn turistlərin konkret sayı ötən illərlə müqayisədə artdımı? Onlar əsasən hansı bölgələrə üz tutdular? Obyekt rəhbərləri qarşısında qoyulan tələblər nədən ibarətdir? Və s.

 

Ciddi təbliğat işi aparılmalıdır

 

Bu mövzu ətrafında müstəqil ekspertlərin rəyini öyrənməklə yanaşı, Mədəniyyət və Turizm Nazirliyindən də sorğumuza cavab aldıq. Azərbaycan Turizm İnstitutu Turizm biznesi kafedrasının müdiri dosent Bahadur Bilalov hesab edir ki, ötən illərlə müqayisədə xidmətlərdə keyfiyyətin artması ilə bərabər, qiymətlərdə enmə tendensiyası da müşahidə edilir: "Bu, bazarın qaydalarına uyğundur. Müştəri cəlb etməyin yolu xidmət haqqının aşağı salınması, əvəzində isə keyfiyyətin yüksəldilməsi, həmçinin xidmətlərin sayının artırılmasından keçir. Müsbət hallarla yanaşı, çatışmazlıqlar da var. Məsələn, Rusiya tərəfinin açıqlamalarına görə, bu il Azərbaycana gələn rusiyalı turistlərin sayında keçən ilə nisbətən təxminən 13 faizə qədər azalma müşahidə edilib. Bu fakt araşdırılmalı və gələcək illərdə təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir. Rusiya ildə dünya turizm bazarına 20 milyondan çox turist çıxarır. Fikrimcə, biz Rusiya bazarında ciddi təbliğat işi aparmalı, ən azından rusiyalı turistlərin 10-15 faizini Azərbaycana cəlb etməliyik. Digər bir məsələ isə turistlərlə birbaşa ünsiyyətdə olan işçilərin - ofisiant, barmen, qeydiyyatçıların və digərlərinin peşəkarlıq səviyyələrinin çox aşağı olmasıdır ki, bu barədə də düşünməliyik".

B.Bilalovun sözlərinə görə, bu kadrları hazırlayan peşə məktəbləri şəbəkəsi genişləndirilməli, təhsili olmayanların bu sahədə işləmələrinə son qoyulmalıdır. Eyni zamanda, xidmət mədəniyyətinin yüksəldilməsi üçün xüsusi  tədbirlər həyata keçirilməlidir.

 

Turizm sektorunda əlavə dəyər vergisinə güzəştlər olunarsa...

 

İqtisadçı-ekspert Vüqar Bayramov isə turizm sahəsində bir sıra ölkələrdə əlavə dəyər vergisinə edilən güzəştlərin Azərbaycanda da tətbiq olunmasına ehtiyac olduğunu dedi: "Əlavə dəyər vergisinə güzəştlərin tətbiq edilməsi birbaşa bu sektorda xərclərin azaldılmasına və qiymətlərin ucuzlaşmasına səbəb olar. Təbii ki, söhbət əlavə dəyər vergisinin tamamilə ləğvindən getmir. Sadəcə olaraq ƏDV  həcmində müəyyən güzəştlər olunmalıdır. Bu təcrübə Gürcüstan və Şərqi Avropa ölkələrində  tətbiq olunub. Məsələn,  Rumıniyada əlavə dəyər vergisi 18% olsa da, bu ölkədə turizm sektorunda çalışan şirkətlər ƏDV-yə 7 faizlə cəlb olunurlar. Bu da imkan verir ki, praktik olaraq turizm sektorunda fəaliyyət göstərən şirkətlər ümumi xərclərində azalmaya nail olsunlar. Bu isə, öz növbəsində, turizm sektorunda qiymətlərin tənzimlənməsinə və bu sahədə rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır".

V.Bayramov əlavə etdi ki, əgər bizdə turizm sahəsinə tətbiq olunan əlavə dəyər vergisinə güzəşt olunarsa, bu, qiymətlərin aşağı düşməsinə, turist axınının ölkəmizə yönəlməsinə geniş imkan verəcək.

Cari ildə diqqət çəkən və turizmin inkişafına müsbət töhfə verən amillərdən biri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən "Ölkəmizi tanıyaq" layihəsini qeyd etmək olar. Layihə çərçivəsində bu ilin avqust-sentyabr aylarında   Azərbaycanda yaşayan və təhsil alan 9, 10 və 11-ci sinfin əlaçı şagirdləri üçün maarifləndirici turlar keçirilib. Ümumilikdə respublikanın 53 şəhər və rayonundan olan 2120 nəfər şagird bu aksiyada iştirak edib. Turlar müəyyən olunmuş qrafik üzrə 3 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz) həyata keçirilib. Ümid edirik ki, sosial turizmin inkişafında bu hadisənin əhəmiyyətli rolu olacaq.

 

Xarici turistlərin sayı 1.9 milyondan 2.5 milyona qədər artıb

 

Bəs Mədəniyyət və Turizm Nazirliyi ümumilikdə ötən mövsümü turizm sektoru üçün necə xarakterizə edir? Bu sualı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev cavablandırdı. Onun sözlərinə görə, son yay mövsümünü turizm sahəsi üçün uğurlu hesab etmək olar. Məzuniyyətlərini Azərbaycanda keçirən həmvətənlərimizin də sayında artma müşahidə olunub. Həmçinin xaricə səfər edən turistlərimizin sayında da artım qeydə alınıb.

Ölkəmizə gələn turistlərin konkret sayına və ötən illərlə müqayisəsinə gəldikdə isə, bildirdi ki, cari ilin yay mövsümü ərzində turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım olub. 2010-2014-cü illərin yay mövsümləri ərzində Azərbaycan bölgələrindəki mehmanxanalarda yerləşdirilmiş yerli turistlərin sayı 254 faiz, xarici turistlərin sayı isə 133 faiz artıb.  Sözügedən illər ərzində Azərbaycana gələn xarici turistlərin sayı isə 1.9 milyondan 2.5 milyona qədər artıb ki, bu da 28 faiz artım deməkdir.

Əcnəbi turistlərin ölkəmizə səfərləri paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edib. Belə ki, yerli və xarici turistlərin üz tutduqları əsas regionlar şimal, şimal-qərb və cənub istiqamətləri olub.

Şimal bölgəsi Quba, Qusar və Xaçmaz rayonlarını, şimal-qərb bölgəsi Şəki şəhərini, Qax, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarını, cənub bölgəsi isə Lənkəran şəhəri, Masallı və Lerik rayonlarını əhatə edir.

 

Yeni turizm bölgələrinin yaradılması nəzərdə tutulurmu?

 

Aydın İsmiyev bildirdi ki, ölkənin digər bölgələrində də turizmi inkişaf etdirmək üçün müvafiq layihələr həyata keçirilir. Misal üçün, dövlət başçısının 20 iyun 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə"nin icrasını təmin etmək məqsədilə ilkin olaraq Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları üzrə ərazilərin turizm və rekreasiya zonası elan olunması üçün müvafiq işlər görülüb. Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının Xəzər dənizinin sahil ərazilərində, Quba və Qusar rayonlarında turizm üçün əlverişli olan sahələrdə turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bununla yanaşı, Naftalan və Goranboy rayonlarında da turizm rekreasiya zonalarının yaradılması üzrə işlər aparılır.

Həqiqətdir ki, bir çox hallarda turizm obyektlərindəki qiymətlərdən ciddi narazılıqlar qeydə alınır. Qiymətlərin insanların sosial vəziyyətinə uyğun olmaması səbəbindən də yerli əhali öz ölkəmizin bəzi istirahət guşələrində dincələ bilmir. Mədəniyyət və Turizm Nazirliyi bəyan edir ki, yay mövsümü mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlərin nəticələrinə əsasən, keçən ilin analoji dövrü ilə müqayisədə qiymət artımı müşahidə edilməyib. Əksinə, göstərilən qiymətlərə yeni xidmət sahələri əlavə olunub.

Nazirlik tərəfindən keçirilən monitorinqlər zamanı obyektlərin xidmət səviyyəsi və minimal tələblərə uyğunluğu yoxlanılır. Monitorinq zamanı mehmanxana və mehmanxana tipli obyektlərin rəhbərlərinə turistlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tövsiyələr verilir. Eyni zamanda, respublikamızda fəaliyyət göstərən mehmanxanalarda xidmət səviyyəsinin artırılması məqsədilə hər il yerli və xarici peşəkar mütəxəssislər tərəfindən xidmət personalı üçün təlim kursları keçirilir.

Turizm sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlər göz önündədir. Amma yüksək nəticə əldə etmək üçün potensial daha çoxdur. Azərbaycan elə bir coğrafi məkanda, elə bir təbiətdə yerləşir ki, hər guşəsi turizm üçün diqqətçəkəndir. Ona görə də iqtisadiyyatımızın inkişafı və insanlarımızın rahatlığı və dolanışığının yüksəlməsi üçün ölkəmizdəki turizm düşərgələrinə turistlərin əlçatanlığını maksimum təmin etmək lazımdır.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"