Alternative content

03:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın qazandığı nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir
Azərbaycanın qazandığı nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir
ANA SƏHİFƏ / Milli Məclis
03:12 24.12.2011
 

Dekabrın 23-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, dekabrın

24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü, 50 illik yubileyidir. Möhtərəm Prezident Azərbaycanın bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqın dərin hörmət və məhəbbətini qazanmışdır. Biz Prezidentə xüsusən ona görə minnətdarıq ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.

Parlamentin spikeri qeyd etdi ki, müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, gizli axınlardan, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini,  xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. 

Dünya siyasətində belə bir məfhum vardır ki, "xarici siyasətin başlıca prinsipi ölkə daxilində yaxşı idarəçilikdir". Azərbaycanın ötən illər ərzində apardığı uğurlu xarici siyasət, geniş bir bölgədə söz sahibi olması, tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi məhz ölkə daxilində möhtərəm Prezidentin həyata keçirdiyi müdrik siyasətin məntiqi davamı olmuşdur.

Biz hamımız əminik ki, Azərbaycan ildən-ilə daha da irəli gedəcək və dünyanın inkişaf etmiş dövlətləri arasında layiq olduğu yerini tutacaqdır. Bu gün xalqımızı düşündürən problemlər, xüsusən torpaqlarımızın erməni işğalından azad edilməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurd-yuvalarına qayıtması məsələsi həll ediləcəkdir.

Möhtərəm Prezidentin həyata keçirdiyi siyasət buna təminat verir. Bu işdə dövlət başçısına kömək göstərmək, ölkəmizin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək yolunda Milli Məclis bundan sonra da öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir. 

Milli Məclisin Sədri çıxışının sonunda 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi deputatlar adından ürəkdən təbrik etdi, ona fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan parlamenti adından Prezident İlham Əliyevə ünvanlanmış təbriki oxudu (Təbrikin mətni qəzetdə dərc olunur).

Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar çıxış edərək Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsini kəskin pislədilər. Deputat Siyavuş Novruzov dedi ki, bu məsələ cəmiyyətdə çox ciddi hiddətlə qarşılanır. Çünki olmayan bir məsələni Avropa dövlətinin öz parlamentində müzakirə etməsi və belə bir qərar qəbul etməsi Avropa dəyərlərinin əleyhinə olan addımdır. Bu məsələnin araşdırılması tarixçilərin işidir. Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu deyən Siyavuş Novruzov qeyd etdi ki, Azərbaycan iqtidarının ünvanına böhtanlar atanlar təəssüflər olsun ki, öz sığınacaq yerlərini Fransada tapıblar. Bu da nə azərbaycanlılara, nə də türklərə məhəbbətdən irəli gəlir.

Deputat Mübariz Qurbanlının sözlərinə görə, Fransa parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı məsələlərin müzakirəyə çıxarılması Türkiyəyə qarşı əsassız təzyiqlərin davamıdır.  Türkiyənin güclənməsi bölgədə bir çox ölkələri, o cümlədən Fransanı da narahat edir. Ona görə də bu məsələdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.  "Azərbaycan ictimai rəyində bu məsələ qınanılır, pislənilir. Fransanın özündə də bu məsələyə demək olar ki, birmənalı müansibət yoxdur. Ümid edirik ki, bu məsələ Senatdan keçməyəcək və bu siyasət iflasa uğrayacaq", - deyən Mübariz Qurbanlı onu da bildirdi ki, belə addımlar Türkiyənin güclənməsinə mane ola bilməyəcək. Hazırda 20-yə yaxın ölkədə qondarma "erməni soyqırımı" tanınıb. Bu, nə Türkiyənin inkişafını dayandıra, nə də onun mövqeyini zəiflədə bilər. Əminəm ki, Fransada, eləcə də başqa ölkələrdə belə qərarların qəbul edilməsi qardaş Türkiyənin mövqeyinə heç bir təsiri olmayacaq. Fransa parlamentində belə bir antidemokratik qərarın qəbul edilməsinin nə fransızlara, nə də ermənilərə xeyri var. Bu, beynəlxalq aləmdə  sülhə, əmin-amanlığa zərbə vuran bir hərəkətdir. Bu, əslində, işğalçı Ermənistana bəraət qazandırmaq, onu ruhlandırmaqdır. Azərbaycan həmişə olduğu kimi, bu məsələdə də Türkiyənin yanında olacaq.

Deputat İqbal Ağazadə qeyd etdi ki, bir müddət əvvəl Fransa parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb. Son qərarla isə Fransa əslində ifadə azadlığına, insan haqlarına qarşı addım atıb. Fransa bununla əslində öz vətəndaşlarının haqlarına qarşı gedib. Bu, antidemokratikliyə doğru addımdır.

Deputat Məlahət İbrahimqızı Fransa parlamentində qəbul edilən qanunun tək Türkiyəyə deyil, Azərbaycana qarşı da yönəldiyini dedi. Qeyd etdi ki, bu məsələ ilə bağlı Azərbaycan qeyri-hökumət təşkilatları Fransa QHT-lərini özündə birləşdirən koalisiyaya müraciət edib: "Artıq həmin qurumdan cavab gəlib, Fransa QHT-ləri də  bu qanuna qarşıdır. Biz Fransa xalqına deyil, bəzi dövlət rəsmilərinin atdığı addıma qarşıyıq. Milli Məclis bu qanunun Fransa Senatında qəbuluna yol verilməməsi üçün Senata məktub göndərməlidir".

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sözlərinə görə, qondarma iddialar əsasında Fransa parlamenti tərəfindən uydurma "erməni soyqırımı"nı tanımayanlara qarşı cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin qəbul olunması demokratiya anlayışı ilə uzlaşmır. Bu sənədin qəbulu Fransanın demokratik dövlət və cəmiyyət kimi imicinin üzərinə çox ciddi kölgə salır. Bundan sonra Fransanın hər hansı məsələ ilə bağlı kiməsə demokratiya dərsi keçmək cəhdlərinin qarşısı alınmalıdır.

Əli Əhmədov bildirdi ki, Fransanın bu qərarı Türkiyəyə qarşı çevrilib və Azərbaycan cəmiyyəti Türkiyəyə yönəlmiş bu qərara kəskin şəkildə etirazını bildirir. Ölkə vətəndaşlarının iradəsini ifadə edən Azərbaycan parlamenti də bu məsələ ilə bağlı mövqeyini ortaya qoymalıdır.

Əli Əhmədov qeyd etdi ki, bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyanı da ədalətli və qərəzsiz şəkildə həyata keçirəcəyinə şübhələr daha da artacaq. ATƏT-in Minsk qrupunun 20 ilə yaxındır ki, fəaliyyət göstərməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ciddi nəticəyə gətirən addımlar atılmayıb. Bunun səbəblərindən biri də odur ki, Fransa münaqişənin həllinə dair ədalətli yanaşma ortaya qoya bilməyib. Tarixdə baş verməyən bir hadisə haqda qanun qəbul edən Fransa parlamenti indiki nəsillərin gözü qarşısında baş verən faciələrə münasibət bildirməkdə belə "operativlik" göstərə bilmir. Xocalı soyqırımına münasibətini bildirməyən Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün səylər göstərəcəyinə inanmaq çox çətindir. İndiki təşəbbüslər, sadəcə, imitasiya yaratmaq cəhdlərindən başqa bir şey deyil.

Milli Məclisin Sədr müavini Bahar Muradova Türkiyə dövlətinə və vətəndaşlarına səsləndi: "Azərbaycan dövləti, parlamenti və cəmiyyəti sizin yanınızdadır. Üzümü Avropa ölkələrinə tutub deyirəm ki, bu qərar yalnız türklərə, azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, demokratiyaya, söz azadlığına qarşı qəbul edilən bir addımdır".

Bahar Muradova bunu Fransanın uzağa hesablanmış addımı sayaraq bildirib ki, həmin sənədin qəbulu Türkiyənin Avropa İttfaqına gedən yolunun qarşısını almaq deməkdir. Xalqların yaxınlaşması məsələsi Avropa İttifaqının dəyərlərindəndir. Amma Fransa bu qərarı ilə həmin ənənələrə qarşı çıxdığını ortaya qoymuş olur. Ona görə Fransa parlamentinin bu qərarı bu günə qədər Avropanın əldə etdiyi nailiyyətləri, dəyərləri təhlükə altında qoyur. Bu, demokratiyanın beşiyi olan Avropada söz, ifadə azadlığına, fikir plüralizminə qarşı yönəldilmiş addımdır. Bundan sonra Fransanın və yaxud da onun bu addımını dəstəkləyən dairələrin nə haqqı ola bilər ki, hansısa ölkədə kiməsə qarşı ifadə azadlığının məhdudlaşdırıldığını söyləsinlər. Bu, təkcə türklərə qarşı deyil, eyni zamanda, Fransa vətəndaşlarına, tarixi araşdıran alimlərə, ziyalılara qarşı yönəlmiş addımdır. "Hər zaman olduğu kimi, bu dəfə də biz öz kəskin mövqeyimizi, etirazımızı bildirməliyik. Bütün imkanlardan istifadə etməliyik ki, qarşıdakı mərhələdə bu qərarın qəbul edilməsinin qarşısını alaq", - deyə Bahar Muradova diqqətə çatdırdı.

Deputat Tahir Rzayev Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarını qətiyyətlə pislədi.

Deputat Vahid Əhmədov Fransa parlamentinin belə bir qanun qəbul etməsini bütün türk dünyasına hörmətsizlik kimi dəyərləndirdi.

Fransa parlamentinin qərarını pisləyən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov dedi ki, 5 respublika qurmuş Fransa demokratiyasına bu cür hərəkətlər yaraşmır. Eyni zamanda bildirdi ki, bu cür qərarın  qəbul olunmasını bütün Fransa xalqına aid etmək olmaz. Bu, bir qrup vəzifə hərisinin haikmiyyətdə qalmaq naminə ortaya atdığı bir məsələdir. Ziyafət Əsgərovun sözlərinə görə, Fransa ikinci mərhələdə Türkiyədən "erməni soyqırımı"nı tanımasını tələb edəcək: "Yəni, bu siyasətdə artıq bazarlıq ediləcək. Əsas məqsəd Türkiyənin Avropa İttifaqına qəbulunun qarşısını almaqdır. Çünki Türkiyə "erməni soyqırımı"nı tanımayacaq və o zaman da deyəcəklər ki, buna görə Türkiyəni Avropa İttifaqına qəbul etmək olmaz". 

Ziyafət Əsgərov əlavə etdi ki, bu məsələ tarixçilərin işidir. Əgər sabah hansısa Azərbaycan tarixçisi Fransaya bir tədbirə dəvət olunsa və o, Parisdə qondarma "erməni soyqırımı"nın olmadığını bildirsə, cinayət məsuliyyətinə cəlb olunacaq. Onda biz də adekvat bir addım atmalıyıq. Əgər Azərbaycana gəlmiş hər hansı bir fransız Xocalı soyqırımını qəbul etmirsə, o zaman ona qarşı biz cinayət işi qaldırmalıyıq. Burada deyilən fikirlərin hamısına qoşuluram və bu qərarın heç bir hüquqi, mənəvi, əxlaqi əsası yoxdur və bu məsələdə hər zaman Türkiyənin yanında olacağıq.

Müzakirələrə yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi sənəd erməni diasporunun dəstəyi ilə bu ölkədə hakimiyyətdə qalmaq istəyən qüvvələrin çox cılız bir siyasətidir. Bu qərar təkcə Türkiyəyə yox, Fransanın və Ermənistanın özünə də  qarşı yönəlib. Oqtay Əsədov qeyd etdi ki, Türkiyənin Avropa İttifaqına ehtiyacı yoxdur. Çünki Türkiyə inkişaf edən, güclü iqtisadiyyata malik olan ölkədir. Ona görə də bu dövlətə belə üsullarla təsir etmək mümkün deyil. Spikerin sözlərinə görə, Azərbaycan xalqı həmişə qardaş Türkiyənin yanında olub və yenə də olacaqdır.

Milli Məclisin Sədri onu da bildirdi ki, baş verən hadisələr erməni diasporunun fəaliyyəti ilə bağlıdır: "Bu fəaliyyət erməni xalqının faciəsidir. Ermənilər yazıq xalqdır. Çünki özü-özünü idarə etmir, onu diaspor və kənardan olan dövlətlər idarə edir. Bu isə o deməkdir ki, erməni xalqının ixtiyarı öz əlində deyil. Erməni xalqı öz gələcəyini fikirləşməlidir, onların dövlətinin iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Bunu fikirləşmək əvəzinə özlərini daha da pis vəziyyətə salırlar. Mən inanmaq istəyirəm ki, Fransa Senatı 2006-cı ildə olduğu kimi, aşağı palatanın qəbul etdiyi qanuna öz etirazını bildirəcək. Amma inanmıram ki, Senat bu sənədi təsdiqləsə, N.Sarkozi ona qol çəkməyəcək. Buna görə də biz çalışmalıyıq ki, Fransa Senatında bu sənəd öz təsdiqini tapmasın. Azərbaycan dövləti bu məsələ ilə bağlı qəti mövqeyini bildirib. Biz bu məsələdə təmkinli olmalıyıq. Azərbaycan tərəfi olaraq Senatda bu qanun layihəsinin təsdiq olunmaması üçün qarşı tərəflə işləməliyik". 

Sonra gündəlikdə olan məsələlərin müzakirəsi başladı. İlk olaraq "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, müzakirəyə təqdim edlən qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə son illər parlamentə qanunyaradıcılığı təşəbbüsü ilə göndərdiyi, xalqın sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilən çoxsaylı hüquqi sənədlərdən biridir.

Komitə sədrinin sözlərinə görə, dağınıq skleroz xəstəliyi haqqında çoxsaylı mübahisəli elmi mülahizələrin mövcudluğuna baxmayaraq, onun başvermə səbəbləri və tamamilə müalicəsi hələlik təbabətə məlum deyildir. Xəstəliyə əsasən cavan, əməkqabiliyyətli insanlar tutulurlar. Xəstəlik haqqında əhali arasında və əksər həkimlərdə belə dəqiq məlumat olmadığından bu bəlaya düçar olmuş şəxslər tərəfindən əksər hallarda gecikmiş simptomlarla həkimə müraciət olunur və diaqnoz düzgün təyin edilməyəndə ciddi ağırlaşmalar baş verir.   Dağınıq skleroz - insanda beyin toxumasına qarşı əmələ gələn antitellər mərkəzi və periferik sinir sistemini zədələyir və sinir keçiriciliyi itir. Pasientlərdə hərəki funksiyalar pozulur, müvazinət və yeriş problemləri əmələ gəlir, nitq çətinləşir. Nəticədə xəstəlik qısa müddət ərzində insanın əmək qabiliyyətini itirməsinə və əlilliyə səbəb olur. Xəstəliyə müdaxilə olmadıqda insan qısa bir müddətdə əmək qabiliyyətini itirir, yatağa düşür, başqasının yardımına ehtiyacı olur. Xəstəliyin tam müalicəsi olmasa da, bəzi medikamoz tədbirlə bu insanların ömrünü uzatmaq olur. Lakin bu da olduqca bahalı (bir ildə təxmini 18 min avro) bir müalicədir.

 Qanun layihəsinin məqsədi dağınıq skleroz xəstəliyi diaqnozu qoyulmuş şəxslərin həyat  fəaliyyətini davam etdirməsi, müalicəsinin təşkili və bu müalicənin səmərəli aparılması üçün lazım olan tibbi yardımın və dərman vasitələri ilə təchizatın tam şəkildə həyata keçirilməsini, onların reyestrinin aparılmasını, sosial müdafiəsini təmin etməkdir. Layihədə bu xəstəliyə tutulmuş şəxslərin dəqiq diaqnozu qoyulduqda onların digər sosial xəstəliklər kimi hərtərəfli dövlət qayğısı ilə əhatə olunacağı nəzərdə tutulur. 3 fəsil 12 maddədən ibarət qanun layihəsi kifayət qədər tibbi və sosial yardım tədbirlərini nəzərdə tutur.

Deputatlardan  Fazil Mustafa, Elmira Axundova, Qənirə Paşayeva, Musa Quliyev layihə ilə bağlı fikirlərini bildirdilər. Yekunda qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Daha sonra Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki,  bu qanun layihəsi ölkəmizdə aparılan inzibati-hüquqi islahatların tərkib hissəsi kimi hazırlanmışdır. Məcəllənin qəbulunda məqsəd şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdir.

Müzakirələr zamanı deputatlardan Elton Məmmədov, Çingiz Əsədullayev, Fazil Mustafa layihə ilə bağlı fikirlərini bildirdilər.

Qısa fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Deputatlar   Şəhərsalma və Tikinti Məcəlləsinin  qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər.

Deputat Vahid Əhmədov qanun layihəsində çox ciddi çatışmazlıqların mövcud olduğunu bildirdi. O dedi ki, burada tikintinin qiymətləndirilməsi və yol tikintisi məsələsi öz əksini tapmamışdır. Yol tikinti sahəsinin tərkib hissəsi olsa da, burada bu məsələ nəzərə alınmamışdır. Çünki yol tikintisi bu gün ölkəmizdə  ən aktual problemlərdən biridir.

Deputat Tahir Rzayev isə qeyd etdi ki, qanun layihəsində qanunsuz tikililərin qarşısının alınması üçün bələdiyyələrə heç bir səlahiyyət verilmir və bələdiyyələr ancaq müşahidəçi qismində göstərilir.

Deputat Zahid Oruc isə binaların keyfiyyətsiz tikilməsindən və yeni tikililərin istismar müddətinin az olmasından narahatlığını ifadə etdi.

Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov layihənin ikinci və üçüncü oxunuşda ictimai müzakirəyə çıxarılacağını vurğuladı.

Daha sonra deputatlardan Elmira Axundova, Eldar Quliyev, Jalə Əliyeva, Ağalar Vəliyev və Gülər Əhmədova belə bir  qanunun qəbulunu vacib saydılar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Daha sonra  iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu.  Layihə barədə Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ətraflı məlumat verdi. Bildirdi ki, layihənin preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir. O dedi ki,  qanun layihəsində xüsusən də hərbi qeydiyyata düşən şəxslərin səhhətində problem olan zaman onların dövlət tibb müəssisələrində dövlət hesabına müalicə olunması məsələsi, çağırışçılar barəsində məlumat bankı yaradılması və sair təkliflər nəzərə alınmışdır.

Ziyafət Əsgərov xaricdə təhsil alan tələbələrə möhlət hüququnun verilməsi məsələsinə də toxunaraq qeyd etdi ki, bu barədə Təhsil Nazirliyi ilə aparılan danışıqlardan sonra  yekun qərar vermək olar.

Deputatlardan Əli Məsimli, Sahib Aliyev, Sabir Rüstəmxanlı, Zahid Oruc, Hikmət Atayev və başqaları belə bir  qanunun qəbulunu vacib saydılar.

Qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.

 

"AZƏRBAYCAN"