Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsi müzakirəyə çıxarıldı
«Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsi müzakirəyə çıxarıldı
ANA SƏHİFƏ / Milli Məclis
02:12 14.12.2011

 

Dekabrın 13-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq "Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə təqdim olundu.  Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın məlumatından sonra layihə təsdiqləndi.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə" qanun layihələri barədə məlumat verdi. Parlament hər iki məsələyə müsbət münasibət bildirdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  "Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsi barədə məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi təsdiqləndi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini də müzakirəyə təqdim etdi. Layihəyə əsasən İnzibati Xətalar Məcəlləsinin 163.0.13-cü maddəsi ləğv olunur və  163-1-ci maddə əlavə edilir. Bu maddədə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə cərimələr öz əksini tapıb. Qanun layihəsi təsdiq olundu.

İclasda "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", "Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında"  və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" qanun layihələri də təsdiq olundu.

Daha sonra  iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Layihə barədə Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ətraflı məlumat verdi. Bildirdi ki, qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə təqdim edilib. Layihənin preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.

Ziyafət Əsgərov qeyd etdi ki, bu gün ordu quruculuğu və Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin müdafiə qabiliyyətinin artırılması dövlətin daim diqqət mərkəzindədir. Hazırda dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ordumuzun maddi-texniki və silah-sursat təchizatı gücləndirilir, müdafiə sənayesi kompleksi Silahlı Qüvvələrimiz üçün zəruri olan silah növləri istehsal edir. Bu gün Silahlı Qüvvələrimiz yüksək döyüş qabiliyətinə, mənəvi-psixoloji durumuna və intizamına görə hər hansı hərbi təcavüzün qarşısını almaq iqtidarındadır. Əlverişli, eyni zamanda mürəkkəb və təhlükəli geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Bu yaxınlarda ABŞ-da çıxan nüfuzlu hərbi nəşrdə ekspertlərin Azərbaycan Ordusunun bütün parametrlərinə və göstəricilərinə görə Ermənistan ordusundan üstün olduğu qənaətinə gəldikləri bildirilmişdir.

Ziyafət Əsgərov bildirdi ki, ordu quruculuğunun mühüm şərtlərindən biri də bu sahədə hüquqi  bazanın daha da gücləndirilməsi və normativ sənədlərin qəbul edilməsidir. Ölkəmizdə indiyədək bu sahədə xeyli qanunlar qəbul olunsa da, bir sıra qanunların bəzi müddəaları artıq müasir tələblərə cavab vermir. 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qəbul edilməsinin hansı zərurətdən irəli gəlməsindən danışan Milli Məclis Sədrinin birinci müavini dedi ki, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" və "Hərbi xidmət haqqında" qanunlar 1992-ci ildə qəbul olunmuşdur. Sonrakı illərdə bu qanunlara bir sıra əlavə və dəyişikliklər edilsə də, onların bəzi müddəaları artıq köhnəlmişdir. Digər tərəfdən Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunduğundan yeni qanun Konstitusiya ilə uyğunlaşdırılmalıdır. Azərbaycan Silahlı Qüvvələri inkişafının yüksək mərhələsinə qədəm qoymuşdur. Odur ki, bu da hökmən nəzərə alınmalıdır.

Qanun layihəsi 9 fəsil və 54 maddədən ibarətdir.  Ziyafət Əsgərov fəsillər üzrə də məlumat verdi.

Müzakirələr zamanı deputat Zahid Oruc hərbi qeydiyyat məsələsinin layihədə daha geniş əks olunmasını təklif etdi. Deputat Siyavuş Novruzovun sözlərinə görə, bu qanunun qəbulundan sonra hərbi qanunvericilikdəki bütün boşluqlar aradan qalxacaq. Deputat Aydın Mirzəzadə dedi ki, layihə çox mükəmməl hazırlanıb və hərbi sahə ilə bağlı bütün məsələlər əhatəli şəkildə əksini tapıb. Qanun layihəsinin təkmil formada hazırlandığını deyən deputat Mübariz Qurbanlı layihədə bir sıra yeniliklərin olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, hərbi çağırışa qədər hazırlıq məsələlərinə xüsusi yanaşmaq lazımdır və layihədə bununla bağlı müddəaları genişləndirmək olar. Deputat Tahir Rzayev isə orta məktəblərdə hərbi hazırlığın keyfiyyətinin artırılmasının vacibliyindən danışdı, o cümlədən hərbi qeydiyyat məsələsinə diqqətlə yanaşmağın vacibliyini vurğuladı. Deputat Aqiyə Naxçıvanlının sözlərinə görə, vətənə xidmətdə güzəşt olmamalıdır və elm dalınca hərbi xidmətdən sonra da getmək olar.

Deputatlardan Qüdrət Həsənquliyev, Əhməd Vəliyev, Jalə Əliyeva, Qənirə Paşayeva, Elmira Axundova və Çingiz Qənizadə də layihə barədə fikirlərini bildirdilər. Çıxışlarda hərbi çağırış, hərbi təhsil, ilkin hərbi hazırlıq, hərbi möhlət kimi məsələlərlə bağlı fikirlər səsləndirildi.

Qısa fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər.

Deputat Abel Məhərrəmov magistratura və doktoranturada təhsil alan şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməsini zəruri saymışdır. Deputatın fikrincə, magistratura və doktorantura pilləsində təhsildə fasiləsizliyi təmin etmək üçün gənclərə möhlət hüququ verilməlidir. Onlar təhsili bitirəndən sonra hərbi xidmətə çağırılmalıdırlar.

Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov orduda psixoloji xidmətin gücləndirilməsinə tərəfdar olduğunu qeyd etdi.

Daha sonra deputatlardan Musa Qasımlı, Fazil Mustafa, Leyla Abdullayeva və Azər Badamov belə bir  qanunun qəbulunu vacib saydılar.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasda   Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Bildirdi ki, aqrar sahənin inkişafı üçün vacib olan bu layihənin üzərində birinci oxunuşdan sonra bəzi dəyişikliklər aparılmışdır. Qanun mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətlərini tənzimləyəcək. Sənəd həmçinin mədəni bitkilərin indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunmasını, səmərəli istifadəsində dövlət siyasətinin hüquqi əsaslarını müəyyənləşdirəcək. Qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra səslənən təkliflər nəzərə alınaraq bir sıra  dəyişikliklər edilmişdir.

Müzakirələrdən sonra deputatlar "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanunun qəbulunu zəruri saymışlar. Bildirilmişdir ki, aqrar sənayedə ən mühüm məsələlərdən biri bitkilərin genetik ehtiyatlarının qorunmasıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci və üçüncü oxunuşda qəbul edildi.

 

"Azərbaycan"