İstehsalat qəzası nəticəsində iki əl barmağımı itirmişəm. Mənə əlillik dərəcəsi düşürmü? Əgər düşürsə, bunun üçün hara müraciət etməliyəm ?
Nəriman Həziyev,
Xırdalan şəhəri
- İşçi peşə fəaliyyəti ilə əlaqədar istehsalatda baş verən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi qaydada sığortalanmalıdır. Bu tələb Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsindən və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunvericilikdən irəli gəlir.
İstehsalat qəzası nəticəsində iki barmağın itirilməsinə görə əlillik dərəcəsinin müəyyən edilməsinə gəldikdə isə bunun əsasları "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamə ilə tənzimlənir. Bir əldə iki barmağın olmaması həmin əsasnaməyə müvafiq olaraq, üçüncü dərəcəli əlillik kimi qiymətləndirilir. Əlillik dərəcəsinin müəyyən edilməsi və verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Siz qeydiyyatda olduğunuz ərazidəki TSEK-ə müraciət edərək əlillik dərəcəsini ala bilərsiniz. Üçüncü dərəcəli əlillk bir il müddətinə təyin edilir.
Cavablandırdı:
Aqil Layıcov,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi