Alternative content

03:25 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatmışdır
Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatmışdır
ANA SƏHİFƏ / Milli Məclis
01:11 25.11.2011

 

Milli Məclisin noyabrın 24-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanunların layihələrinin müzakirəsi davam etdirilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, büdcə layihəsi iki gün ərzində Milli Məclisin iclasında müzakirə olunmuş, 60-dan çox deputat layihə ilə bağlı çıxış etmiş, bir sıra təkliflər irəli sürülmüşdür. Hökumət üzvləri bu təkliflərə münasibət bildirəcəklər.

Sonra vergilər naziri Fazil Məmmədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.

F.Məmmədov qeyd etmişdir ki, qlobal iqtisadi böhrana qarşı Azərbaycanda dövlət başçısının uğurlu fəaliyyəti nəticəsində nümunə göstərilən dayanıqlıq təmin edilmişdir. Hazırda dünyanın əksər ölkələrinə təsir göstərən qlobal böhran Azərbaycandan demək olar ki, yan keçmişdir. Dünya iqtisadiyyatında müşahidə olunan tənəzzülə baxmayaraq, 2011-ci ilin 10 ayı ərzində Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 8,6 faiz artmış və 10 ay ərzində bu sahədən büdcəyə proqnozda nəzərdə tutulandan 21,8 faiz çox vergi daxil olmuşdur. Ümumilikdə 10 ay ərzində ölkə üzrə 114,1 milyard manat vergi yığılmışdır ki, bu da ötənilkindən 26,5 faiz çoxdur. Bu gün Azərbaycanda işsizlik məşğul əhalinin 0,8 faizini təşkil edir. Cari ilin ötən 10 ayı ərzində 71 minə yaxın iş yeri açılmış, əhalinin pul gəlirləri 19 faiz artmışdır. Əhalinin banklara qoyduğu əmanətlərin məbləği isə 29,5 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafı nəticəsində yerlərdən büdcəyə daxilolmaların çəkisində də artım vardır. Bu artım ilin sonunda 14,4 faizə çatacaqdır.

Nazir bildirmişdir ki, qeydiyyata alınmış xarici sahibkarlıq subyektlərinin sayında 1,5 faiz artım olmuşdur. Sosial vergi Azərbaycanda sosial ayırmalarla bir yerdə 21,5 faiz, sosial ayırmalarsız 17,5 faiz təşkil edir. Avropa İttifaqında bu, 39,5 faizdir. Hesab edirik ki, 2 min manata yaxın gəlirin 14 faizinin vergiyə cəlb olunması vacibdir.

Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları  məsələlərə aydınlıq gətirmişdir. O bildirmişdir ki, Azərbaycan hökuməti əhalinin sovet dövründə banklarda qalmış əmanətlərinin qaytarılması prosesini sürətləndirməyi planlaşdırır. Mövcud məsələ haqqında dövlət başçısının tapşırığı var və yaxın müddətdə  "Əmanətlərin indeksləşdirilməsi haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı layihə müzakirəyə çıxarılacaqdır.

Nazir demişdir ki, vəziyyəti təhlil etmə

k və təklifləri parlamentə təqdim etmək üçün vaxta ehtiyac var idi. Belə ki, bu qanun layihəsi olmadan sovet dövründən qalan əmanətləri qaytarmaq mümkün deyildir. Əgər 2012-ci ildə qanun layihəsi qəbul edilərsə, gələn il üzrə dövlət büdcəsindən vəsaitlərin ayrılması üçün imkanlar vardır. Ona görə də qanun layihəsinin hazırlanma prosesini sürətləndirmək üçün bu, yaxşı əsasdır.

Qanun layihəsinin əvvəlki variantına əsasən, əmanətlərin indeksləşdirilməsinin 8-10 il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu və alətlərdən biri kimi qiymətli kağızlar göstərilirdi. Qonşu ölkələrin təcrübəsi əmanətlərin bu cür indeksləşdirilməsinin səmərəsiz olduğunu göstərdi, belə ki, bu, pulların qiymətdən düşməsinə gətirib çıxarır.

Daha sonra büdcə zərfinə daxil olan digər məsələ - "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə də baxıldı.

Bildirildi ki, 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün 102 manatdan 116 manata,  pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 manatdan 87 manata qaldırılacaqdır.

Eləcə də gələn il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manatdan 84 manata qaldırılacaqdır.

Sonra iclasda "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanunlar paketinə daxil olan "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur.    

Layihə barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda qarşıya qoyulan əsas məqsədlərdən birinin vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması olduğunu qeyd etmişdir. Komitə sədri bildirmişdir  ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial təminatının gücləndirilməsi, rifah halının yüksəldilməsi istiqamətində görülən işlər gələn il də uğurla davam etdiriləcəkdir.

Sonra çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov fondun 2012-ci il büdcə proqnozları barədə məlumat vermişdir. O demişdir ki, layihənin tərtibi zamanı ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsi nəzərə alınmışdır. Demoqrafik proqnozlarda, 2009-2015-ci illərdə Azərbaycanda Sığorta Pensiya Sisteminin İnkişafı ilə bağlı Dövlət Proqramında gələn il üçün nəzərdə tutulan islahat tədbirlərinin qiymətləndirilməsinə xüsusi yer verilmişdir.

Son 3 ili və cari ilin ötən dövrünü əhatə edən ölkənin əsas iqtisadi-sosial göstəriciləri, əhalinin gəlir və xərcləri, ümumi daxili məhsul istehsalı, adambaşına düşən orta aylıq əmək haqqı, məşğulluq və demoqrafiya, istehlak qiymətlərinin indeksləri, işsizlik müavinətləri ilə bağlı proqnozlar və məlumatlar fondun büdcəsinin əsas istiqamətlərini müəyyənləşdirən amillərdir. Fondun gələn il üçün büdcə xərcləri 2 milyard 454,3 milyon manat nəzərdə tutulub ki, bu da cari ilin dürüstləşmiş proqnozuna nisbətən 288,8 milyon manat və ya 13,3 faiz çoxdur. Bu məbləğin 97,5 faizini əhaliyə ödənişlər təşkil edəcəkdir. Gələn il əmək pensiyalarının ödənilməsinə 2 milyard 322,5 milyon manat yönəldiləcək, bu isə cari ilə nisbətən 13,4 faiz çoxdur.

Qeyd olundu ki, 2012-ci ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etdiriləcəkdir. Əhalinin gəlirləri 6,8 faiz artacaqdır. İlin sonuna orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq 432,5 manat təşkil edəcəkdir. Əmək qabiliyyətli əhalinin orta illik sayı 5 milyon 913 min, iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 366 min, iqtisadiyyatda məşğul olanların orta illik sayı 4 milyon 161 min nəfərə çatacaqdır. İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempi 3 dəfə aşağı düşəcəkdir. Gələn ilin sonuna əhalinin sayının 9 milyon 342 min nəfərə çatacağı proqnozlaşdırılır.

Müzakirələr zamanı deputatlar ölkədə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışmış, qeyd və təkliflərini vermişlər.

Sonra Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev "Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında" məlumat vermişdir. Bildirilmişdir ki, Milli Məclisin və onun Aparatının saxlanması üçün 2012-ci il üçün xərclər smetası 17 milyon 915 min 565 manat nəzərdə tutulmuşdur. Xərclər smetasının ümumi məbləğinin 69,4 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Bu vəsait işçilərin və deputatların əmək haqqının ödənməsinə sərf olunacaqdır. Rabitə haqlarının ödənilməsi üçün isə 210 min manat vəsait nəzərdə tutulmuşdur.

İclasda "Azərbaycan Respublikasının Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında" məsələyə də baxılmışdır.  Palatanın sədri Heydər Əsədov diqqətə çatdırdı ki, Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası 4 milyon manata yaxın müəyyən edilmişdir. Bu vəsait palatanın öz fəaliyyətini lazımi səviyyədə həyata keçirməsi üçün kifayət edir.

Sonda Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, Milli Məclisin iki gün davam edən iclaslarında 2012-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri geniş müzakirə olunmuşdur. Hökumət iclaslarda səslənən rəy və təklifləri nəzərdən keçirdikdən sonra büdcə zərfi yenidən parlamentə qaytarılacaq və  səsvermə olacaqdır.

Bununla da Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatmışdır. 

 

AzərTAc

Foto F.BAĞIROVUNDUR


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM