Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçmiş, qısa bir zamanda dünyada böyük nüfuz qazanmışdır. Təbii ki, bu da praqmatik dövlət başçısının uzaqgörən, dərindən düşünülmüş siyasətinin bəhrəsidir. İraq hökuməti belə bir qüdrətli dövlətlə əlaqələrin inkişafında çox maraqlıdır.
Bu fikirləri Azərbaycanda səfərdə olan İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki noyabrın
24-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdə söyləmişdir.
Azərbaycan ilə İraq arasındakı əlaqələrin qədim tarixindən danışan Z.Əsgərov demişdir ki, hələ sovetlər dövründə İraqın Azərbaycanda konsulluğu fəaliyyət göstərmişdir. Müstəqilliyimizin bərpasından sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır.
Rəsmi Bakı İraqla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Biz Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində İraqın verdiyi dəstəyi yüksək qiymətləndiririk və buna görə də minnətdarlığımızı bildiririk.
Sonra Z.Əsgərov Azərbaycanın sosial-iqtisadi tərəqqisi, ölkəmizdə demokratik təsisatların inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Adil Muheydər Razi Əl-Maliki demişdir ki, Azərbaycanın dinamik inkişafı göz qabağındadır. Biz bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik və bu mövqeyimiz dəyişməyəcəkdir. İraq hökuməti Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafı üçün əlindən gələni etməyə hazırdır. Bizim Azərbaycana bu səfərimiz də əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı məsləhətləşmələr aparmaqdır.
Yaxın vaxtlarda İraqın xarici işlər naziri və bir qrup deputatı Azərbaycana gələcəkdir. Ümid edirik ki, bu səfərlər və aparılan danışıqlar əlaqələrimizin inkişafında yeni mərhələ açacaqdır.